Tahir Mirkişili: Cənub Qaz Dəhlizi layihəsi ölkələrarası əməkdaşlığın müasir formasıdır

851

Cənub Qaz Dəhlizi layihəsi Avropa Birliyi ölkələrini və qonşu ölkələri enerji resursları ilə təmin edəcək mühüm bir layihədir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, layihə həm istehsalçı, həm tranzit, həm də istehlakçı ölkələrin maraqlarının uzlaşdırılması baxımından ölkələrarası əməkdaşlığın müasir formasıdır:

“Layihənin bütün komponentlərinin bitməsinə çox az bir zaman qaldı. Tezliklə layihə ilkin gücü ilə tam olaraq fəaliyyətə başlayacaq. Xəzər dənizinin enerji potensialının dünyaya açılması üçün layihə mühüm və tarixi bir rol oynayır. Bu imkan həm də region ölkələrinin iqtisadiyyatını gücləndirməklə onların müstəqilliklərini də gücləndirəcək”.

T.Mirkişili qeyd edib ki, bütün bunlarla yanaşı, Cənub Qaz Dəhlizi layihəsi regionda mühüm geosiyasi və geoiqtisadi reallığın də formalaşmasına səbəb olub:

“Layihəyə üzv ölkələr arasında mədəni, siyasi və innovativ əlaqələrin formalaşması yeni əməkdaşlıq formatını da müəyyən etməkdədir. Bu format gələcəkdə ayrı-ayrı resursları birləşdirib daha böyük nəticələr əldə etməyə imkan yaradacaq”.

Qeyd edək ki, fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib. İclasa 13 ölkədən rəsmilər qatılıb.

2019-cu il mayın 29-da Bakıda “Cənub Qaz Dəhlizi”nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Cənub Qaz Dəhlizinə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər