Azərbaycan regionlarının tarazlı şəkildə inkişafı ölkədə inklüziv inkişafa gətirib çıxarıb. Bu da Davos Dünya İqtisadi Forumunun inklüziv inkişaf indeksinin müəyyən olunmasına öz təsirini göstərib və Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr arasında üçüncü yerə çıxıb.
Deputat qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirildiyi ötən 14 il ərzində infrastruktur və iqtisadi baxımdan xeyli uğurlar əldə edilib. Elektrik, qaz, yol, kommunikasiya infrastrukturu xeyli yaxşılaşıb, bu sahədə əsas problemlər həll olunub. Regionlar artıq iqtisadi aktivlik və xarici sərmayələrin cəlb edilməsi baxımından müasir tələblərə tam cavab verir. Ötən 14 il ərzində regionlarda ümumi məhsul istehsalı 3,6 dəfə artıb. Azərbaycanda neft və təbii qaz hasilatı, neft məhsulları istehsalı nəzərə alınmasa, regionlar ümumi məhsul buraxılışında 42 faiz, sənaye istehsalında isə 40 faiz paya malikdir. 2003-ildə regionlar dövlət büdcəsinə 38 milyon manat vergi ödəyirdilərsə, hazırda bu rəqəm təqribən 600 milyon manatdır. Sənaye məhəllələrinin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalının və ixracın artması regionların iqtisadi inkişafda rolunu daha da artırıb. Müasir yanaşmalara görə, regionların tarazlı şəkildə inkişafı ölkəmizdə inklüziv iqtisadi inkişafa təsir edən mühüm amildir.
Azərbaycanın MDB və Şərqi Avropa ölkələri arasında ən çox investisiya cəlb edən ölkələr sırasında olduğunu vurğulayan parlamentari qeyd edib ki, adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan dünya miqyasında lider dövlətlərdən biridir. Ölkə iqtisadiyyatına yatırılan bu investisiyalar nəticəsində Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox böyüyüb, əhalinin gəlirləri artıb, yeni iş yerləri açılıb və özəl sektorun ümumi daxili məhsulda payı 80 faizi keçib. Regionların inkişafı həm də dayanıqlı iqtisadi inkişafı təmin edir. Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılması, regionlara daxili və xarici sərmayələrin cəlb olunması, texnologiyaların tətbiq edilməsi, istehsal və ixrac imkanlarının artırılmasıdır. Ölkə başçısı bu hədəfləri müəyyən etdi, yeni dövlət dəstək proqramının olacağını bildirdi. Gələcəkdə regionların iqtisadi cəhətdən daha da inkişafının və iqtisadiyyatda payının daha da artmasının şahidi olacağıq.
Əlverişli sahibkarlıq mühitinin yaranmasının həm də beynəlxalq təşkilatların müəyyən etdiyi reytinqlərdə də öz əksini tapdığını deyən deputat hər il Azərbaycanın bu mötəbər reytinq cədvəllərində irəliləməsinin ölkəyə inamı artırdığını, iqtisadiyyata qoyulan investisiyaların da həcminin çoxaldığını, bunun isə yeni müəssisələrin yaranmasına, yeni iş yerlərinin açılmasına və əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına xidmət etdiyini diqqətə çatdırıb.
Azərbaycanın tranzit imkanlarına toxunan deputat qeyd edib ki, dünya üzrə avtomobil yolları ilə daşınan yüklərin 2030-cu ilə qədər 30 faizinin, 2050-ci ilə qədər isə 50 faizinin dəmir yolları ilə daşınacağı proqnozlaşdırılır. 2050-ci ildə dəmir yolu ilə yükdaşımaların 87 faiz artacağı gözlənilir. Məhz bu kontekstdə Avrasiya məkanında daha qısa, bütün bölgələrin inkişafına təkan verəcək bir marşrut olan Bakı-Tbilisi–Qars dəmir yolunun iqtisadi potensialı xeyli yüksəkdir. İlkin hesablamalara görə, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə Türkiyə, Gürcüstan və Azərbaycan arasındakı ticarətin həcmi 10 milyard dollara çatacaq. Dəmir yolunun tam işə düşməsi ilə Azərbaycanın yüklərin tranzitindən əldə edəcəyi gəlir 1 milyard dollardan çox olacaq. Bu layihə həm də Azərbaycan ixracatçıları üçün yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanı yaradacaq ki, bu da ölkənin ixrac siyasətinin güclənməsinə təkan verəcək. AZERTAC