Tahir Mirkişili: İqtisadiyyatın dayanıqlılığını təmin edən amillər gücləndirilib

854

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Yeni Azərbaycan Partiyasının saytına müsahibə verib.sumqayitxeber.com müsahibəni təqdim edir:

-Tahir müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Ümumiyyətlə, ötən ilin sosial-iqtisadi nəticələrini necə dəyərləndirirsiniz?

-2020-ci il Azərbaycan xalqı üçün Zəfər ili oldu! Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qazandığı bu tarixi qələbə hər bir azərbaycanlıya yeni həyat bəxş etdi!

İqtisadi cəhətdən 2020-ci il bütün dünya üçün çətin və mürəkkəb bir il oldu. Əslində, dünya iqtisadiyyatının 2020-ci ildə 3.3% böyüməsi proqnozlaşdırılsa da, pandemiyanın yaratdığı fəsadlar nəticəsində 4.9% azaldı. 2018-ci ildən başlayaraq sürətlənən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatında da artım sürətlənmiş və 2020-ci ildə ÜDM-in 3% artması proqnozlaşdırılırdı. Lakin eyni pandemiyanın yaratdığı fəsadlar nəticəsində iqtisadiyyatımız 4%-dən bir az çox azaldı. Dünyada görünməmiş böhranın baş verdiyi bir şəraitdə iqtisadi siyasətin qarşısından əsas məqsədlərdən biri azalmanı minimum etmək, əhaliyə və sahibkarlara dəstək vermək olmuşdur. Azərbaycanda hər 2 istiqamətdə dövlət başçısı İlham Əliyevin tapşırığı ilə miqyaslı işlər görülmüş, 3.5 milyard manata çatan iqtisadi dəstək proqramı icra edilmiş, 5 milyon vətəndaşı əhatə edən sosial dəstək tədbirləri həyata keçirilmişdir. Eyni zamanda, iqtisadi islahatlar da aparılmış və iqtisadiyyatın dayanıqlılığını təmin edən amillər gücləndirilmişdir.

Belə bir şəraitdə iqtisadiyyatın minimum kiçilməsinə nail olunmuş və növbəti illərdə iqtisadi artımı təmin edə biləcək sahələrdə isə artım qeydə alınmışdır. Belə ki, qeyri-neft sektorundakı 11%-lik, kənd təsərrüfatı sahəsindəki 2%-lik artım iqtisadi artım mənbələrin dəstək mexanizmlərinə aktiv reaksiyasından xəbər verir. Eyni zamanda, inflyasiyanın 3%-dən az olması, manatın məzənnəsinin sabit olması da mühüm nailiyyətlərdəndir. Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya çatması regionun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

 -2021-ci il üçün proqnozlar necədir? Ölkə iqtisadiyyatında hansı yeniliklər gözlənilir?

-Hazırda bütün dünya ölkələrində aparılan vaksinasiya tədbirləri pandemiyanın qarşısının alınacağı proqnozları verməkdədir. İlkin olaraq iqtisadiyyatın ikinci rübdən etibarən məhdudiyyətlərin aradan götürülməsi ilə sürətli artıma mərhələsinə qədəm qoyacağı proqnozlaşdırılır. Azərbaycan iqtisadiyyatının da 2021-ci ildə 3.4% böyüyəcəyi proqnozlaşdırılır. Eyni zamanda, inflyasiyanın 3%, əhalinin real gəlirlərinin artacağı proqnozlaşdırılır. 2021-ci ilin dövlət büdcəsi manat ifadəsində ən böyük büdcədir. Sürətli iqtisadi artımı təmin edəcək özəl sektor üçün stimullaşdırıcı və dəstək verici tədbirlərin gücləndirilməsi bu ildə qeyri-neft sektorunun daha da artmasına gətirib çıxaracaqdır.

– İşğaldan azad olunmuş ərazilərimizdə artıq quruculuq işlərinə başlanılıb. Bütövlükdə, həmin ərazilərin iqtisadi potensialını necə qiymətləndirirsiniz? Bu amil iqtisadi artıma necə təsir göstərəcək?

-Dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri üçün 2.2 milyard manat ayrılıb. Görüləcək işlərin həcmi və miqyası çox böyükdür. Təbii olaraq bu işlər ölkə iqtisadiyyatının daha da canlanmasına səbəb olacaqdır. Bu layihələr həm də böhrandan sürətli çıxmaq üçün mühüm bir imkandır. İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı bir neçə istiqamətdə qiymətləndirilir.

Xeyli sayda əkinə yararlı torpaqların, su ehtiyatlarının və əlverişli iqlim şəraitinin olması ərazinin aqrar potensialının böyük olmasını göstərir. Faydalı qazıntılar, qiyməti metal və inşaat materialları ilə zəngin yataqların olması bu sahədə iqtisadiyyatın xeyli gəlir əldə etməsinə imkan verəcək. Regionun geniş turizm potensialına sahib olması da son zamanlar ölkəmiz üçün mühüm valyuta gətirən mənbələrin birinə çevrilən bu sahənin imkanlarının dəfələrlə artmasına imkan yaradacaqdır.

Ümumiyyətlə, regionda işğal faktının aradan qaldırılması bütövlükdə iqtisadi inkişaf, investisiyaların cəlb olunması baxımından yeni bir mərhələnin başlanması deməkdir. Və bunun faydasını bütün region ölkələri görəcəklər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər