Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayaraq qalib olub.
Aprelin 12-də isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları prezident seçkilərində apardıqları müşahidələrə dair ilkin rəyini açıqlayıb. Bildirilib ki, seçkilər məhdud siyasi mühitdə keçirilib və müəyyən pozuntular qeydə alınıb.
Milli Məclisin deputatları bu dəfə Modern.az saytına ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyalarının prezident seçkilərində apardıqları müşahidələrə dair ilkin rəyi barədə danışıblar.
Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin sədrinin müavini Tahir Mirkişili bildirib ki, Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkilərini müşahidə edən hər bir təşkilat və ya fərdlər artıq öz mövqelərini bəyan edirlər.
“11 aprel prezident seçkiləri şəffaf və demokratik əsaslarla keçirildi. Seçkilərin əsas məqsədi xalqın öz iradəsini əks etdirməsidir. Seçkiləri müşahidə edən hər bir təşkilat bu barədə artıq öz mövqeyini bildirir. Bəyan edilmiş mövqelərə görə seçkilər kifayət qədər şəffaf və demokratik əsaslarla keçirilib. Seçkilərdə aktiv iştirak edən Azərbaycan vətəndaşları öz iradələrini ifadə ediblər”.
Deputat qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu müşahidə etdiyi bütün ölkələrdəki seçkilərlə bağlı oxşar bəyanatlar verir.
“Ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı verdiyi ilkin bəyənatda da seçkilərin nəticələrinə və vətəndaşların öz iradəsini bildirməyə təsir edə bilməyəcək ayrı-ayrı faktların mövcudluğundan bəhs edirlər. Halbuki, qeyd eilən faktlar reallıqlardan uzaq, həqitətə uyğun olmayan və qeyri-peşəkar yanaşmaların nəticəsi kimi görünür. Seçkidə iştirak edən müxtəlif siyasi təşkilatları təmsil edən namizədlərin hər birinin kifayət qədər təbliğat imkanı olduğu halda, seçicilərin bu dərəcədə aktivliyi, çoxsaylı müşahidəçilərin və kameraların mövcudluğu ilə keçirilən bir prosesə qeyri-peşəkar qiymət vermək nə Azərbaycan-ATƏT münasibətlərinə uyğundur, nə beynəlxalq praktikaya, nə də reallıqları əks etdirir. Seçki xalqın iradəsinin ifadəsidir. Azərbaycan xalqının iradəsinə hər kəs hörmət etməlidir”.