Tanınmış sumqayıtlı radio aparıcısı: "Öz-özümə deyirdim ki, bəlkə, bir filmə çəkilərəm, amma seriala - əsla!"

2219

“Ağa deyir sür dərəyə, biz də sürürük. Bu, mənim şəxsi radiom deyil. Ona görə də nə deyilir, onu da edirik”

sumqayitxeber.com Tanınmış radio aparıcısı Aygün Akifin sputnik.az saytına müsahibəsini təqdim edir:

Tanınmış radio aparıcısı Aygün Akif Sumqayıt şəhərində doğulub. İqtisad Universitetinin məzunudur. 14 ildir ki, radioda fəaliyyət göstərir. İlk iş yeri nə qədər qəribə səslənsə də, 2 saylı Vergilər Departamentində olub. Daha sonralar “Dünya” TV-nin aparıcısı olub, radioya maraq yarananda isə həmkarı Rəhman Rəsulun köməkliyi ilə “Antenn 101 FM”-də fəaliyyətə başlayıb. Son 6 ildir, “Araz” FM-in səhər aparıcısıdır.

– Televiziyada və “Antenn 101 FM”də xəbər aparıcısı olsanız da, indi fərqli profildəsiniz.

– Xəbəri çox sevirdim. Hələ uşaq vaxtlarımdan qəzetləri, jurnalları aparıcı kimi oxuyurdum. Səlis nitqim olduğuna görə məktəbdə də tədbirlərdə məni önə çəkirdilər. Əlaqəm olmasa da, xəbər aparıcılarımıza arada müdaxilə edirəm. İndi bir çoxları vurğulaya bilərlər ki, ən yaxşı radio və ən yaxşı səhər efirində çalışıram.

– Xəbərdən şou verilişlərə keçmisiniz. Bu cür dəyişkənlik sizdə necə alınır?

Araz FM-in aparıcısı Aygün Akif
© SPUTNİK / MURAD ORUJOV
Araz FM-in aparıcısı Aygün Akif

– Məndə bu proses çox rahat olur. Hətta bizim efiri dinləyənlər bilirlər ki, biz müxtəlif ləhcələrdə danışırıq. Çox yaxşı da alınır.

– Sözün hər bir mənasında radionun görünməyən tərəfləri çoxdur.

– Əslində, bu işin elə marağı da bundadır. Dünya praktikasında da belədir. İnsanlara çox maraqlı gəlməlidir ki, bu insanın görünüşü necədir. Çox heyf ki, indi belə deyil. Sosial şəbəkələr bütün bu stereotipləri qırıb. Artıq hər kəs bizi tanıyır. Mən bunu dəstəkləmirəm. Əgər görünmək istəyirsənsə, bunun üçün televiziya var. Bununla yanaşı, bizim görünməyən aparıcılarımız var. Məsələn, 101 FM-də Yaqutu dinləyicilər görməyiblər.

– Sizcə, müasir dövrümüzdə bizim radiolarda nə çatmır?

– Çox şey. Dünya praktikasına baxanda biz çox səhv verilişlər aparırıq. Radioda o qədər xırdalıqlar var. Səhvlər cinqllarda, aparıcıların danışığında, mahnılarda, düzülüş qaydasındadır. Radio yarananda onun formatı öncədən hazır olmalıdır. Bəzən görürsən ki, xarici mahnılar verilir, sonra çevirirlər Azərbaycan mahnılarına. Ellə bir gedirik. Ağa deyir sür dərəyə, biz də sürürük. Bu, mənim şəxsi radiom deyil. Ona görə də nə deyilir, onu da edirik.

– Səhər efirindən sonra radiolarımızda sanki durğunluq yaranır.

– Çünki səhər efiri qızğın vaxtdır. Hamı maşında olur. Dinləyici kütləsi pik həddə çatır. Bir də axşam bu halla rastlaşırıq. Məhz buna görə də reklam verən tərəflər “prime-time” seçirlər.

– Amma mən çox yaxşı xatırlayıram, 10-15 il öncə gecə efirləri daha çox dinlənilirdi.

Araz FM-in aparıcısı Aygün Akif
© SPUTNİK / MURAD ORUJOV
Araz FM-in aparıcısı Aygün Akif

– O vaxtlar gecə radioya qulaq asmaq dəb idi. Ola bilər, bunun səbəbi sosial şəbəkələrə olan maraqdır. İnsanlar indi gecələr “Instagram”da olurlar. Hətta radioda gedən xəbərləri də biz internetdən alırıq. Bir sözlə, internet bizdən bir baş üstündür.

– İstirahətdən yenicə dönmüsünüz. Bu dəfə, deyəsən, ölkə xaricini seçmişdiniz.

– İlk dəfə idi ki, iki gün yol gedirdim. Bu dəfə göylə yox, yerlə getməyə üstünlük verdim. Yerlə getmək göylə getməkdən daha yaxşıdır. Göylə gedəndə bilirəm ki, nə vaxtsa düşəcəyəm yerə. Türkiyənin Rize şəhərində oldum. Çox gözəl idi. Ölmədən öncə oranı mütləq görmək lazımdır. Möhtəşəm bir yerdir.

– Sizin radiodan əlavə serial həyatınız da var.

– Heç vaxt, heç vaxt demə. Mən həmişə öz-özümə deyirdim ki, bəlkə, bir filmə çəkilərəm, amma seriala – əsla! Həyat elə bir bucağa saldı məni, səmimi deyim, pula ehtiyacımız oldu. Bu təklif gələndə etiraz etdim. Amma bizim “Xalxın evi” serialının rejissoru Ramil Hacıyevi çox sevirəm. Çox tərbiyəli bir şəxsdir. Onu qıra bilmədim. Serial mənim həyatımda dönüş oldu, həmçinin maddi durumuma müsbət təsir etdi. Biz iki illik müqavilə bağlamışdıq. Reytinq olduğuna görə 3-cü il üçün də razılaşma əldə etdik.

– Bu il sizin üçün heç də yaxşı başlamadı. Eviniz qarət olundu.

Araz FM-in aparıcısı Aygün Akif
– Ümumiyyətlə, elə şeyi sınamıram. Bu, hər kəsin başına gələ bilərdi. Evdə də deyirəm ki, ilk evi oğurlanan biz olsaydıq, dizimizə döyərdik.

– Oğrular tapıldılarmı?

– Cinayət elə də qaldı. Oğurlanmış nəyimiz var idisə, geri qaytarılmadı. Düzdür, cinayətkarlar tutuldular. Amma mən o şəxslərin törətdiklərinə inanmıram. Çünki mənim verdiyim suallara düzgün cavab vermədilər.

– Aygün xanım, yeni layihələr varmı?

– Heç kim təsəvvür edə bilməz ki, mən radionu necə sevirəm. Məzuniyyətdən qayıdan kimi mikrofonumu öpürdüm, pultun üstündəki düymələri az qalırdı ki, çıxardım yeyim. Sentyabr ayı üçün yeni mövsümə hazırlaşırıq. Serial da öz yerində. Qulağıma bir səs dəyib. Ola bilsin, yeni bir filmə dəvət etsinlər.

– Şəxsi həyatda yenilik yoxdur?

– Hələ ki evdə qalmışam. Yiyə duran yoxdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər