Report.az saytının müsahibi Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru, Honnover Akademiyasının akademiki, Roma şəhərinin fəxri alimi, respublikamızda bir çox maraqlı layihələrin müəllifi, memar Cahid Həsənovdur.
– Cahid müəllim, Azərbaycanda memarlıq və şəhərsalma sahəsindəki vəziyyət bu gün hansı səviyyədədir?
– Azərbaycanda son illər gedən memarlıq və şəhərsalma işləri Avropa ölkələri ilə müqayisə olunacaq səviyyədədir. Son illərdə Azərbaycan dünya memarlıq səlnaməsinə memarlıq əsərləri bəxş etdi. Muğam Mərkəzi, Kristal Holl, Üç alov kimi tanıdığımız tikili və ən başlıcası isə məşhur, əfsanəvi memar Zaha Hədidin Heydər Əliyev Mərkəzidir. Heydər Əliyev Mərkəzi haqqında ictimaiyyətin bilməsi üçün bir sirr açım. Heydər Əliyev Mərkəzinin binası bir neçə rakusdan bir neçə cür oxunur və görünür.
Fasaddan baxdıqda ulu öndər Heydər Əliyevin imzasını asanlıqla gördüyümüz bu sənət əsərinə müxtəlif tərəflərdən baxdıqda görünüş də dəyişir. Əsasən uca zirvəli qarlı dağlar, aysberq, dəniz dalğası, göydə süzən ağ göyərçin və islamın rəmzlərindən olan ağ çarşablı qadının təsvirlərini görmək mümkündür.
Bunları sadalamaqda məqsədim budur ki, hələ dünya yaranandan bu günə kimi dünya memarlığında belə bir tikili olmamışdır ki, müxtəlif rakusdan baxdıqda görünüşü dəyişsin.
Avropada əsrlərlə simvola çevrilən memarlıq abidələri vardır. Məsələn, Fransada Eyfel qülləsi, Azərbaycanda da Qız qalası idi. Lakin son illər yuxarıda adı çəkilən memarlıq əsərləri yeni simvollara çevrildi. Bu hala Avropada bu günədək rast gəlinməmişdir. Şəhərsalmada mütləq deyil ki, təkcə binalar tikilsin. Eləcə də Bulvar tikilişi, park və xiyabanlar da memarlıqda mühüm əhəmiyyət kəsb edirlər. Məhz bu konteksdə də Bakı bulvarının genişlənməsi, park və xiyabanların salınması da Azərbaycan xalqı ilə yanaşı, dünya xalqlarına bir töhfə olmuşdur.
– Hazırda bu sahədə regionlarımız hansı vəziyyətdədir?
– Regionlara nəzər saldıqda bölgələrimizdə inşa olunan bulvar, park və xiyabanlar üstünlük təşkil edir. Bu gün Azərbaycan regionlarında landşaft memarlığı deyə bilərəm ki, Avropa ölkələrinin paytaxt şəhərlərində belə getməyib. Regionlarımızda şəhərlərin memarlıq və şəhərsalması siyahısında Sumqayıt şəhəri 2018 və 2019-cu illərdə birinci sırada olmuşdur və 2020-ci ildə də bu birinciliyi saxlayacaqdır. Bu şəhər 70 illik yubileyi ərəfəsində artıq ümummilli liderimiz Heydər Əliyevin arzuladığı şəhərə çevrilib, onun dediyi kimi, tərənnüm olunub. Qısa bir dövr ərzində 4+1 km Sumqayıt bulvarı, Heydər Əliyev Parkı, bu park ərazisində Musiqi Məktəbi, Şahmat Məktəbi, YAP Sumqayıt Şəhər Təşkilatının binası, məktəb və bağçalar, küçə və prospektlərin yenidənqurulması bütün dediklərimin bariz nümunəsidir.
Sumqayıtda bulvarın salınması bir tarixi hadisə oldu. Bu bulvar ərazisində Bayraq Muzeyi, Muğam Mərkəzi də bulvarla yanaşı, nəinki sumqayıtlılara, eləcə də Azərbaycan memarlığına böyük töhfə oldu. Cənab Prezidentimiz bu bulvarı bir möcüzə deyə adlandırdı. Və bulvarın bir qədər də genişlənməsi üçün göstəriş verdi. Bu bulvar digər baxımdan da bir yenilik bəxş etdi: şəhər sıxlığını boşalda bildi. Belə ki, 5 km uzunluğunda bu bulvarın sağ cinahı boyu çoxlu yaşayış binaları tikilərək artıq istifadəyə verildi.
Bu həm indiki problemimiz olan şəhərlərdə tikinti sıxlığını aradan qaldırılmasında rol oynamaqla şəhər ərazisinin diapazonunu xeyli genişləndirdi. Xəzər sahilində Sumqayıt var idi, amma burada deyərdim ki, üzü dənizə baxan binalar yox idi. İndi bu baş verdi. Mən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova bir memar kimi öz minnətdarlığımı bildirirəm.
Sumqayıtın gecə tərtibatında isə hətta artıq Bakını irəliləyərək 1-ci sıradadır.
Azərbaycanın digər böyük şəhəri olan Gəncə, təəssüf ki, son illərdə 3-cü yeri də itirdi. Çox təəssüf.
– Bu gün memarlıq və şəhərsalmada hansı problemlər var?
– Problem iki primitivliklə rastlaşmağımızda oldu. Birincisi, memarlıq sıxlığı deyə anlamın yaranması. Qeyd edim ki, bir çox hallarda yeri gəldi gəlmədi ətraf mühitin klassik memarlığı nəzərə alınmadan çox sıxlıq yaradan, özüdə zovqsüz tikililər özlərinə yer tapa bildilər. Yəni nə fasad görünüşü, nə də umimi konsepsiyası olmayan binalar inşa olundu. Həm inzibati, həm də yaşayış binaları.
İkincisi, xüsusən yaşayış binalarının yaşıllıq zonasının olmaması. Əksər binaların ərazisində, hətta həyətlərində belə 1 kvadratmetr belə yaşıllıq sahəsinin olmaması. Bina sakinlərinin asudə vaxtlarında həyətlərində belə gəzinti sahəsinin olmaması, nəqliyyat vasitələrinin yeraltı dayanacaqları olmamasına görə binaların həyətləri bu dayanacaq funksiyasınnı yerinə yetirib ki, bu gün həmin binalarda, demək olar ki, heç piyada gəzintisi üçün yer belə qalmayıb. Son illər Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən bu ciddi nəzarətə götürülüb. Yəni yeni tikililərdə yaşıllıq zonasının faizini də belə təyin ediblər. Bu yaxşı haldır və yaxın gələcəkdə öz bəhrəsini də verəcək. Bilirsiniz, burada vətəndaşlarımızın da məsuliyyəti olmalı idi. Təsəvvür edin, belə bir deyim var: bina dənizə baxır. Hər ev alan bu stimulu götürərək baha da olsa, belə binalarda ev alıb. Daha doğrusu, tikinti firmaları ilə tez rabitə qurub. Amma heç kim deməyib ki, bu binaların həyətində yaşıllıq zonası çox olsun. Ola bilər ki, yaşayış binasının üzü dənizə olmasın, lakin həyətində yaşıllıq zonası olsun və bu yaşıllıq zonası olan bina əslində üzü dənizə baxan, yaşıllıq zonası olmayandan əslində qiymət baxımından baha olmalıdır. Xaricdən fərqli olaraq bu, bizdə belə deyil. Təbii ki, sahibkar hər kvadratmetr yerdən iqtisadi baxımdan səmərli istifadə edir. Amma tələb ictimaiyyətdən gəlməlidir.
– Şəhər mühitində sosial xarakterli kiçik memarlıq atributları, daha dəqiq desək, şəhər ərazisində heykəllərin yerləri düzgün seçilirmi?
– Şəhər mühitində olan heykəllər həm də memarlığın ayrılmaz hissəsidir. Bilirsiniz, gördüyümüz o daş, cansız olan heykəllər əslində dinindən, irqindən asılı olmayaraq, bütün insanlarla bilavasitə söhbət etməklə, ərazi haqqında tarixi məlumatları otürən böyük bir reklam vasitəçisi missiyasını yerinə yetirir. Burada söhbət təkcə tarixi şəxsiyyətlərdən getmir. Sosial mövzulu heykəllər də (modern üslubda) dünya şəhərsalma və memarlığında geniş vüsət tapmışdır. Dünyaca məşhur fransız səyyahı Aleksandr Düma Şamaxı və Şəki şəhərlərində olub. Bu gün bizdə bununla əlaqəli nə bir reklam lövhəsi (ümumiyyətlə, Azərbaycan reklamı, sosial reklam bərbadlığı haqqında əlavə danışacağam), nə də bir abidə kompleksi var. Bax bu şəxsiyyətin, məncə, olduğu yerlərdə heykəli qoyulmalıdır ki, Avropadan, ümumiyyətlə, dünya ölkələrindən turistləri regionlarımıza cəlb edə bilək. Həm də bizim tariximizin zənginliyini dünya ictimaiyyətinə göstərə bilək. Və bu konteksdə mənim işlədiyim Sarı Gəlin Abidə Kompleksni qeyd etmək istərdim. Xalq mahnımızın düşmənlər tərəfindən oğurlandığı bir ərəfədə, məncə, belə bir heykələ ehtiyac var. Gəncə şəhərində layihələndirdiyim Əli və Nino abidə kompleksi xarici qonaqlar tərəfindən maraqla qarşılandı.
