Tapdalanan haqqlar və yaxud yenidən hakim səhvi haqda

934

 

Bu mövzu haqqında çoxdan idi yazmırdım. Belə götürəndə, ümumiyyətlə, çoxdan idi heç nə yazmırdım. Səmimi deyəcəm, artıq nə isə yazmağa həvəs də qalmayıb. Birincisi, nə qədər eyni şeylərdən yazmaq olar? İkincisi, onsuz nə qədər yazırsan yaz, xeyri yoxdur. Düzdür, bəzi yazılar olur ki, onun məntiqi nəticəsini görürsən. Amma ümumi götürdükdə…

Hakimlik məsələsə bir ara yavaş-yavaş qaydasına düşməyə başlamışdı. Biz də öz-özlüyümüzdə düşünürdük ki, deyəsən nəhayət ki,tədricən də olsa bu problemin həllinə nail olunub. Həqiqətən də ilin əvvəllində hakimlərin Antalya toplanışından sonrakı dövrlər hakim səhvləri az-az olurdu ki, bunu da onlara keçmək olardı. Ancaq son zamanlar baxıram ki, vəziyyət yenə pisliyə doğru dəyişir. Odur ki, bu haqda yazmağa ehtiyac gördüm.

Əslində hələ “Qarabağ”-AZAL matçından sonra belə bir yazı beynimdə qaynayırdı. Xatirinizdədirsə, həmin oyunda qapı dirəyindən dönən top AZAL futbolçusunun əlinə dəysə də, hakim penalti nöqtəsini göstərməmişdi. Üstəlik, həmin futbolçu topa əllə təmas etməsəydi, arxa mövqeydə dayanan Vüqar Nadirov topa yiyələnəcəkdi. Lakin, “hakimdir, səhv edə bilər” deyib keçdik. Bunun ardınca daha bir kobud hakim səhvi AZAL-“Sumqayıt” matçında gəldi. Burda da hesab 1:1 olarkən, AZAL-ın futbolçusu Usim Nduka cərimə meydançası daxilində əllə oynasa da hakim yenə qayda pozuntusu qeydə almadı.

Son turlarda isə artıq hər şey daha pik nöqtəsinə çatdı. Xüsusilə son XVI turda 3 kobud hakim səhvi qeydə alındı ki, bunu da heç vəclə bağışlamaq olmaz. İlk narazılıq “Sumqayıt”-“Qəbələ” matçından sonra sumqayıtlılardan gəldi. Düzdür, bu komandanın uğursuz çıxışı üçün ilk növbədə savadsız məşqçi olan Raab məsuliyyət daşıyır. Ancaq istənilən halda, hakimə əsas verilmir ki, qayda pozuntusuna göz yumsun. Belə ki, oyunun 25-ci dəqiqəsində “Sumqayıt”ın hücumçusu Fərcad Azad iki “Qəbələ”li futbolçu ilə mübarizədən sonra yerdə qalsa da baş hakim Elçin Məmmədov hücumçuya simulyasiyaya görə sarı vərəqə göstərdi. Yeri gəlmişkən, bu, həmin Elçin Məmmədovdur ki, “Kəpəz”-“Qarabağ” matçında Rauf Əliyevə qarşı aşkar kobudluğu simulyasiya kimi dəyərləndirmişdi və oyundan sonra AFFA-da həmin epizoda baxılaraq, hakimin səhv qərar verdiyi aşkarlanmış və Əliyevə verilən sarı vərəqə ləğv olunmuşdur. Ancaq görünür, Məmmədov hələ də ağıllanmayıb.

İkinci səhv “İnter”- AZAL matçında baş verdi. Əslində buna səhv yox, biabırçılıq demək lazımdır. Çünki cərimə meydançasının bir metr içərisində olan qayda pozuntusunu xəttən çölə çıxardıb cərimə zərbəsi təyin etmək üçün gərək “daltonik” olasan

Fariz Yusifov çox hörmət etdiyim bir hakimdir. Hətta iki hakimdən biridir ki, heç vaxt inanmaram ki, hansısa çirkin oyuna, alqı-satqıya getsin. Ancaq əgər o da bu cür aşkar epizodu qaçırdırsa…

Daha bir kobud hakim səhvi isə dünən keçirilən “Neftçi”-“Rəvan” matçında yaşandı. Anar Salmanov yaxşı oğlandır,elə yaxşı da hakimdir. Yaxşı münasibətimiz də var, özü də bilir ki, hər zaman ona dəstək olmuşam, bəlkə də hər beynəlxalq oyuna təyinat alanda həm səfər öncəsi, həm də səfər sonrası zəng edib təbrik etmişəm. Amma inciməsin, dünən FİFA referisinə yaraşmayan səhvə yol verdi. Düzü, mən bilmirəm, “Neftçi”nin zəhmi onu basdı, yoxsa, doğurdan səhvə yol verdi, amma istənilən halda səhv kobud səhv idi. Hətta telekran önündə belə ilk epizoddaca topun “Neftçi” futbolçusunun əlinə dəydiyi aşkar görünürdü. Daha doğrusu, “Neftçi” futbolçusu cərimə meydançası daxilində əlini yana açaraq topa təmas eliyir və həmin topa “Rəvan”ın futbolçusu Varleanın zərbə vurmasını açıq şəkildə əngəlləyir. Görəsən, Salmanov niyə o epizodda penalti təyin etmədi? “Rəvan”ın haqqı niyə yeyilməlidir? Axı o epizodda penalti təyin olunsaydı, “Rəvan” hesabda önə keçəcəkdi və bəlkə də “Neftçi” xal itirəcəkdi? Qaypa pozuntusu varsa onu vermək lazımdır. Mən əminəm ki, həmin epizod “Rəvan”ın qapısı qarşısında olsaydı, hakim penalti nöqtəsini göstərəcəkdi.

Düzü, bu səhvlərdən sonra AFFA Hakimlər Komitəsinin hansı qərar verəcəyi mənə də çox maraqlıdır (bəlkə dedilər ki, hər üç epizodda hakim düzgün qərar qəbul edib, bunu da eşitsəniz təəccüblənməyin). Deyək ki, tutalım hər üç hakimə cəza kəsildi bəs sonra? Bu, “Sumqayıt”ın, “İnter”in, “Rəvan”ın tapdalanan haqqını, itirdiyi xalları geri qaytaracaq?

Anar XANLAROV, sportinfo.az

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər