Tanınmış alim Cəbrayıl Azadəliyev vəfat edib

1594

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Metasomatizm və filizəmələgəlmə sektorunun müdiri geologiya-mineralogiya elmləri doktoru, professor Cəbrayıl Azadəliyev 87 yaşında vəfat edib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Cəbrayıl Azadəliyev 1935-ci il noyabrın 29-da Qərbi Azərbaycanın Qafan rayonunun Mahmudlu kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin “Geoloji çəkiliş və faydalı qazıntı yataqlarının axtarışı” şöbəsini bitirib. 1959-cu ilin iyun ayından akademik Mirəli Qaşqayın şəxsi təşəbbüsü ilə Geologiya İnstitutuna (indiki Geologiya və Geofizika İnstitutu) təyinat alıb, 1961-ci ildə əyani aspirant, sonra kiçik elmi işçi, böyük elmi işçi kimi fəaliyyət göstərib. 1986-cı ildən Metasomatizm və filizəmələgəlmə şöbəsinə rəhbərlik edib.

1966-cı ildə “Cənubi Daşkəsən dəmir filizi yatağında skarnəmələgəlmə prosesləri” mövzusunda dissertasiya müdafiə edərək geologiya elmləri namizədi adına layiq görülüb. 1998-ci ildə “Plutonogen-üçvəhdətli kontakt-termal metamorfizm, skarnfilizəmələgəlmə və mis-porfir filizləşməsi prosesləri (Kiçik Qafqaz timsalında)” mövzusunda dissertasiya müdafiə edərək geologiya elmləri doktoru adına layiq görülüb.

Professor Cəbrayıl Azadəliyev metamorfizm, metasomatizm və filiz əmələgəlmə proseslərinin fiziki-kimyəvi analizi, filiz yataqlarının geologiyası, mineralogiyası və geokimyası, endogen metallogeniya, genetik mineralogiya və fiziki geokimya, tətbiqi geologiya, geoekologiya elm sahələri üzrə tədqiqatlar aparıb. Azərbaycanda metasomatik mineraləmələgəlmə proseslərinin öyrənilməsi sahəsində yeganə mütəxəssis olaraq elmin bu mütərəqqi istiqamətini müvəffəqiyyətlə inkişaf etdirib. Alimin bu sahədə əldə etdiyi 20-dən çox dəyərli elmi və tətbiqi nəticələr ən mühüm nailiyyətlər qismində SSRİ Elmlər Akademiyasının və AMEA-nın illik hesabatlarına daxil edilib.

Alim, həmçinin yer qabığında kalsiumlu skarnların əmələ gəlməsinin konvergentliyi ideyasını irəli sürüb. Kiçik Qafqaz regionunun tektonik-maqmatik inkişafı ərzində yer qabığında yaranmış “filiz-maqmatik sistemlər”in ayrılması prinsiplərini işləyib hazırlayaraq, maqmatik kütlənin homodrom təkamülü ilə əlaqədar bu sistemlərin hidrotermal fəaliyyətinin ikili xarakterli (maqmanın özünün təkamülü ilə bağlı hidrotermal məhlulların bilavasitə təkamülü) ideyasını irəli sürərək əyani olaraq əsaslandırıb.

Professor Cəbrayıl Azadəliyev 300-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiya, dərs vəsaitlərinin, eləcə də magistrantlar üçün tədris proqramlarının müəllifi idi.

Səmərəli elmi və ictimai fəallığı ilə seçilə alim “Tərəqqi” medalı və AMEA-nın fəxri fərmanları ilə təltif olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər