“2019-cu ilin sürətli iqtisadi inkişaf ili olacağı əvvəlcədən gözlənilirdi. Bu artımı şərtləndirən əsas amillər kimi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında aparılan iqtisadi islahatlar, ölkədə islahatlar üçün əlverişli mühitin olması, uzun illər ərzində həyata keçirilən iri layihələrin, inşa edilən müəssisələrin fəaliyyətə başlamasını göstərmək olar”.
Bu fikirləri millət vəkili Tahir Mirkişili səsləndirib.
Millət vəkili qeyd edib ki, son 6 ayın iqtisadi yekunları aşağıdakı mühüm nəticələrə gəlməyə imkan verir:
1. Aparılan islahatlara və təşəbbüslərə, dövlət başçısının çağırış və tövsiyyələrinə iqtisadi subyektlər lazımı dəstəyi və reaksiyanı verərək makroiqtisadi göstəricilərdə müsbət dinamika göstərmişlər. Belə ki, ötən müddət ərzində ÜDM-in 2.4%, qeyri-neft sektorunun 3.2%, qeyri-neft sənayesinin 15.7%, kənd təsərrüfatı istehsalının 13%, qeyri-neft ixracının 15%, valyuta ehtiyatlarının 4 mlrd dollar artması deyilənlərə sübutdur.
2. 2018-ci ildə qanunvericilik bazasının təkmilləşməsi iqtisadi tənzimləməni daha effektiv etmiş və iqtisadi subyektlərin şəffavlığa və haqlı rəqabətə inamını daha artırmışdır. 2019-cu ilin 6 ayının yekunlarına əsasən dövlət büdcəsi gəlirlərinin 440 mln manat artması, vergi yığımlarının 8.8%, gömrük yığımlarının 8% artması, vergi ödəmələrində qeyri-neft sektorunun payının 70%-u ötməsi, 100 mindən çox yeni əmək müqavilələrinin imzalanması bu deyilənlərə sübutdur.
3. Ötən müddət ərzində iqtisadiyyatın effektiv tənzimlənməsi artan bütün gəlirlərin 4 milyondam çox insanın sosial qayğısının gücləndirilməsinə yönəltməyə imkan vermişdir.
4. Bütün bu artımlar fonunda inflyasiya cəmi 2.5% olmuş, əhalinin gəlirləri isə 6.6% artmışdır.
Göründüyü kimi, bütün bu nəticələr diqqətlə planlaşdırılmış iqtisadi islahatlar dairəsinin elementləridir. Hər bir elementin müsbət dinamika göstərməsi atılan addımların effektivliyindən xəbət verir. Düşünürəm ki, ölkə başçısının “Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir” tezisi Azərbaycan iqtisadiyyatının inkişafında yeni müsbət nəticələr əldə etməyə imkan yaradacaqdır.