Mayın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitə sədri Tahir Mirkişili iclası açaraq gündəliyə 3 məsələ daxil edildiyini deputatların diqqətinə çatdırıb.
Komitə sədri gündəliyin birinci məsələsi barədə məlumat verərək bildirib ki, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) və onunla bağlı hesabat komitənin müzakirəsinə çıxarılıb. Qanun layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə deputatlara təqdim edilib. Diqqətə çatdırılıb ki, Dövlət büdcəsinin gəlirləri gözləniləndən 2,3% çox, xərcləri isə 3,9% az icra olunub. Komitə sədri bu göstəriciləri şərtləndirən amillərdən danışaraq 2020-ci ilin Azərbaycan xalqının tarixində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı zəfəri ilə yadda qaldığını deyib. Bildirib ki, ötən il Azərbaycanın paralel olaraq 3 cəbhədə – pandemiya, qlobal iqtisadi böhran və erməni işğalçıları ilə mübarizədə qələbə əldə etməsində dövlət büdcəsinin icrasında çevikliyin, maliyyə intizamının, iqtisadi resurslardan səmərəli istifadənin təmin olunması öz xüsusi rolunu oynayıb.
Tahir Mirkişili 2020-ci ilin çağırışları fonunda dövlətimiz tərəfindən preventiv və çevik addımların atılmasından, həyata keçirilən iqtisadi dəstək proqramlarından, iqtisadiyyatın və əhalinin qorunması üçün sərf olunan vəsaitlərdən, əldə olunan nailiyyətlərdən danışıb. O, qeyd edib ki, aparılmış qabaqlayıcı tədbirlər sayəsində iqtisadiyyatda geriləmənin qarşısını tam almaq mümkün olmasa da, bəzi sektorlarda artım əldə olunub. Belə ki, kənd təsərrüfatında, qeyri-neft sənayesində, informasiya texnologiyaları, nəqliyyat kimi sektorlarda nail olunmuş yüksəliş Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.
Sonra maliyyə naziri Samir Şərifov 2020-ci ilin dövlət büdcəsinin icrasından ətraflı danışaraq əvvəlcə büdcənin icra edildiyi makroiqtisadi mühiti xarakterizə edib. Bildirib ki, ötən il də pandemiya şəraiti dünya ölkələrinin iqtisadiyyatına mənfi təsirini davam etdirib, nəticədə iqtisadi fəallıqda həm keyfiyyət, həm də kəmiyyət nöqteyi-nəzərindən azalmalar müşahidə olunub.
Pandemiyaya, 44 günlük müharibəyə, qlobal böhrana və neftin qiymətlərinin, neftə tələbatın kəskin aşağı düşməsinə baxmayaraq, Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də apardığı uzaqgörən siyasəti və atdığı çevik addımlar nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanıb, dövrün çağırışlarına operativ şəkildə adekvat reaksiya verilib. Nazir qeyd edib ki, operativ tədbirlər sayəsində ölkəmiz 2020-ci ilin şoklarından mətinliklə çıxıb, iqtisadiyyatda dərin tənəzzülün qarşısı alınıb, manatın sabitliyi qorunub, hətta bir sıra sahələrdə irəliləyiş əldə edilib. Samir Şərifov çıxışında dövlət büdcəsindən pandemiya ilə mübarizəyə xərclənən vəsaitlərin həcmi və istiqamətləri barədə ətraflı məlumat verib.
İclasda iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova hesabat ilində makro-iqtisadi vəziyyət haqqında danışıb, dayanıqlığın qorunması üçün dövlətin yeritdiyi büdcə siyasəti, büdcə parametrlərində, büdcə-vergi siyasətində, büdcənin gəlir və xərclərində aparılan dürüstləşdirmələr, eyni zamanda bu dövr ərzində davam edən böhranlı şəraitin mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən dəstək proqramlarının, antiböhran tədbirlərinin oynadığı rol barədə məlumat verib.
Daha sonra Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2020-ci ilin dövlət büdcəsinin icrasına dair Hesablama Palatasının rəyini təqdim edib. O, Hesablama Palatasına təqdim olunan “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin və hesabatın mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun qiymətləndirilməsi, büdcə parametrlərinin doğruluğunun və tamlığının qiymətləndirilməsi, icra olunmuş büdcə parametrlərinin təsdiq olunmuş göstəricilərə uyğunluğu, büdcə vəsaitlərinin xəzinə hesabına vaxtında daxil olması barədə fikirlərini açıqlayıb.
Sonra Hesablama Palatasının əməkdaşları Gülnar Hacıyeva və Tamerlan Yusif-zadə Dövlət Büdcəsinin icra edilməsi ilə bağlı palatanın apardığı təhlillər barədə geniş təqdimatla çıxış ediblər.
Komitənin iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, komitə üzvləri Ziyad Səmədzadə, Vahid Əhmədov, Vüqar Bayramov, Mahir Abbaszadə, Rüfət Quliyev və Aydın Hüseynov çıxış ediblər. Deputatlar dövlət büdcəsinin gəlir və xərcləri barədə fikirlərini bildiriblər, onun icrasını yüksək qiymətləndiriblər və Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.
Sonra komitə sədri birinci oxunuşda olan “Kredit ittifaqları haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini deputatların müzakirəsinə təqdim edib. Bildirib ki, qanun layihəsində əsasən kredit ittifaqının hər bir borcalan haqqında məlumatı kredit bürosuna və mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməsi qaydası təsbit olunub, bu qaydanın pozulmasına görə isə məcəllədə inzibati məsuliyyət nəzərdə tutulub. Deputatlar hər iki layihəni birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Elnur Allahverdiyev, Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Ağalar Vəliyev, Anar Məmmədov, İqbal Məmmədov və komitənin iclasına dəvət olunan maliyyə nazirinin müavini Azər Bayramov, Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, Dövlət Gömrük Komitəsinin idarə rəisi Mirqasım Vahabov, Dövlət Vergi Xidməti rəisinin müavini İlkin Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.