“Gülər Əhmədovanı da müdafiə edərəm, Elşad Abdullayevi də…”
Tanınmış sumqayıtlı vəkil Anar Qasımlı Lent.az-ın “Tərs sual” rubrikasının suallarını cavablandırıb. İctimai-siyasi xarakterli məhkəmə proseslərində vəkillik edən Anar bəyin adını çox adam Eynulla Fətullayev həbsdə olan zaman onun müdafiəçisi kimi eşitmişdi. Maraqlı ola biləcəyini nəzərə alıb müsahibəni təqdim edirik:
– Anar bəy, sizin ictimai-siyasi vəkilliyə başlamanız Eynulla Fətullayevin müdafiəsinə qoşulmağınızdan sonra oldu. Həmin vaxta qədər siyasi işlərdə vəkillik etmirdiniz. Kimin təşəbbüsü idi o prosesə qoşulmanız?
– Doğrudan da siyasi proseslərə Eynulla Fətullayevin müdafiəsinə qoşulduqdan sonra başladım. 2009-cu ildə Vəkillər Kollegiyasına üzv oldum, həmin dövrə qədər nümayəndə kimi mülki işlərə çıxırdım. Eynullanın müdafiəsinə 2010-cu ilin dekabrında qoşuldum. Həmkarım Elçin Sadıqov dedi ki, Eynullanın müdafiəsi üçün köməyə ehtiyac var, Eynulla ilə müzakirə edib və mənim müdafiəyə qoşulmağımı razılaşdırıblar. Beləliklə, dar mənada Eynulla Fətullayevin, geniş mənada isə, ifadə azadlığının, demokratik dəyərlərin müdafiəsinə başladım.
– Belə demək mümkünsə, sizin məşhurlaşmanızda, ictimai proseslərə qoşulmanızda Eynulla Fətullayevin xüsusi rolu olub.
– Eynulla Fətullayevin yox, Eynulla Fətullayevin məhkəmə proseslərinin. Əlbəttə, bu proses hamının diqqət mərkəzində idi. İstər yerli, istərsə də, beynəlxalq təşkilatlar, media bu prosesi yaxından izləyirdi. Diqqət mərkəzində olan bir işdə çıxış etmək adamı həm yaxşı, həm də pis mənada populyarlaşdıra bilərdi. Mən də çalışırdım ki, yaxşı mənada özümü təsdiq edim. Təbii ki, Eynullanın vəkili kimi hərdən təcridxanaya onun yanına gedib-gəlsəydim, məhkəmədə sakit otursaydım, yaxşı mənada tanınmazdım, bacarıqsız vəkil kimi tanınardım. Ancaq mən də o zaman xeyli zəhmət çəkdim, mətbuat konfransları keçirdim, Eynulla ilə bağlı bir sıra yazılar yazdım. Mətbuatda və ictimai sektorda tanınmağımda bunlar da rol oynadı. Ancaq onu da deyim ki, Eynulla Fətullayevin müdafiəsinə qoşulmazdan əvvəl parlament seçkilərində namizəd olmuşdum və təbliğat dövründə özümü cəmiyyətə təqdim edə bilmişdim.
– Eynulla Fətullayevin həbsdən sonrakı mövqeyini tənqid edənlər var. Bu barədə fikriniz nədir? İndiki mövqeyinə görə Eynulla Fətullayevi müdafiə etdiyiniz üçün peşman deyilsiniz ki?
– Yox, qətiyyən peşman deyiləm. Hər kəsin öz seçimi, öz yolu var. Eynullanı həbsindən əvvəlki fəaliyyətinə görə müdafiə eləmirdim, sonrakı fəaliyyətinə görə də onunla düşmənçilik edəsi deyiləm. Ümumiyyətlə, vaxtilə vəkili olduğum üçün onun sonrakı fəaliyyəti haqqında danışmağı düzgün hesab etmirəm. Vəkil hər kəsi müdafiə etməlidir, ən qatı cinayətkarları da, günahsız insanları da.
– Deyirsiniz, cinayətkarı da müdafiə edərəm. Gülər Əhmədovanı da müdafiə edərsinizmi?
– Hüquqi yardıma ehtiyacı olan və bu məqsədlə mənə müraciət edən istənilən adamı müdafiə edərəm. Bir şeyi deyim, ötənlərdə iqtidarla bağlı bir təşkilatla hüquqi yardımla bağlı müqavilə imzalamışdım və onları necə lazımdısa, elə də müdafiə etmişdim. Hətta bəzi həmkarlarım buna görə mənə rişxənd eləyirdilər ki, necə olur, sən iqtidarı da müdafiə edirsən, müxalifəti də. Vəkilin işi budur. Siyasi baxışları vəkilliyə qatmaq olmaz. Bu, ona bənzəyir ki, həkim onunla əks siyasi baxışları olan xəstəni müalicə etmir. Gülər Əhmədovanı da müdafiə edərəm, Elşad Abdullayevi də.
– Vəkil kimi Gülər Əhmədovaya verilən ittihamlarla razısınız? Bu ittihamlarla onu müdafiə edib, həbsdən çıxara bilərsiniz?
– Gülər Əhmədovaya verilən ittihamlarla onu müdafiə etmək üçün kifayət qədər arqument var. Səhv etmirəmsə, ona dələduzluq ittihamı verilib. Təbii ki, onun əməllərində başqa cinayət əməlləri var, seçkilərlə bağlı, rüşvətdə vasitəçilik eləmək s., amma burda dələduzluq yoxdur.
– Anar bəy, sizinlə bağlı ictimai sektorda xeyli iddia var. Misalçün, deyirlər ki, qardaşınız Milli Təhlükəsizlik Nazirliyində işləyir. Nə dərəcədə doğrudur bu?
– Mənim bir qardaşım var, o da hazırda mənimlə bir yerdə işləyir. Başqa qardaşımın olmasından xəbərsizəm. Aramızda olan etik pərdəyə görə, utanıram gedib atamdan da soruşum ki, başqa qardaşım var, yoxsa yoxdu?! Mənimlə bağlı bu iddiaları bir adam yaymışdı. Çünki bir məsələ ilə bağlı haqlı olaraq onun quyruğunu tapdalamışdım və o da haqqımda belə söhbət çıxarmışdı. İkincisi də, lap tutaq ki, mənim qardaşım MTN-də işləyir, bunun mənim fəaliyyətimə nə dəxli var ki? Adama deyərlər, buna görə narahatsınızsa, gedin özünüzə başqa vəkil tutun.
– Bu iddianı niyə narahatlıqla qarşılayırsınız ki? Vəkilin qardaşı MTN-də işləyə bilməz ki?
– Narahat olmuram. Vəkilin qardaşı prezident də işləyə bilər, niyə işləmir ki?! Əsas odur ki, bu, onun fəaliyyətinə hər hansı bir neqativ təsir etməsin. Mənim işimə baxın, görün heç qardaşı MTN-də işləyən vəkil bu tipli işlərə çıxar? Siyasi proseslərdəki vəkillik fəaliyyətim göz qabağındadır. Bunlar hamısı şayiədir.
– Anar bəy, indiyə qədər siyasi məhkəmə proseslərində yüzlərlə vəsatət qaldırmısınız. Çox istisna hallarda, maksimum 5-6 vəsatətiniz təmin olunub. Belə hallar vəkil kimi psixoloji təsir və ya travma yaratmır sizdə?
– 5-6 çoxdu. Son iki il ərzində bəlkə də yüzlərlə vəsatət qaldırmışam. Onlardan cəmi ikisi təmin edilib. Sözün açığı, belə hallar məni sarsıdır. Hər dəfə hakimlər deyirlər: “Vəsatət rədd olunsun”. Rədd olunsun bir az təhqiramiz səslənir. Adama nə qədər “rədd olunsun” deyərlər? Bəzən adam bezir, psixoloji təsirə qapılır, ancaq bunun böyüməsinə imkan vermirik ki, işimizə mane olmasın.
– Sizlə bağlı iddialardan biri də odur ki, Anar Qasımlı qeyri-siyasi işlərində prosesi udmaq üçün müxtəlif yollardan, misalçün, hakim və ya prokurora birbaşa və ya dolayı yolla rüşvət verib, işi öz xeyrinə həll edir. Bu nə dərəcədə əsaslıdır?
– Bunun üçün mənim işlərimə baxmaq lazımdı. Mən sizə göstərə bilərəm işlərimi. Məsələn, son iki il ərzində mənim Ali Məhkəmədə 30-40 işim olub, ancaq onlardan cəmi 3-4-nü udmuşam. Bunlar da, əsasən mülki işlərdir. Qeyri-siyasi cinayət işim isə, demək olar ki, yoxdur.
– Ancaq Ali Məhkəmədən əvvəlki instansiyalarda da edə bilərsiniz bunu.
– Bilirsiz, mülki işlərdə vəkil əvvəlcədən sübutları qiymətləndirərək nəticəni təyin edə bilir. Lakin bu heç də o demək deyil ki, mülki işlərdə rüşvət yoxdur. Etiraf edirəm, bəzən elə olur ki, işi udursan, ancaq məlum olur ki, müştəri gedib kənardan öz işini həll edib.
– Siz özünüz buna vasitəçilik etmirsiniz?
– Əvvəlki dövrlərdə hakimlərin bu məsələdə vəkillərə ehtiyacı var idi. İndi elə situasiya yaranıb ki, mülki işlərdə hakim birbaşa özü şikayətçini çağırır yanına və ya köməkçisinə tapşırır və işi rüşvət yolu həll edirlər. Bir də ki, siyasi işlərə çıxan vəkillərə bu cür təkliflər olmur, hakimlər ehtiyat edirlər.
– Ancaq sizin qalib gəldiyiniz işlərdə hakimə rüşvət verildiyini qəbul edirsiniz?!
– Bəzi işlərdə xəbərim olub ki, müştəri hakimlə əvvəlcədən razılığa gəlib.
– Ancaq siz buna müdaxilə etməmisiniz.
– Əksər hallarda sonradan xəbər tuturam, çünki mənim müştərimlə əlaqəyə girən hakimin birinci şərti o olur ki, vəkilin bilməsin və ya bu vəkildən imtina et. Həm də deyim ki, bu işlərdə mənim müştərim haqlı olur. Çünki haqsız olduğu təqdirdə, mən işi götürmürəm. Adam haqlıdı, ancaq haqqını almaq üçün rüşvət verir. Ədaləti pulla alır.
– Anar bəy, ortada bir qanunsuzluq faktı var, – rüşvət, – və siz bu cinayətdə tərəf kimi iştirak edir, qanunsuzluğa göz yumursunuz, axı.
– Tərəf kimi iştirak etmirəm. Burada cinayəti bilib, gizlətmədən söhbət gedə bilər. Bunun əks tərəfi də var. İndiki halda, bu faktlarla bağlı şikayət etsən, adamın öz müştərisini üzünə dirəndirib, ona ən azı böhtanla bağlı iş açarlar. Sizə bir misal deyim. Qalib gəlməli olduğum bir mülki işdə hakim prosesi uzadırdı, hiss olunurdu ki, nəsə gözləntiləri var. Hətta sifariş də göndərmişdi, müştəriyə dedim ki, qətiyyən pul vermə, yüzdə yüz udacağıq bu işi. Müştəri mənə güvəndi, pul vermədi. Hakim gəldi, bilə-bilə qərarı bizim əleyhimizə elan etdi. Bundan sonra müştəri gəldi, mənə ödədiyi qonorarı aldı, aparıb həmin hakimə verdi. Hakim məhkəmə zalında “təmin olunmasın” deyə elan etdiyi qərarı yazılı şəkildə “təmin olunsun” yazdı. Belə faktlar da var. Başqa bir misalda isə hakim müştərimi çağırıb, mənə nə qədər pul verdiyini öyrənib, ona demişdi ki, get, o pulu al gətir ver mənə, mən özüm həll edəcəm, vəkili neynirsən?!
– Maraqlısı da budur ki, bu söz-söhbətlər məhz sizin həmkarlarınız tərəfindən səsləndirilir.
– Hansı həmkarlarım deyirsə, cəsarətləri çatırsa, gəlsinlər bu sözləri mənim üzümə də desinlər. Üzə deyilməyib, dalda danışılan söhbətlərə mən əhəmiyyət vermək istəmirəm. Eyni zamanda da, sübut eləsinlər ki, onlar heç vaxt belə işlərdə iştirak etməyiblər.
– Siz iddia edirsiniz ki, digər vəkil həmkarlarınız da belə edir?
– Heç kimi ittiham eləmirəm. İstəsəm bu saatı sizə ad da çəkə bilərəm ki, bunu kimlər deyir mənim haqqımda. Əmin olsunlar ki, danışdıqları hər şey gəlib çatır. Sadəcə, istəmirəm ki, ictimai sektorda olan vəkillər arasında mübahisə olsun. Çox təəssüf ki, özünə hüquq müdafiəçisi deyən bəzi işbazlar belə söz-söhbətlər yayırlar. Sonra da mənim və digər bir neçə həmkarımın adlarından istifadə edərək, beynəlxalq təşkilatlardan külli miqdarda qrantlar alırlar. Onlar tək bir nəfər də deyil ki, adını çəkməklə iş düzəlsin. Söhbət həm ayrı-ayrı vəkillərdən, həm də hüquq müdafiəçilərindən gedir. İndi burda ad çəksəm, aləm dəyər bir-birinə. Buna isə ehtiyac görmürəm.
– Ancaq atalar da deyib ki, “od olmayan yerdən, tüstü çıxmaz”.
– Yox, bu artıq yanlış hesab oluna bilər. Çünki indi tüstünü süni şəkildə də vermək mümkündür.
– Anar bəy, ötən il AXCP üzvü Cabbar Savalanlı hərbi xidmətə aparılanda anası sizi ittiham etdi ki, Cabbarın əsgər aparılmasında sizin rolunuz olub. O nə söhbət idi elə?
– Belə yerdə bir el məsələ yadıma düşür: “Əlimin duzu yoxdu”. Mən həmin vaxtı o məsələyə heç bir reaksiya verməmişdim. Ancaq məsələ burdadı ki, o vaxtı Cabbar özü məndən istəmişdi ki, universitetə yenidən bərpa olunması üçün üstündən məhkumluğunun götürülməsi barədə məhkəməyə müraciət edim. Məhkumluğu üzərindən götürüləndən sonra isə onu hərbi xidmətə apardılar. Məni isə onda günahlandırırdılar ki, guya mən vəkil kimi Cabbara deməli idim ki, məhkumluğu üzərindən götürülsə, onu əsgər apara bilərlər. Ancaq həmin məsələdə də Cabbarın anasına yanlış təqdimat olmuşdu. Bəzi həmkarlarım haqqımda qəsdən yanlış rəy yaratmışdılar. Cabbarın anası da sonradan dediyi o sözlərə görə məndən üzrxahlıq eləmişdi. İndi mən vəkil sirri olduğu üçün o proseslə bağlı bir çox şeyi danışmıram.
– Başqa bir qalmaqal da Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı həbsdə olarkən yaşanmışdı. Onun sizin vəkilliyinizdən imtina etdiyi deyilirdi.
– Tural Abbaslı heç vaxt məndən imtina etməyib, əksinə, sonadək mənim onu müdafiə etməyimi tələb edib və bu məsələdə, hətta partiya rəhbərliyi ilə də onun arasında fikir ayrılığı olub. Məsələ belə olub: Turalgilin məhkəməsi ərəfəsində adını çəkmək istəmədiyim bir həmkarım mənə demişdi ki, gərək hər həftənin şənbə günü biz Müsavat Partiyasının qərargahına gedək və orada işin gedişi barədə İsa bəyə məruzə edək. Mən bundan imtina etmişdim. Onda hələ istintaq dövrü idi. Sonra məhkəmə dövrü gələndə məlum oldu ki, Müsavat Partiyası məndən imtina edib və Turala başqa vəkil tutublar. Sonradan öyrəndim ki, həmin həmkarım gedib, İsa bəyə deyib ki, Anar işi yaxşı aparsa da, bizi saymır, toplantılara gəlmir. Hətta guya mən demişəm ki, İsa Qəmbər kimdir, mən ona hesabat verəm, lazımdırsa, özü gəlsin məndən soruşsun. Və üstəgəl, guya mən işi aparmaq üçün 2 min manat pul istəmişəm. Beləcə, mənim “qələmimi qırıblar” Müsavatda. Amma Tural Abbaslı sağ olsun, mənim zəhmətimi itirmədi və ortaya qəti mövqe qoydu ki, məni Anar Qasımlı müdafiə edəcək. Beləcə, mən partiyadankənar xətlə Turalı müdafiə etdim. Sonradan anladım ki, məni bu prosesdən kənarlaşdırmaq həmkarıma şəxsi qrant maraqları üçün lazım imiş.
– Anar bəy, ötənlərdə qəfildən dediniz ki, Əli Kərimli vahid namizəd olsun. Nə məsələ idi, birdən-birə siyasi bəyanat verdiniz?!
– Həmin ərəfədə vahid namizəd mövzusu əsas gündəm idi. Ona görə də elə bir müraciət etmişdim. Mənə qalsa, istəyərdim ki, müxalifətin vahid namizədi İntiqam Əliyev olsun, ancaq onun belə bir istəyi yoxdur. O zaman da İctimai Palata daxilində əsas müxalifət kimi gördüyümüz İsa Qəmbər və Əli Kərimli arasında seçim etmək lazım idi və mən də öz seçimimi ikincidən yana etdim. Bunun səbəbləri isə mənə qalsın. Məqsədim hər kəsin bir seçim etməli olduğuna izah etmək idi. Əslində, mən çox istərdim ki, adı çəkilən şəxslərin rəhbərlik etdiyi qüvvələr ortaq məxrəcə gəlsinlər və birləşib, vahid güc olsunlar.