Fevralın 12-də vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş “Postpandemiya dövründə vergi sistemi” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edib, 2020-ci ildə ölkə iqtisadiyyatında müşahidə olunmuş trendlər, pandemiyanın təsirlərinin minimallaşdırılması və sahibkarlığın dəstəklənməsi üzrə görülmüş işlər, yeni çağırışlara uyğun həyata keçirilən iqtisadi siyasət barədə məlumat verib.
Konfrans iştirakçılarına dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizin iqtisadi inkişaf hədəflərı, iqtisadi siyasətin əsas istiqamətləri və aparılacaq islahatlar, qanunvericilik və inzibatçılıq sahəsində dəyişikliklər, şəffaflıq istiqamətində təşəbbüslər, vergi siyasətinin yeni istiqamətləri və sahibkarlarla iş prinsipləri barədə geniş məlumat verilib.
Qeyd olunub ki, ötən il ərzində sahibkarlara 358 milyon manatdan çox maliyyə dəstəyi göstərilib, 115 milyon manat həcmində vergi güzəştləri paketi təqdim edilib, 169 milyon manat həcmində dövlət zəmanətli kreditlər ayrılıb, mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul olunub.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Postpandemiya dövründə vergi qanunvericiliyi qarşısında yaranan çağırışlar” mövzusunda çıxış edib.
Komitə sədri çıxışında vurğulayıb ki, 2020-ci ildə bütün dövlət idarəetmə sistemləri kimi Vergi siyasətinin həyata keçirilməsi də çətin sınaqlar qarşısında qaldı. Amma bütün çətinliklərə baxmayaraq ötən il vergi siyasətinin ayrı-ayrı funksiyalarının uğurla həyata keçirildiyini demək mümkündür. Son illərdə vergi sistemində aparılan səmimi islahatlar, bu sahədə dövlət-sahibkar münasibətlərində etimadın daha da artırılması və vergi bazasının inkişafına yaradıcı yanaşma öz nəticəsini göstərməkdədir.
Millət vəkili qeyd edib ki, hazırda sosial qayğıya ehtiyacı olan əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsinin vacibliyi, postpandemiya dövündə dayanıqlı iqtisadi artımın qeyri-neft sektorunun inkışafı hesabına bərpa olunması, rifahın yüksəlməsi, dövlət büdcəsinin dayanıqlılığının qorunub saxlanması qarşımızdan duran əsas çağırışlardandır.
Tahir Mirkişili çıxışında post pandemiya dövründə iqtisadçıları ən çox düşündürən suallara da diqqət yetirib: “Məsələn, iqtisadi artımın yüksək tempinə necə qayıdaq? Yüksək templi iqtisadi artım rifahın artmasını təmin edəcəkmi? Bəlkə iqtisadi artımın aşağı tempi bizim bundan sonrakı inkişafımızın yeni reallığıdır – iqtisadiyyatın yaşıllaşması, sosial probləmlərin həllinə çalışmaq lazımdır, nəinki artımın təmin olunmasına? Və ya iqtisadi artım müasir reallıqda düzgün ölçülürmü? Məsələn, elektron kitab kağız kitabdan ucuzdur və innovasiya məhsullarının ucuzlaşması belə sürətlə baş verirsə bu təbii olaraq ÜDM-in statistikasına da təsir edəcək, amma bu statistika rifah statiskası ilə üst üstə düşürmü? Axı ÜDM artımı rəqəm ifadəsində deyil, rifahın artımı göstəricisi kimi maraq kəsb əməlidir”.
Komitə sədri onu da vurğulayıb ki, 4-cü sənaye inqilabının baş verməsi dövlət-subyektlər arasında münasibətlərin formasına da ciddi təsir etmişdir: “İnformasiya texnologiyalarının geniş yayılması bir tərəfdən vergi inzibatçılığını xeyli effektiv etsə də, vergi bazasının müəyyən edilməsində də bir çox çağırışlar yaratmışdır. Qonşu ölkələrə İnformasiya Texnologiyaları subyektlərinə ciddi vergi güzəştlərinin edilməsi beyin axını sahəsində ölkəmiz üçün də çağırışlar yaratmaqdadır. Vergi ödəməkdə “vergi mənəviyyatının” (tax morality) yüksəldilməsi yönümüdən büdcə xərclərinə nəzarətin artırılması əsas qarşımızda duran vəzifələrdəndir. Bu kontekstdə qanunvericiliyin sürətlə yenilənməsinə ehtiyac yaranmışdır”.
Tədbirdə çıxış edən digər natiqlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri müsbət qiymətləndirib, əsas prioritetlərin reallaşdırılması prosesində aparılacaq islahatlara dair təkliflərini səsləndiriblər.
Konfransda müzakirələr aparılıb, sahibkarların sualları cavablandırılıb.
Tədbirdə İqtisadiyyat Nazirliyinin və nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının, Milli Məclisin deputatları, sahibkarların ictimai birliklərinin təmsilçiləri, xarici və yerli ekspertlər və iş adamları iştirak ediblər.