“Hər şeyin ideal olduğunu demək düzgün deyil”
“Yeni parlament seçkilərinə heç bir əsas yoxdur”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Modern.az-ın gündəmlə bağlı suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Tahir müəllim, parlament üzvləri, həmkarlanız məzuniyyətdədir, amma gündəm həm də Milli Məclislə qaynayır. Parlamentdə baş verənlər və neqativ hallarda vətəndaşlar “onu biz seçməmişik, parlamentə təsadüfən düşüb” kimi fikirlər səsləndirirlər. Bu mənada son olaylar xalqın parlamentə olan inamını sarsıtmır ki?
– Bilirsiniz, parlament bütün dünyada olduğu kimi, Azərbaycanda da xalqın seçdiyi insanların fəaliyyət göstərdiyi qurumdur. Təbii ki, burada müxtəlif regionlardan, rayonlardan, müxtəlif təbəqələrdən və peşələrdən olan insanlar cəmləşir. Bu cəhətdən parlamentin fəaliyyəti hər zaman çoxtərəflidir, çoxrənglidir və dinamikdir. Eyni zamanda, bu fəaliyyət həm də insanlar tərəfindən daha çox görünəndir, çünki ictimaidir. İnsanların parlament üzvlərinin fəaliyyəti haqqında müxtəlif fikirlərə sahib olması, onlara qarşı bəzən tərif, bəzənsə tənqidin səsləndirilməsi bütün dünyada belədir və normal qəbul olunur.
Məsələn, Milli Məclisin deputatlarının əksəriyyəti 50%-dən bir az artıq və ya ona yaxın faizlə seçkidə qalib gəliblər. Demək ki, digər 50% ona səs verməyib. Belə bir şəraitdə kimlərinsə deməyi ki, “biz ona səs verməmişik” tamamilə təbiidir və bu deputatın doğru seçilməməsi anlamına gəlmir. Amma əsas məsələ, deputatın ona səs vermiş insanların etimadını doğrultması, dövlətə və xalqa xidmət etməsidir.
Bütün bunlara baxmayaraq, düşünürəm ki, qarşımıza qoyulan hədəflərə çatmaq üçün əlimizdən gələni etməyə çalışırıq. Biz bütün məhdudiyyətlərə baxmayaraq, həm pandemiya, həm də müharibə dövründə fəaliyyət göstərdik, innovativ alətlərdən geniş istifadə etdik. Xüsusilə müharibə dövründə parlament xarici dövlətlərin parlamentlərilə, dostluq qrupları ilə aktiv diplomatiya yürütdü. Pandemiya şəraitindən təsirlənən həssas qruplara deputatlarımız daim yardım etdi, öz maaşlarını dəstək fondlarına köçürdülər.
Son zamanlar yeni qanunların qəbulu, müxtəlif qanunlarda parlament üzvlərinin daha çox diskusiyalara cəlb olunması, parlamentin rəhbərliyində müxalifət nümayəndələrinin kifayət qədər aktiv təmsili həyata keçirilir.
Baxmayaraq ki, mən özüm Yeni Azərbaycan Patiyasının üzvüyəm, amma bizim komitənin sədr müavini Əli Məsimli müxalifət təmsilçisidir. Bütün məsələlərdə, qanunvericilik aktlarının müzakirələrində kifayət qədər konstruktiv dialoqa şərait yaratmışıq, eyni zamanda bu dialoqdan bəhrələnirik. Bu cəhətdən baxsaq, parlamentin görünən və görünməyən tərəfləri var.
Düşünürəm ki, görünməyən tərəflərin miqyası görünən tərəflərdən daha çoxdur. Çünki bəzən hər işi göstərmək də olmur, yaxud hər işi ictimailəşdirəndə reklam kimi də qəbul edilir. Ali orqan kimi məqsədə çatmaq üçün qarşımızda qanunvericilik təşəbbüsü, beynəlxalq diplomatiya, seçicilərlə işləmək kimi ciddi məsələlərin həlli durur ki, biz buna nail olmağa çalışırıq.
Cənab Prezidentin parlamentdə çıxışı zamanı qarşımızda çox ciddi şəkildə qoyulan bu istiqamətlər bizim fəaliyyət planınımızın əsasını təşkil edir.
Təəssüf ki, bəzən məsuliyyətini ya dərk etməyən, ya da bir çox hallarda görülən işlərin tam şəkildə insanlara çatdırılması ilə bağlı öz vəzifələrini dərk etməyib fəaliyyət göstərən deputatlara da rast gəlirik. Son hadisə hamımızı təəssüfləndirdi. Düşünürəm ki, istənilən halda hər bir parlament üzvü fəaliyyətində məsuliyyət daşımaqla yanaşı, həm də təmsil etdiyi ali dövlət orqanının fəaliyyətinə, onun imicinə zərbə vurmamalı və bunun nəticələrini dərk etməlidir. Yəni hər bir parlament üzvü özü ilə yanaşı, təmsil etdiyi qurumun məsuliyyətini də dərk etməli, fəaliyyətində bunu nəzərə almalıdır. Parlament hakimiyyətin mühüm bir qolu olduğu üçün üzvlərinin fəaliyyəti də Azərbaycan dövlətinin hədəfləri və fəaliyyətilə uzlaşmalıdır. Etiraf etmək lazımdır ki, parlamentin son 1 ildəki fəaliyyəti buna nail olduğunu deməyə əsas verir. Biz çətin, həssas dövdə yaşayırıq, bütövlükdə regionda baş verən hadisələri hər kəs görür. Azərbaycan Vətən müharibəsində qalib gələndən sonra bizə olan təzyiqlər də ortadadır. Bütün bunlarla yanaşı, indiki dövrdə hər bir parlament üzvü dövlətə daha çox necə kömək edə bilərəm, insanlara necə çox yaxın ola bilərəm, Azərbaycana qarşı olan daxili və xarici düşmənlərə qarşı necə mübarizə apara bilərəm kimi suallara cavab verə biləcək fəaliyyət ortaya qoymalıdır. Əks halda bu kriteriyalara cavab verə bilməyən insanların dövlət, ali hakimiyyət orqanlarında təmsil olunmaq haqqı yoxdur. Baxmayaraq ki, biz xalq tərəfindən seçilirik, amma öz fəaliyyətimizdə xalqın istəyinə uyğun fəaliyyət göstərmiriksə, o zaman həmin insanlar onu seçənlərin, ona inanan insanların inam və etibarını avtomatik olaraq itirmiş olurlar.
– Yeri gəlmişkən, payızda referendum keçiriləcəyi, parlamentin təkrarən buraxılacağı barədə söyləntilər var. Bu iddialar nədən qaynaqlanır, nə dərəcədə əsaslıdır və ümumiyyətlə, indiki halda parlamentin yenidən formalaşdırılmasına ehtiyac varmı?
– Bilirsiniz, bu söhbətlər yeni deyil, parlament var olduqca, bir qrup insanlar daim onun yenidən seçilməsini istəyir. Bu qrup insanlara keçən seçkidə uduzmuş, yeni keçiriləcək seçkilərdə qalib gəlib, seçilmək istəyən insanlar da aiddir. Amma düşünürəm ki, hər bir halda müzakirələri hüquqi müstəvidə aparmaq lazımdır. İndiki halda bu söz-söhbətin heç bir əsası yoxdur. Parlament yeni formalaşıb, keçən bir il ərzində pandemiya şəraitində baxmayaraq, hesab edirəm ki, kifayət qədər effektiv fəaliyyət göstərir. Qanunvericilik sahəsində keyfiyyət baxımından xeyli müsbət nəticələr əldə etmişik, parlamentin beynəlxalq diplomatiyada göstərdiyi aktivlik təqdir olunur, parlamentdə çox geniş diskussiya, fikir azadlığı atmosferi yaradılıb. Baxmayaraq ki, biz kollektiv orqanıq, pandemiya şəraitinin ən çətin dövründə seçicilərin yanında olduq və lazımi yardımlar etdik. Ona görə də VI çağırış parlament qarşısına qoyduğu hədəflərə çatır və yeni parlament seçkilərinin keçirilməsinə, yeni heyət formalaşdırılmasına hesab edirəm ki, heç bir əsas yoxdur. Bunu deyənlərin ya məsələnin mahiyyətindən xəbəri yoxdur, ya da öz fikirlərini cəmiyyətə yeritmək, siyasi cəhətdən qeyri-sabitlik yaratmaq məqsədi güdürlər. 2025-ci ilə az qalıb, gözləyib, seçkiyə qatılıb siyasi yarışa qatılmaqları daha doğru olardı.
– Amma parlamentdə kifayət qədər boş yerlər var. Hansı ki, onların arasında dünyasını dəyişənlər, mandatdan məhrum edilənlər, seçildiyi dairədə nəticəsi ləğv edilənlər oldu…
– Qanunvericiliklə boş qalan yerlərə yenidən seçkilər keçirilə bilər. Bu, tam olaraq qanunamüvafiqdir, amma bunun bütövlükdə parlamentin buraxılması və yeni seçki keçirilməsilə əlaqələndirilməsi düzgün deyil. Əslində boş qalan yerlərə seçkilərin keçirilməsi prosedur qaydalarıdır və rutin işdir. Nə vaxt keçiriləcək, bu barədə bir şey deyə bilmərəm. Parlament qanunvericilyinə görə 83 deputatın məclisdə təmsil olunması fəaliyyət üçün yetərsay sayılır. Ona görə də indiki halda bu say parlamentin tərkibi, fəaliyyəti üçün yetərlidir. Amma boş qalan yerlərlə bağlı yeni seçkilərin keçirilməsi də mümkündür.
– Qeyd etdiyiniz kimi, kifayət qədər həssas və ağır dövr yaşayırıq. Xüsusilə ölkəmiz pandemiya ilə yanaşı, müharibənin də ağır nəticələrinin aradan qaldırılması ilə məşğuldur. Postmüharibə və postpandemiya dövrü üçün bizim iradəmizdən asılı olmayaraq, yeni çağırışlar formalaşır. Ümumiyyətlə, yeni çağırışlarda daha çox hansı sahələrin inkişafı planlaşdırılır?
– Pandemiya dövrü bütün dünyada, eləcə də Azərbaycanda digər sahələrin olduğu kimi iqtisadi idarəetmə sisteminin də testini həyata keçirdi. Bu o deməkdir ki, pandemiya dövründə daha çox hansı sahələrin gələcəyə hazır olduğunu, hansı sahələrin inkişafına diqqət yetirilməsini müəyyən etmək üçün bir şans yarandı. Həm də eyni zamanda, pandemiya göstərdi ki, gələcəkdə iqtisadi sahələrdə hansı tələblər olacaq, insanların davranışları hansı formada dəyişəcək. Pandemiyanın önə çıxardığı ən önəmli məsələlərdən biri insan davranışının dəyişməsi idi. Biz əvvəlcə düşünürdük ki, insanlar evdə daha az oturmalı, işdə, idarədə, restoranda daha çox vaxt keçirməlidir. Pandemiya şəraiti göstərdi ki, insanlarda məsafədən işləmək, evdən sifarişlər vermək, yaxud da iş davranışlarında daha çox onlayn olmaq, rəqəmsal alətlərdən istifadə, vaxta qənaət, daha çox nəticəyə yönəlmək kimi yeni davranışlar formalaşdı. Əslində dünyada son zamanlar deyilirdi ki, 8 saat işləmək sistemi 20-ci əsrdən qalmış və köhnəlmiş iqtisadi davranış qaydalarıdır.
Məsələn, müasir iqtisadçılar deyirlər ki, insan niyə 8 saat işləməlidir? Əgər insan verilən tapşırığı 4 saat ərzində həyata keçirirsə, niyə 8 saat iş masasında, yaxud kompüter qarşısında oturmalıdır? Yəni bu zamanı o daha çox öz inkişafına, asudə vaxtına, ailəsinə sərf edə bilər. Müasir iqtisadiyyatın əsas qayəsi nəticəyə yönəlməkdir. Siz qarşınızda qoyulan tapşırığı qısa zaman ərzində yerinə yetirə bilirsinizsə, yəni, məhsuldarlığınız yüksəkdirsə, o zaman neçə saat işləməyinizin mənası yoxdur. Biz buna nəticə əsaslı iqtisadiyyat deyirik. Yeni çağırışlar məhz bunu diqtə edir.
– Bəs, Azərbaycanın iqtisadi potensialı və inkişafı bu çağırışlara cavab verməyə hazırdırmı?
– 2018-ci ildən başlayaraq, Prezident İlham Əliyev tərəfindən geniş islahatlara start verildi. Pandemiya elan olunandan sonra insanlara və sahibkarlara 3.5 milyard manat həcmində yardım paketi həyata keçirildi. Əslində son 6 ayın nəticələri göstərdi ki, Azərbaycanın qeyri-neft sektoru bu çağırışları qəbul etməyə hazırdır. Bu ilin 6 ayı ərzində qeyri-neft sektorunda 5.1% artım olub.
Ölkəmizdə müşahidə olunan dayanıqlılığın bir çox səbəbləri var. Öncə onu deyim ki, bizdə sürətli və əhatəli dövlət dəstəyi proqramları həyata keçirildi, islahatlar durmadı. Digər tərəfdən, bizdə uzun müddətdir inkişaf edən rəqəmsal infrastruktur var. Ölkə əhalisinin təxminən 80 faizindən çoxu internet istifadçisidir. Bizim ərazimizin 100 faizə yaxını internet və şəbəkə ilə təmin olunub. Üçüncü tərəfdən, bizim əhalidə və xüsusilə də gənclərdə innovasiyalara böyük həvəs var. Ən əsası biz konservativ xalq deyilik. Qonşu ölkələrin bəzilərilə müqayisə etsəniz, bizim insanlar istər 20, istərsə də 70 yaşında çox qısa müddət ərzində texnologiyalardan istifadəyə uyğunlaşırlar. Bizim yaşları yuxarı olan bir çox deputatlar da qısa zaman ərzində iclasların onlayn formada keçirilməsinə uyğunlaşmaq, sənədləri elektron formada qəbul edib oxumaq və s. bu kimi vərdişləri mənimsədilər. Bu, o deməkdir ki, biz xalq olaraq, inovasiyalara və rəqəmsal alətlərə çox açığıq. Tez bir zamanda, bunu qavrayıb, mənimsəyirik, işimizdə tətbiq edirik. Bu çox ciddi üstünlükdür. Digər tərəfdən, bizim infrastrukturumuz var. Yüksək sürətli internetə, mobil telefonlara, komptürlərlə təmin olunmalara qədər xeyli məsafə qət etmişik. Eyni zamanda, biz dövlət orqanları olaraq, xidmətlərimizin rəqəmsallaşmasını inkişaf etdirmişik. Bu gün əksər dövlət orqanlarına elektron şəkildə müraciət etmək mümkündür. Bizim elektron hökumətlə bağlı bir çox layihələr həyata keçirilib. Düşünürəm ki, biz bu istiqamətdə xeyli irəliləmişik.
Qarşımızda duran ən böyük çağırı sahibkarlar və biznes sektorunun buna nə dərəcədə hazırlıqlı olmasıdır. Çünki biz xidmət almağa hazırıq, amma xidmət verən tərəf xidməti bu formada verməyə hazırdırmı? Cavab alınası suallardan biri məhz budur. Keçən pandemiya dövrü göstərdi ki, bizim biznes strukturlarımızın bir çoxu qısa müddətdə buna transformasiya edə bildilər. Amma bütövlükdə rəqəmsallaşma qarşımızda duran ən böyük çağırışlardan biridir. Bugünkü praktika göstərir ki, biz bu istiqamətdə çox işlər görməliyik. Hazırda Azərbaycanda özəl şirkətlərin cəmi 65 faizində kompüterləşmə var. Bu gün Azərbaycanda kiçik sahibkarlıq subyektlərinin 95 faizi kiçikvə orta sahibkarlardır. İllik gəliri 5 min manatdan aşağı olan sahibkarların təxminən 80 faizində kompüter yoxdur. Bu o deməkdir ki, bizim kiçik və orta saibkarlıq subyektlərində rəqəmsal infrasturukturun görülməsilə bağlı çox ciddi işlər həyata keçirilməlidir. Əks halda, həmin sektorun gələcəkdə müasir çağırışlaracavab vermək şansı olmayacaq. Kiçik və orta sahibkarlıq böyük bir drayverdir. Ona görə də bu sahədə rəqəmsal alətlərin tətbiqilə bağlı çox ciddi işlər görməliyik.
Bütövlükdə baxsaq, Azərbaycanın qeyri-neft sektorunda yeni sahələrin, xüsusilə xidmət sahələrinin inkişaf etdirilməsilə bağlı rəqəmlər göstərir ki, əslində pandemiyadan sonra bizim iqtisadiyyatımız qısamüddətli transformasiya etməklə, inkişaf üçün yeni mənbələr tapmağa hazırdır.
Digər tərəfdən, Vətən müharibəsindən sonra bölgədə inkişafla, ərazilərimizin bərpası ilə bağlı çox ciddi işlər görülür. Ərazilərin bərpası zamanı yeni texnologiyaların tətbiqi onu deməyə əsas verir ki, ölkəmizin böyük hissəsində artıq yeni infrastrukturun yaranması ilə bağlı işlər gedir. Bu layihələr həm də oradakı insanların daha çox innovativ layihələrlə məşğul olması, startapların inkişaf etdirilməsi deməkdir. “Ağıllı kənd” və şəhər layihələrilə insanların yeni davranış formalarının yaranmasının hamısı Azərbaycan insanı və infrasturkturunun gələcəyə hazırlanması üçün dövlətin qoyduğu mühüm vəsaitdir.
– Azərbaycan insanının innovisyalara açıq olması səbəbindən işğaldan azad edilmiş ərazilərimizdə yeniliklərə daha tez adaptasiya olacağını düşünürsünüz?
– Mən düşünürəm ki, mövcud müasir iqtisadiyyatın inkişafını iki əsas faktor müəyyən edir. Birincisi, insandır, ikincisi infrasturkturdur. Bu gün biz infrasturktura kifayət qədər investisiya qoyuruq. Yeni yolların çəkilməsi, internetlə təminat reytinqlərində ölkəmiz digər dövlətlərlə müqayisədə yüksək yerlərdə qərarlaşıb. Bu o deməkdir ki, biz infrasturkturla bağlı problemlərin böyük əksəriyyətini həll etmişik. İkinci mühüm amil infrastrukturdan istifadə edəcək insanlardır. Biz təbii cəhətdən innovasyalara açıq millətik. Bu gün hər bir azərbaycanlı ailəsi çalışır ki, övladı ingilis dilini, kompüteri bilsin. Biz buna bir gələcək kimi baxırıq və çox müsbət amildir. Bu gün ingilis dili yalnız iki insanın bir-birilə ünsiyyət vasitəsi deyil, həm də texnologiyaların dilidir. Hazırda təhsildə ciddi islahatlar gedir. İnsanlarımızın yeni vərdiş və biliklərə sahib olması üçün məzmunlar dəyişilir, universitetlərimiz beynəlxalq reytinqlərdə yüksək yerləri tutmağa başlayıblar. Bu üstünlüklərimizdən biz işğaldan azad edilən ərazilərin yenidən qurulmasında da istifadə edəcəyik. Orada yeni bir Azərbaycan inşa olunacaq, bu yeniliyin əsasını texnologiyalar və insanlar təşkil edəcək.
– İşğaldan azad edilmiş ərazilərdə Qarabağ universitetinin yaradılması ilə bağlı təkliflər səsləndirilir. Sizin qeyd etdiyiniz kimi, bu, regionda digital vərdişlərin formalaşmasının tərkib hissəsi ola biləcəkmi?
– Bəli, Qarabağ universitetinin yaradılması ilə bağlı layihə var. Onun Ağdamda yaradılması nəzərdə tutulur. Bu universitetin daha çox müasir, rəqəmsal biliklər verməsi planlaşdırılır. Ümumiyyətlə, müasir Qarabağ və Şərqi Zəngəzur bütövlükdə innovativ alətlər üzərində qurulacaq. Bütün bunlar onu deməyə əsas verir ki, biz indiki halda dövlətin etdiyi dəstək, infrasturuktur və islahatlarla özümüzü postpandemiya dövrünə hazırlamağa başlamışıq. Postpandemiya dövrü ağıllı insan, rəqəmsal alətlərlə silahlanmış vətəndaş, daha çox inkişaf etmiş infrastruktur üzərində qurulacaq iqtisadiyyatdır.
– Tahir müəllim, etiraf edək ki, çatışmazlıqlar da var, hər şey cümlələrdəki qədər ideal deyil…
– Təbii ki, bütün müsbətlərlə bərabər, çatışmazlıqlar da var. Hər şeyin ideal olduğunu demək mümkün deyil və düzgün də deyil. Çağırışlarımız bundan ibarətdir ki, biz insanlarımızı inkişafa kütləvi şəkildə hazırlamalı, sürətli təhsil, vərdişlərin yenidən dəyişilməsi, xarici investisiya cəlb etməklə bağlı işlər görməliyik. İnvestisiya cəlb etmək üçün hüquqi rejimi iqtisadi rejim üçün əlverişli etməliyik. Yeni iş yerlərinin açılması üçün sahibarlığa dəstəyin yeni formalarını tapmalıyıq, texnologiyadan geri qalan iqtisadi subyektlərimizə texnoloji transferdə yardım etməliyik, ixracda nefdən asılılığı minimuma endirməliyik, daha çox məhsul və xidmət ixrac edərək ölkəyə valyuta gətirməliyik…
Bütün bunlar onu deməyə əsas verir ki, biz çatışmayan cəhətlərimizi görüb, həmin istiqaməti inkişaf etdirməklə, özümüzü gələcəyə, təhsildə yeniliklərə daha çox hazırlamaq haqqında düşünürük. Ən asan şey problemlər və çatışmamazlıqlar haqqında danışmaqdır, amma ən vacibi bunları görüb, qəbul edib, aradan qaldırılması üçün işlərin görülməsidir.
– Təhsildən söz düşmüşkən, yeni tədris ili ilə bağlı gözləntiləriniz nədir, əyani təhsilə qayıdırıq, yoxsa distant təhsilə davam? Etiraf edək ki, nə qədər səylər göstərilsə də ötən bir il şagird və tələbələrimiz, bütövlükdə təhsil sahəsi üçün arzuolunmaz nəticələrə gətirib çıxardı, geriləmələr müşahidə edildi. Hər bir ailədə təhsilalanlar olduğu üçün geriləmə faktını danmaq olmaz.
– Bu, bütün dünyada belədir. Distant təhsil, təhsilin bir forması kimi hər zaman olacaq və inkişaf edəcək. Əslində bundan qorxmaq lazım deyil. Amma pandemiya elə şəraitdir ki, dəqiq proqnoz vermək olmur. Yoluxma və vaksinasiyanın hazırkı durumuna əsaslansaq, bizim gözləntilərimiz bundan ibarətdir ki, sentyabrda təhsil müəssisələrinin əyani təhsilə qayıtması ilə bağlı ciddi çətinliklər yaranmayacaq.
Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah peyvəndləmənin sürətləndirilməsi, davranış qaydaları ilə bağlı qərarlar verib. İndiki durumun yaxşılaşması, sentyabrda məhdudiyyətlərin aradan qaldırılması ilə nəticələnə bilər. Çünki heç bir halda nə iqtisadiyyat, nə idarətmə, nə təhsil, nə də səhiyyə bu məhdudiyyətlərin saxlanılması marağında deyil. Təbii ki, insanların sağlamlığının qorunması Azərbaycan dövləti üçün əsasdır. Bununla belə, hamılıqla qoyulan davranış qaydalarına nə qədər çox əməl etsək, daha çox bərpaolunma mərhələsində olarıq. Bundan sonrakı dünyada yeni davranış qaydalarının formalaşacağı ilə bağlı yekdil bir qərar var. Əvvəlki həyat tərzlərinin bir daha bərpa olunmaması ilə bağlı ciddi risklər yaranıb. Fikirlər var ki, bu virus bitəndən sonra başqası yayıla bilər. Həmçinin, daha çox qlobal problemlərin meydana gələcəyilə, istiləşmə ilə bağlı proqnozlar da verilir. Buna turbolent dövrü deyirik. Qardaş Türkiyədə baş verən meşə yanğınlarını görürsünüz. Belə bir şəraitdə kim sağ qalıb yaxşı yaşamaq istəyirsə, davranışını dəyişib yeniliklərə uyğunlaşmalı və özü şəxsən mübarizə aparmalıdır. Artəq təkcə dövlətin bu yeni çağırışlarla mübarizəsi kifayət etmir.
– Qlobal dünyanın yenilikləri öz yerində, bizim insanımız da bank sektorundan yeniliklər gözləyir. Çünki iqtisadiyyatın özəklərindən biri məhz banklardır. Azərbaycanda banklar, bank faizləri, onlara əlçatanlıq, banklara nəzarətlə bağlı narazılıqlar illərdir davam edir. Ümumiyyətlə, əhalinin narazılıqları nəzərə alınaraq, bank faizlərilə bağlı yeni təkliflər, qanuna dəyişikliklər, Mərkəzi Bankla qarşılıqlı razılaşma əsasında faizlərə yenidən baxılması gündəm ola bilərmi?
