Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) apardığı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. 42 saylı Sumqayıt ikinci seçki dairəsindən YAP-ın namizədi Tahir Mirkişilinin şəhərin 4-cü mikrorayonunun seçiciləri ilə görüşü keçirilib.
Tədbirdə çıxış edən namizədin vəkilləri qarşıdan gələn parlament seçkiləri ilə bağlı məlumat veriblər. Bütün seçiciləri fevralın 9-da seçki məntəqələrinə çağıran natiqlər son illərdə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi inkişaf siyasətindən danışıblar. Bildirilib ki, bu gün ölkəmizdə həyata keçirilən siyasi kurs vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Çıxış edən YAP-ın Milli Məclis seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədi Tahir Mirkişili ölkəmizin inkişafı istiqamətində atılan addımlardan, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlardan danışıb. T.Mirkişili deyib ki, əldə edilən uğurlar Azərbaycan iqtisadiyyatının yeni mərhələyə qədəm qoymasını şərtləndirir. Mən inanıram ki, fevralın 9-da seçicilərimiz ölkəmizin inkişaf yolunda hər zaman Prezidentimizin siyasi kursunu dəstəkləyən YAP-ın namizədlərinə səs verəcəklər.
Daha sonra YAP-ın namizədi seçiciləri maraqlandıran sualları cavablandırıb.