Heykəllərin yerinin təyin olunması da mühüm əhəmiyyət kəsb edir. Bəzən tarixi şəxsiyyətlərə qoyulmuş heykəllərin yerləri effekt vermir. Götürək elə bu günlərdə yeri dəyişdirilən Xətainin heykəlini. Yolun ortasında, tədbirlər vaxtı ərazisi olmayan bir yerdə necə heykəl ola bilərdi. Və yaxşı ki, bu, öz həllini tapdı. Tağıyevin heykəlinin ucaldılması tarixi bir hadisədir. Lakin bu heykəlin İçəri Şəhər metrosu deyilən ərazidə qoyulması mənim fikrimcə, uğurlu yer deyil. Heykəlin əzəməti ərazisinin rakus bucaqlarından vizual görünməsidir.
Bütün bunlarla yanaşı, müxtəlif sosial xarakterli kiçik həcmli heykəllərə də ehtiyac var. Daha doğrusu, Bakıda boşluq var. Təsəvvür edin, bu yaxınlarda Nərimanov rayonu ərazisində bərpa olunmuş Atatürk parkında Azərbaycan-Türkiyə dostluğunu tərənnüm edəcək müxtəlif səpkili sosial mövzulu heykəllər gərək olaydı. Amma olmadı. Son illərdə sosial mövzulu heykəllərlə bağlı dünya ölkələrində bir dəbdə vardır ki, heykəllər artıq təkcə park ərazilərində deyil, həm də qonaq olan xaricilərə (hansılar ki, parklarda gəzməyə vaxtları olmur) böyük təsir etmək üçün yol kənarlarında belə quraşdırılır. Məsələn, Azərbaycanın ipək istehsalını, mətbəxini, təamlarını göstərən heykəllər. Mən istərdim ki, bizdə də belə adət başlasın.
Ümumiyyətlə, ictimai xadimlərə indi heykəllər qoyulur. Siyasi xadim heykəl anlamına gəldikdə, mən ümummilli liderimiz Heydər Əliyevin 25 metrlik heykəlinin adını daşıdığı Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılması üçün layihə işləyirəm və Heydər Əliyev Fonduna təqdim edəcəyəm. Bilirsiniz, yuxarıda qeyd etdiyim ki, Heydər Əliyev Mərkəzinin fasadı Ümummilli Liderimizin imzasıdır. Məhz belə fasad qarşısında Qafqazda belə bir tayı bərabəri olmayacaq heykələ ehtiyac vardır. Heydər Əliyev kimi şəxsiyyətə belə bir əzəmətli heykəl ucaltmaq lazımdır. Heydər Əliyev Mərkəzinin ərazisinin landşaftı məni bir memar kimi hər gün səsləmişdir. Mən də Ümummili Liderimizin yubileyinədək istərdim, bu, baş tutsun.
– Bu gün Azərbaycan memarlarının peşəkarlığı hansı səviyyədədir?
– Peşəkarlıqla bağlı bizdə iki əsas boşluq var: birincisi, maraqlı, kreativ ideyalar təklifi bizdə verilir. Əlaqədar qurumlar, xüsusi ilə də bu qurumların ictimai əlaqələr şöbələri yalnız bunlar haqqında bir yazı olanda cavab verirlər, ya da sərəncamları yayımlayırlar. Əslində ideyalar verən mütəxəssislərlə daima sıx əlaqədə işləməli, biz yaradıcıları dəvətləndirərək təkliflərimizi alaraq həmin hökumətə təqdim etməlidirlər. Bir növ ötürücü rolu oynamalıdırlar. Bax bu mexanizm bizdə hələ də işə düşməyib. Mən son illərdə yeni kreativ layihələrlə 300-dək çıxışlar etmişəm. Təkliflər vermişəm, amma bir qurumdan belə bir təklif almamışam. Mən Aleksandr Dümaya Şamaxıda olduğu ərazidə Şamaxı şairləri ilə söhbətləşərkən formatında layihəni bu son 10 ildə 3 icraya təqdim etmişəm. Verdiyim layhələr bir hədiyyə olmaqla. Xaricdə mənim kimi memarlardan hətta xüsusi müqavilə əsasında (vəsait ödəməklə) layihələr tələb edirlər. Bizdə, bu yoxdur.