– Bizim tərəfimizdən baxsaq, bu sahədə çatışmayan məsələlərdən biri banklara nəzarətlə bağlıdır. Son zamanlar bəzi bankların bağlanması göstərdi ki, banklara nəzarət daha çox artırılmalı və bu sahədə yeni yanaşmaların tətbiqinə başlanılmalıdır. Bizim qəbul etmək istədiyimiz qanunvericilik layihələrinin əsas məğzi və istiqaməti bank fəaliyyətinə nəzarəti daha da gücləndirmək, bankların daha effektiv fəaliyyət göstərməsinə nail olmaq, həmçinin bankların gələcəkdə hər hansı qanunsuz fəaliyyətlə məşğul olmasının qarşısını almaqdır. Bu istiqamətdə qəbul olunacaq qanun layihələri daha çox bu məqsədlərə nail olmağa xidmət edəcək. Ümumi fikir bankların iqtisadiyyatda rolunun artırılması ilə bağlıdır. Banklar yalnız kredit verməklə, yaxud da pul alıb satmaqla məşğul olmamalıdır. Banklar əlavə dəyər yaratmaq funksiyasını yerinə yetirməli, eyni zamanda, iqtisadiyyatda sanitar rolunu oynamalıdır. Bütün dünyada banklar sağlam strukturların inkişafı üçün mühüm rol oynayır, qeyri-sağlam strukturların isə yayılmasının qarşısını alır. Xaricdə bir bank bir layihəyə kredit verirsə, deməli, həmin layihə sağlamdır, perspektivlidir və gələcəyi var, hər kəsdə belə bir inam yaranır. Bizdə isə kredit alıb, iflas olan nə qədər layihələr var…
O ki qaldı faizlərə, onun yüksək olması ilə bağlı narahatlıqları mən də bölüşürəm, yüksək faizlər inkişafa mane olan əsas amillərdən biridir. Amma bu yalnız qanunvericiliklə həll olunan məsələ deyil. İqtisadiyyatda qanunla qoyulan qadağalar bir çox hallarda əks nəticə verir. Banklar özəl strukturlardır və onların mənfəət əldə etməsi azad sahibkarlığın qarşısında duran hüquqlardan biri kimi qəbul olunur. Fazilər niyə yüksəkdir sualına cavab versək, səbəb bir neçə amillə bağlanır. Nəzərə alsaq ki, bankların kreditə verdiyi pul bir neçə mənbədən formalaşır. Bunlardan biri əhalidən qəbul edilən depozitlərdir. Manatla qəbul olunan depozitin illik faizi hazırda 8-9 faizdir. Müqayisə üçün deyim ki, Avropa Birliyində əhali banklara pul qoyduğu zaman, nəinki onlara faiz verilmir, əksinə əhalidən faiz alınır. Yəni orada insanlar vəsaiti banklara təhlükəsizlik üçün yatırır. Bank da o vəsaitin təhlükəsizliyini qoruduğu üçün vətəndaşdan xidməthaqqı alır. Bizdə isə vətəndaş pulunu banka qoyduğu zaman bankdan ildə 9 faizə yaxın pul alır. Yəni, banklar əhali üçün həm də qazanc mənbəyidir. Bankın ucuz kredit verməsi üçün əvvəlcə onun özünün cəlb etdiyi kredit ucuz olmalıdır. Çünki bank alır və satır. 9 faizlə alırsa, təbii ki, satarkən daha yüksək faiz hesbalayacaq. Burada əsas məsələ pulun mənbəyilə bağlıdır. İkinci tərəfdən, bankların xaricdən cəlb etdiyi vəsaitlərdəki faizlər digər Avropa banklarında olan faizlərdən yüksəkdir. Bəs bankın mənfəət marjası çoxdurmu? Hər zaman deyirlər ki, niyə 9 faizdən alıb, 25 faizdən satırlar? Təbii ki, bu fərq böyükdür. Bu gün biznes subyektlərində bankların verdiyi kredit faizi 13-15 faiz arasındadır. Kreditin verilməsi zamanı qaçınılmayan xərclər də mövcuddur. Bankların ucuz kredit verməsi üçün cəlb etdikləri vəsaitin ucuzluğuna nail olmaq lazımdır. Pul cəlb edib, kreditlərin verilməsi üçün inzibati xərcləri minimuma endirmək lazımdır. Digər bir məsələ, bütün dünyada kreditin mənbəyi təkcə banklar deyil. Biz krediti haradan götürmək lazımdır deyəndə, banklar yada düşür. Amma dünyada banklardan başqa, digər strukturlar, müxtəlif investisiya fondları var ki, əhalini, biznesi ucuz kreditlərlə təmin edirlər. Azərbaycanda investisiya fondlarının inkişafı ilə bağlı ciddi işlər görmək zamanıdır. Qanunvericilik buna imkan versə də, praktikada rast gəlinmir. Bütövlükdə verilən kreditin faizinin aşağı salınması ilə bağlı görüləcək işlər qanunvericilikdə nəzərdə tutulur. Bunlar prosedurların sadələşdirlməsi, prosedurlar zamanı tələb olunan rüsumların azaldılmasıdır. Bu addımlar kredit fazilərini müəyyən qədər aşağı salacaqsa da, banklar qarşısında ucuz pul cəlb etmək kimi çağırışlar var ki, bunları həll etmədən kreditlərin ucuz verilməsinə nail olmaq çətidir. Bu, qanunvericiliklə tənzimlənməyən sahədir. Əgər biz qanunla desək ki, məsələn, kreditlər 5 faizlə verilməlidir, onda banklar da məcbur olub depoziti 1 faizlə qəbul edəcəklər. Bu isə müəyyən sayda insanların depozitdən əldə etdikləri gəlirlərin azalmasına gətirib çıxaracaq. İndiki şəraitdə əhali faizlərin yüksək olması ilə banklardan pul qazanır, digər tərəfdən,banklardan götürdüyü kreditə görə pul itirir.
