Bir neçə gündür ki, mediada və sosial şəbəkələrdə Azərbaycan Mərkəzi Bankında baş verən rəhbər dəyişikliyi müzakirə olunur. 38 yaşlı Taleh Kazımovun İdarə Heyətinə yeni üzv qəbul edilməsi daha çox müsbət qarşılanıb.
“Qafqazinfo”nun məlumatına görə, Taleh Kazımov əslən Cəbrayıl rayonunun Soltanlı kəndindəndir. O, tanınmış yazıçı və uzun illər polis zabiti kimi daxili işlər orqanlarında xidmət etmiş Tahir Kazımovun oğludur.
Tahir Kazımov xidmətdə olduğu 1967-1997-ci illərdə bir sıra rayonların polis idarələrinin rəisi, eləcə də Bakı Metropolitenində Polis Şöbəsinin rəisi vəzifələrində çalışıb, polkovnik rütbəsinədək yüksəlib.
Yazıçı kimi də tanınan Tahir Kazımov 1998-2004-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində direktor müavini, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbə müdiri işləyib.
Birinci Qarabağ Müharibəsi veteran olan T. Kazımov bu ilin mart ayında 80 yaşında vəfat edib.
Taleh Kazımovun əmisi Qəzənfər Kazımov isə Azərbaycanın tanınmış dilçi professorudur. Həmçinin əmisi oğlu İsmayıl Kazımov da ölkəmizin dilçi alimlərindəndir.
Qeyd edək ki, Taleh Kazımov Elman Rüstəmovun yerinə Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib. Onun Mərkəzi Bankın rəhbəri təyin ediləcəyi bildirilir.
Nizam Rza