Xaricdə bir memar gözəl bir layihəni qapı-qapı düşüb gəzməyir. Onun alıcısı daima onun yanındadır. Alıcı əlaqədar qurumlardır. Və bu qurumların rəhbərləri bir saniyəlik də mütəxəssiz çağırıb bir təklif almaları üçün görüş etməyiblər. Amma əslində onlar hətta xarici dövlətlərdə araşdırmalar aparmalı, Azərbaycan memarlığı üçün maraqlı, kreativ layihələri işləyə biləcək memarları tapmalı və ölkəmizə dəvət etməlidirlər. Mən fürsətdən istifadə edib onlara səslənirəm ki, mütəmadi olaraq yaradıcı kollektivləri ətraflarına cəlb etsinlər. Onlar da daha da həvəs yaratsınlar. Belə olduqda nəticəsi də effektli olar.
İkincisi, peşəkarlığdan danışdıqda regionlarımızın əksəriyyətində baş memar kimi fəaliyyət göstərənlərin heç memar diplomu belə yoxdur. Belə çıxır ki, Azərbaycanda memarlıq fakültəsi lazım deyil. Amma onu qeyd edim ki, sovetlər dövründə memar ştatlarına əlaqədar təşkilatlar sorğular göndərirdilər. Son kursda artıq bilirdik ki, təyinatlar haraya olacaq. Hətta seçim də verirdilər. Tələbə birbaşa sənətinə uyğun ştatla işləməyə göndərilirdi. Təsəvvür edin ki, indi diş həkimi gedir genekoloq işləyir.
– Peşəkar memarların inkişafı üçün nə etmək lazımdır?
– Memarlıqda peşəkarlığla bağlı ciddi addımlar atılmalıdır. Mənim fikrimcə, rayonlara baş memarlar Dövlət Arxitektura və Tikinti Komitəsi tərəfindən təyin olunmalıdır. Daha doğrusu, bu ştatda fəaliyyət göstərən memarlar adı çəkilən qurumdan məvacib almalıdırlar (rayon və şəhər ərazisində ümumi şöbələrdən əlavə).
Lap ola bilər ki, regionlar üzrə memarlıq şöbələri açılsın. Bu məsələ nə qədər tez həllini tapsa, bir o qədər region memarlıq və şəhərsalmamızı daha intensiv inkişaf etdirə bilərik. Bu, çox ciddi sahədir. Bu sahədə fəaliyyət göstərən memarlardan indi peşəkar olmalarını tələb etmək azdır. Gərək, onlar bu gün dünya memarlığında gedən yeniliklərdən xəbərdar olsunlar. Hətta əlaqəli olsunlar. Təəssüf ki, bu memarlar yalnız deyərdim dar çərçivədən kənara çıxa bilməyirlər. Memarlıq şöbələrində elə gözləyirlər ki, qapını kimsə döyüb hansısa bir ticarət obyekti və ya fərdi yaşayış evi üçün müraciət etsin. Belə fəaliyyət növü düz deyil. Rayon və şəhərlərin memarlıq şöbələrinin özündə belə bir qrup yaradılmalıdır ki, onlar respublika daxili və xarici iş adamlarını cəlb etməklə, onlara ərazilərindəki yerlərin perespektivliyi haqqında daima informasiyalar verməklə intensiv fəaliyətdə olsunlar.
Regionlarımıza turistlərin cəlb olunması üçün memarlar təkliflər konsepsiyası işləyib hazırlamalı və tədricən bu layihələr həyata keçirilməlidir. Turistlərin cəlb edilməsi üçün hotellərin çox olması heç bir mühüm rol oynamayır. Gərək, əcnəbi turisti təəccübləndirəcək memarlıq əsərləri ola. Turist hər hansı bir ölkəyə yatmağa gəlmir. Yaradılmış maraqlı bir sənət işinə görə gəlir. Bu ya təbiət, ya da memarlıq əsəri olmalıdır.