– Tahir müəllim, əhalinin narazılıq etdiyi və narazılıqda haqlı olduğu bir məqam da neftə bağlı bahalaşmadır. Hansı ki, dünya birjalarında neft bahalaşır, xaricdən idxalla əlaqələndirilərək, Azərbaycanda da benzin bahalaşır, neft ucuzlaşır, bizdə yenə də benzin bahalaşır. Bu təzad nədən doğur, varmı bunun iqtisadi əsası?
– İlkin olaraq, formalaşmış yalnış informasiyaya düzəliş etmək istəyirəm. Əksəriyyət neftin qiymətinin enib-qalxmasını bu günə olan qiymət kimi anlayır. Amma neft birjalarda satıldığına görə, bizim neftin qiyməti dediyimiz qiymət 3-5 aydan sonraya aiddir. Bildiyiniz kimi, neft kontraktları fyuçers kontraktlarıdır, yəni bu gün bağlanan müqavilə, bugünkü satış demək deyil.
Məsələn,bu gün elan olunan neft qiymətləri sentyabr, oktyabrda satılacaq neft qiymətlərdir. Azərbaycanda yalnız “Aİ-92” markalı benzinin qiyməti tənzimlənir, “Premium” benzin isə idxal olunur. “Premium” markasının idxalçısı bir yox, bir neçə şirkətdir. Bu o deməkdir ki, əslində rəqabət var.
Mən xatırlayıram ki, neft qiymətləri aşağı düşdüyü zaman idxal benzinin də qiyməti aşağı düşmüşdü. İdxal qiymətlərindən asılılıq səbəbindən belə halın olması da normaldır. “Premium” markasının ölkə daxilində istehsalı ilə bağlı layihə də mövcuddur. Düşünürəm ki, Azərbaycanda bu marka benzin istehsal olunduğu zaman idxaldan asılılığı minimuma endirmək mümkün olacaq.
– Hazırda neft qiymətləri dövlət büdcəsində nəzərdə tutulduğundan yüksəkdir, manatın məzənnəsi stabildir, amma ərzağın bahalaşması sürətlə gedir. Demək olarmı ki, sahibkarlar sərt karantində itirdikləri gəliri bu yolla geri qazanır?
– Bu ilin 6 ayının nəticələrinə görə, ölkədə inflyasiya 4.3% olub. Əhalinin nominal gəlirləri isə 0.4% artıb. Bu o deməkdir ki, qiymətlərin artımı əhalinin gəlirlərinin artımından çoxdur. Biz ərzağın bir hissəsini xaricdən idxal edirik. Xarici ölkələrdə olan inflyasiya da bu səbəbdən bizə təsir edir. Bəzi hallarda bunu fürsət sayıb daha çox qazanmaq istəyən sahibkarlara da rast gəlirik. Hesab edirəm ki, burda ikitərəfli iş görmək lazımdır. Yəni əhalinin gəlirlərinin artmasına çalışmaq, sahibkarlıqda rəqabət mühitini gücləndirmək, yerli istehsalı artırmaq lazımdır.
– Tahir müəllim, nədən danışsaq da, bir ucu pandemiyaya bağlanır. Hazırda pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu zərərin həcmilə bağlı rəqəmlər varmı?
– 2020-ci ildə ÜDM 5 faizə qədər azalıb. Bu o deməkdir ki, biz ÜDM-də 4 milyard manata qədər itirmişik. Bu ciddi geriləmədir və iqtisadiyyatın bütün sektorlarına öz təsirini göstərir. Bütövlükdə Azərbaycanın dövlət büdcəsindən pandemiyadan zərər çəkmiş sahələrin dəstək planı 3,5 milyard manata yaxın oldu. Əgər pandemiya olmasaydı, bu vəsait inkişaf üçün xərclənərdi. Ona görə pandemiyanın vurduğu iqtisadi ziyan milyardlarladır.
– Pandemiya həm də peyvənd kimi bir sahənin inkişafını zəruri etdi. Hazırda peyvənd istehsalçıları arasında rəqabət gedir. Bunu pandemiyadan doğan biznes növü kimi qiymətləndirmək olarmı?
– Belə bir yanaşma var. Dünyada bu cür xəstəliklərin yayılması tibb, dərman sahəsi və sənayesinin daha çox gəlir əldə etməsinə səbəb olur. Bunun bir əsası var. Amma bütövlükdə peyvənd olmasa, xəstəlikdən yaxa qurtarmaq qeyri-mümkündür.
Təbii ki, bu gün əsas məsələ kimin pul qazanmasından daha çox insanların sağlamlığının qorunmasını təmin etməkdir. Pul qazanmaq, iqtisadiyyatı bərpa etmək mümkündür, amma itirilən insanı geri qaytarmaq olmur. Ona görə dövlətlər insan amilini qorumağa çalışırlar. Virusdan qorunmaq üçün başqa yol yoxdur. Peyvənd istehsal edən şirkətlər nə qədər qazansalar da, bizim əsas məqsədimiz peyvənd əldə etmək və insanları virusdan qorumaqdır.
Təəssüf ki, bu gün dünyada peyvəndlərin paylanmasında böyük ədalətsizlik hökm sürür. Bəzi ölkələr var ki, orada indiyədək 1 nəfərə də peyvənd vurulmayıb. Cənab Prezidentin BMT-də bildirdiyi kimi bu məsələyə fərdi yanaşmaq düzgün deyil. Bu qlobal problemdir. Hər hansı qrup insanın xəstə qalması sağalmış insanların da riskə atılması deməkdir.
– Azərbaycan dünyanın bir parçası olaraq, ölkələrlə çoxtərəfli münasibətlərin qurulmasında maraqlıdır. Hazırda Azərbaycanın iqtisadi tərəfdaşları ilə münasibətləri, yeni bazar axtarışları ilə bağlı məsələ nə yerdədir?
– Hər bir ölkənin ənənəvi bazarları var. Bu, onun yerləşdiyi regionla, qonşuluğundakı böyük bazarlarla bağlıdır. Biz Rusiya, Türkiyə, İran, Orta Asiya ilə ənənəvi iqtisadi əlaqələrə sahibik. Bu ölkələrə daha çox məhsul ixrac etmək cəhdimiz tamamilə normal və başadüşüləndir. Çünki məsafə daha qısadır. Biz daha az xərclərlə məhsulumuzu realizə edirik. Bu, rəqabət üstünlüyümüzü müəyyən edən məsələlərdən biridir. Amma təbii ki, iqtisadi təhlükəsizlik baxımından yeni bazarlar tapmaq, iqtisadiyyatımızı daha dayanıqlı inkişaf etdirmək üçün daha çox xarici bazara çıxış əldə etməliyik.
Avropa Birliyinə əsasən neft, qaz, kimya məhsulları satırıq ki, bu da böyük gəlirlərin əldə edilməsi deməkdir. Daha uzaq bazarlara məhsul və xidmət ixrac istəyimiz bizim istehsal fəaliyyətimizin qarşısında daha çox təkmilləşmə tələbi qoyur. Avropa bazarına məshul ixrac etməyimiz, həmin bazarda Almaniya, Avstriya, Niderlan, Amerika şirkətlərilə rəqabətə girməyimiz deməkdir. Əgər biz nəyisə satmağı bacarırıqsa, deməli, rəqabətdə udmuşuq. Udmuşuqsa, deməli, bizim də tətbiq etdiyimiz texnologiyalar həmin ölkələrin şirkətlərindən geri qalmır.
Bu, həm də o deməkdir ki, ölkəmizdə daha müasir texnologiyalar tətbiq etməli, daha çox rəqəmsallaşmaya diqqət yetirməli, əmək məhsuldarlığını artırmalıyıq. Rəqəmsallaşma məhsulun dəyərini aşağı salmaqla yanaşı, mənfəəti bir neçə dəfə artıra bilir. Bu cəhətdən daha çox rəqəmsallaşma ilə bazara çıxmaq mühüm məsələlərdən biridir. Şimal-Cənub, Şərq-Qərb infrastruktur layihələri Azərbaycan sahibkarlarına daha rahat, daha asan, daha ucuz xarici bazarlara çıxmaq imkanı yaradır.
– Nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərdə bütün infrastruktur sıfırdan qurulur, dediyiniz mühüm tələbləri məhz o səviyyəyə çatdırmaq mümkündürmü? Xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması ilə…
– İstənilən halda Azərbaycanda yeni qurulan müəssisələrdə bu tələblər var. Çünki onlar yeni texnologiyalarla qurulur. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə daha çox innovativ bölgə kimi innovativ texnologiyaların tətbiqilə rəqabətqabiliyyətli, bir çox hallarda isə məhsullarını daha çox xaricə sata bilən müəssisələrin qurulması dövlətin qarşısında duran mühüm prioritetdir. Hətta Zəngəzur dəhlizinin açılması, bu barədə mühüm şərtin razılaşmada yer alması, onu deməyə əsas verir ki, burada qurulan müəssisələr Zəngəzur dəhlizi vasitəsilə Qərb bazarlarına çıxış əldə edəcəklər. Qərb bazarlarına çıxış əldə etmək daha çox innovativ olmaq tələbi irəli sürür. Ona görə həmin bölgədə olan infrastruktur, yaşayış tərzi, şəhər və kəndlərin smart olması onu deməyə əsas verir ki, Azərbaycan Qarabağı, Şərqi Zəngəzuru bütövlükdə qeyri-ənənəvi bazarlara çıxış üçün məhsul istehsal edən bölgəyə çevirmək fikrindədir. Bu, həm oraya gələcək investisiya ilə, həm dəb yaratdığımız infrastrukturla bağlıdır. Bütövlükdə isə bu layihələr Azərbaycan iqtisadiyyatı qarışısında duran bir çox vəzifənin Qarabağ, Zəngəzur vasitəsilə həll edilməsi deməkdir.