Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dünyada baş verən bahalaşma, gələn il ölkəmizdə gözlənilən infilyasiyanın həcmi, qiymət artımları ilə bağlı hökümətin həyata keçirdiyi iqtisadi siyasətlə bağlı bir çox məsələlərə aydınlıq gətirib.
Komitə sədri qeyd edib ki, son 12 ildə dünyada ərzaq məhsullarının qiyməti bu dərəcədə artmamışdı. Qiymətlərin 32 faiz, bir çox hallarda isə 35 faiz qalxması qeyd olunur. Bunun bir çox səbəbləri var. Bir tərəfdən baxsaq, dünyada həm iqlim dəyişiklikləri baş verir, həm pandemiya baş verdiyinə görə daşınma zəncirində qırılmalar var. Əkin-biçinlə bağlı ləngimələr var. Yəni bu gözlənilən bir hal idi. Pandemiyadan sonrakı mərhələdə qiymətlərin artması gözlənilirdi. Qiymət artımının daxili və xarici səbəbləri var. Məlumdur ki, məhsulların bir hissəsi idxal olunur. Sözsüz ki, bu da qiymət artımına təsir edən faktorlardandır. Azərbaycanda əhalinin gəlirləri 65 milyard manata yaxındır. Onun 22-23 milyard manatını ərzaq məhsullarına xərcləyir. Bu təxminən 30 faizdən biraz artıq edir. İstənilən halda təbii ki, idxalda olan qiymət artımı insanların cibinə və güzaranına təsir edəcək. Çünki biz bir il ərzində təxminən manat ifadəsində 2 milyard manatdan çox ərzaq məhsullarını idxal edirik”.
Tahir Mirkişili bildirib ki, xaricdə qiymətlərin artması daxili istehsalçılar üçün də qiymət artımına stimul yaradır: “Bu da istənilən halda, biz bəzən buna süni qiymət artımı desək də, bir çox hallarda bu, bazarın yaratdığı ümumi qanunauyğunluq və tələblərdən biridir. Çünki bazar iqtisadiyyatı istənilən halda tələb və təklifin tarazlanmasını tələb edir. Lakin buna baxmayaraq hökümət bu istiqamətdə fəaliyyət göstərir. Hökümətin hədəflədiyi infilyasiyanın həcmi təxminən 4 faizdir. Bu hökümətin hədəfidir. Amma bu hədəfə nail olunacaqmı? Təbii ki, burada bir çox amillər var. Burada pandemiyanın nə qədər davam edəcəyi əsas amillərdəndir. İkinci bir tərəfdən, asılı olduğumuz idxal qiymətlərinin hansı səviyyədə artması da önəmlidir. Beynəlxalq təşkilatların növbəti ildə verdiyi infilyasiya hədəfləri bu ilə nisbətən az olması proqnozlaşdırılır. Bu cəhətdən baxsaq infilyasiyanın növbəti ildə bu ildən daha az hədəflənməsini təbii sayırıq”.
Millət vəkili onu da qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasət bir çox hallarda infilyasiyanı hədəfləməsi üçün əlavə imkanlar yarada bilir: “Qeyri neft sektorunun artım tempinə baxsaq görərik ki, bu ilin sonuna kimi 6 faiz , növbəti ildə isə təxminən 5 faizə qədər artım planlaşdırılır. Eyni zamanda dövltin iqtisadi dəstək proqramlarının çeşidlənməsi, yeni alətlərin və yeni hədəflərin olması planlaşdırılır. Reallıq ondan ibarətdir ki, bu gün infilyasiya ilə mübarizə aparmaq getdikcə daha çətinləşir. Çünki infilyasiya getdikcə bir qlobal bəlaya çevrilir. Bununla bağlı bütün alətlər yalnız bizim əlimizdə deyil. Amma bunun qarşılığında bizim hədəfləyə biləcəyimiz əhalinin gəlirlərinin artmasıdır. Elə etmək lazıdmır ki, infilyasiyanın əhalinin əldə etdiyi gəlirləri üstələməsinə imkan verilməsin. Bu cəhətdən baxsaq gələn il maaş və pensiyaların artımlarının təxminən 20-40 faiz intervalında olacağı proqnozlaşdırılır. Nəzərə alsaq ki, gələn il neftin qiymətini büdcədə 50 dollar planlaşdırırıq, amma neftin bir bar barelinin qiyməti 65- 75 dollar arasında olacağı proqnozlaşdırılır. Bu baxımdan əlavə daxilolmalar imkan verəcək ki, bunları kompensasiya edək”.