Tahir Mirkişili: “İşğaldan azad olunmuş su anbarları bundan sonra ölkəmizin inkişafına xidmət edəcək”

862

“Su ehtiyatları hər bir ölkənin iqtisadiyyatında aparıcı rola malikdir və xüsusilə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət daşıyır. Kənd təsərrüfatının inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında da su ehtiyatları həlledici rol oynayır. Bu sahənin inkişafı Prezident İlham Əliyev tərəfindən əsas prioritet istiqamətlərdən biri kimi müəyyən olunub”.

Bu fikirləri mətbuata açıqlamasında millət vəkili Tahir Mirkişili səsləndirib.
Millət vəkili qeyd edib ki, ötən 18 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə çox mühüm layihələr həyata keçirilib: “Nəhəng Şəmkirçay, Tovuzçay su anbarları, eyni zamanda Şabran rayonu ərazisində Taxtakörpü su anbarı istismara verilib və digər mühüm layihələr reallaşdırılıb. Bütün bunlar dövlətin bu sahənin inkişafına göstərdiyi diqqətin nəticəsidir”.

Tahir Mirkişili vurğulayıb ki, Azərbaycanın şanlı qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızla yanaşı mövcud su ehtiyatları da düşmənin əsarətindən azad olundu. Bu gün cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olmaları bu sahənin bundan sonra da əsas prioritet istiqamət kimi qalacağını göstərir.

T.Mirkişili vurğulayıb ki, ölkəmizin inkişafı üçün olduqca böyük əhəmiyyətə malik bu resurslar gələcəkdə bizə böyük üstünlük verəcək: “Ölkəmizdə su çatışmazlığının əsas səbəblərindən biri də 640 milyon kub metr həcmində su ehtiyatlarımızın işğal olunmuş ərazilərdə qalması idi.  Nəticədə Suvarılan torpaqlar ölkənin kənd təsərrüfatı torpaqlarının üçdə birini təşkil edirdi. Vətən müharibəsi nəticəsində Suqovuşan, Köndələnçay və Ağdam rayonunda Xaçınçay su anbarları artıq bizim nəzarətimizdədir. Bu anbarların gələcək istismarı ilə bağlı ölkə başçısı tərəfindən artıq müvafiq göstərişlər verilib. Qeyd olunan su anbarları və digər su ehtiyatları bundan sonra ölkəmizin inkişafına, maraqlarına xidmət edəcək. Nəticədə istər işğaldan azad olunmuş ərazilərdə, istərsə də digər regionlarda kənd təsərrüfatının daha da inkişafının şahidi olacağıq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər