Təcavüz davam edir!

1001

Dağlıq Qarabağda mövcud olan tarixi abidələrin dağıdılması və saxtalaşdırılmasının siyasi sifariş dayanır

İşğal olunmuş Azərbaycan torpaqlarında tarixi, memarlıq və arxeoloji abidələrin saxtalaşdırılması bu gün də davam edir. Bu sahədə əsas yeri Xaçınçay sahilindəki qazıntılar tutur. Ağdam rayonuna məxsus bu ərazidə ermənilərin üzdəniraq alimləri növbəti qondarma “Tiqranakert” yaşayış məskəni aşkarlayıblar.

Erməni tarixçilərinin sözlərinə inansaq, gülünc vəziyyət yaranır. Belə ki, sağlamdüşüncəli siyasətçilər demişkən, erməni çarlarının işi yalnız və yalnız öz “dövlətlərinin” paytaxtını bir yerdən başqa bir yerə köçürmək olub. Məsələn, bir zaman “Tiqranakert” Türkiyənin Diyarbəkir vilayətində aşkarlanıb. İndi isə həmin paytaxt “Tiqranakert” Azərbaycanın işğal olunmuş Ağdam rayonunda “peyda” oldu. Hansı ki, orada erməni arxeoloqları müdafiə divarları, yaşayış binalarının qalıqları və çoxsaylı saxsı qablar aşkar ediblər. Tapılan maddi mədəniyyət abidələri içərisində Qarabağda indiyə qədər aşkar edilməmiş “ilan” ornamentləri ilə bəzədilmiş saxsı küp də var.

Bəli, çox sayda arqumentlər gətirmək olar ki, ermənilər tərəfindən “Böyük Ermənistan” adlandırılan və guya ki, əsası erməni çarı Tiqran tərəfindən qoyulan dövlətin tərkibinə Qarabağ daxil olmayıb. Bu dövlət Kiçik Asiya ərazisində mövcud olub və onun ömrü bir neçə onillikdən ibarətdir. Belə kiçik vaxt kəsimində isə çar Tiqranın nəinki bir neçə, hətta bir paytaxt belə inşa inşa etdirmək imkanı az idi. Bütün bunlar ermənilərin tarixboyunca qazandıqları saxtakarlığın məhsuludur. Uzağa getməyərək bir faktı nəzərinizə çatdıraq. Hələ bir müddət bundan əvvəl ermənilər Eldənizlər dövrünə aid pul sikkələrinin üzünü adi yeyə ilə silərək onu “qədim erməni pulu” adı ilə tarixə “soxuşdurmaq” istəyirdilər.

İndi də erməni saxtakarlıq maşını işə düşüb. Onlar yeni “Tiqranakert” haqqında heç də zarafatla bənzəməyən piar düzənləməyə baçlayıblar: iki sənədli film çəkiblər, press-konfranslar təşkil edirlər, çoxsaylı məqalələr çap etdirirlər və s. və i.

Artıq Ermənistan Milli Elmlər Akademiyasının nəzdindəki Arxeologiya və Etnoqrafiya institunun “Arsax Tiqranakerti” arxeoloji ekspedisiyanın rəhbəri tarix elmləri doktoru Hamlet Pertosyan aktiv fəaliyyətə keçib. O, jurnalistlərlə söhbətində gələcək planları barədə danışıb: “Tiqranakert 20 km məsafədən görünür, onun üçün də onun yerləşdiyi meydança elə təmizlənməlidir ki, şəhərin möhtəşəm divarları Azərbaycan mövqelərindən də görünsün”.

Bu erməni aliminin bəhs etdiyi planı necə həyata keçirəcəyi isə absurddur. Landşaft arxifekturasından və onun qanunlarından az-çox xəbərdar olan hər bir şəxs bu fikrə yalnız gülə bilər. Digər tərəfdən qazıntı aparılan sahəyə gələn turistlərin də addımları təəccüblüdür. Heç bir rəsmi tərəfdaşı, siyasi dəstəyi, hər hansı sığorta  təminatı olmayan bir əraziyə gələn turistlər əslində dünya turizm şirkətləri tərəfindən cəlbedici ölkə kimi görünən Azərbaycana yollarını bağlamış olurlar.

Qayıdaq Hamlet Petrosyanın fikirlərinə. Erməni tarixçisindən sitat: “Biz tarixi Tiqranakertin yadlara verilməsi fikri ilə heç cür razılaşa bilmərik”. Bu fikirlər onun iyulun ortalarında keçirdiyi press-konfransda səsləndirilib. Xatırladaq ki, bəhs etdiyimiz vaxtda Dağlıq Qarabağ prosesinin sülh yolu nizamlanması istiqamətində gələcək razılaşmanın konturları aydınlaşmaq üzrə idi. Hansı ki, orada keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətiylə yanaşı olan və Ermənistan tərəfindən işğal olunmuş 5 rayonun qaytarılmasından ibarət birinci mərhələ də öz əksini tapıb. Həmçinin buraya “Tiqranakert” qazıntısı olan Ağdam rayonu da daxildir.

Hələ cari ilin iyun ayının ortalarında erməni jurnalist Aluard Qriqoryan “Armenia Today” saytında bildirmişdi ki, bir qrup jurnalist və “Arsax”ın gənc bloqgerləri “Tiqranakert” muzeyinin açılış mərasiminə qatılıblar: “Mən onlarla birlikdə mikroavtobusla mərasim düzənlənən yerə getdim. Avtobusda yol boyunca əsəblərə toxunacaq tərzdə qışqırdım: “Əgər Ağdamı azərilərə qaytararlarsa, “Tiqranakert”i eləmi qaytaracaqlar?” sərnişinlərin hamısı mənə tərəf çevrildi, onlar mənə sanki “xalq düşməni” kimi baxırdılar. Yerdən səslər gəlməyə başladı: heç kim heç nə qaytarmır, bir kimsə bizim torpaqlarımıza toxuna bilməz. Mənə isə səfeh fikirlər söyləməməyi tapşırdılar” – deyə erməni jurnalist bildirir.

Bəs işğal olunmuş Ağdamda aşkar olunan dırnaqarası Tiqranakert ərtafında qaldırılan bu ajiotaj, səs-küyün arxasında hansı siyasi maraqlar dayanır? Diqqət yetirək, Rəsmi Yerevan keçmiş DQMV-yə bitişik rayonları əlində saxlamağa can atır, hətta bu yerləri “azad edilmiş ərazilər” adlandırırlar və qondarma Dağlıq Qarabağ Respublikasının Konstitusiyasını buralara şamil edirlər. Bunun fonunda “Tiqranakert” qazıntıları Azərbaycana qarşı bir növ “mədəni təcavüz” xarakteri daşıyır.

Məlumat üçün bildirək ki, Türkiyənin Şərqi Anadolu ərazisindəki “erməni abidələri” XIX əsrdən bu yana “Qərbi Ermənistan”ın türk torpaqlarında mövcudluğu barədə keçiriləcək piar kampaniyanın “elmi əsaslar”nın təməli rolunu oynayıb. Analoji xətt Dağlıq Qarabağ və Gürcüstanın Cavaxetiyasına da şamil edilməyə başlanılıb.

Ermənilərin həyəcanı heç də səbəbsiz deyil. Azərbaycanın mədəni irsimizin təbliğatı sahəsində apardığı işlər Ermənistanı düşünməyə sövq edib. Bunu Hamlet Petrosyan da etiraf edir: “Bu gün Azərbaycan özünün 3 fenomenini – muğamı, aşıq musiqini və Novruz bayramını dünyanın qeyri-maddi mədəni irsinə daxil edə bilib. Cavabında isə Ermənistan yalnız tütəyi arqument kimi qoya bilib (Hərçənd ki, bu musiqi alətinin ermənilərə məxsus olması da sual altındadır – red.). Mən soruşuram, əgər bu vacib deyilsə, niyə Azərbaycan bu qədər vəsait xərcləyir ki, onun mədəni irsi belə mötəbər siyahılarda dünyanın mədəni sərvəti kimi qeyd olunsun? Yeri gəlmişkən, bu gün BMT və YUNESKO mədəni irslərin müxtəlifliyinin qorunub saxlanılmasını vacib sayır. Bəs biz nə edirik?”

Erməni saxtakarlarının aktiv fəaliyyətinə baxmayaraq, artıq onların qurduğu “sivil ermənilər barbar azərbaycanlılara qarşı” avantürası və mədəni mühasirəsi çürüyüb və gərəksizləşib. Bunu H.Petrosyan da təsdiq edir. Onun sözlərinə görə, bir neçə beynəlxalq təşkilat “Tiqranakert”də aparılan qazıntılarda iştirak etməkdən imtina edib və səbəb də onu göstəriblər ki, həmin ərazi mübahisəli ərazidir. Həqiqətdə isə “mübahisəli” deyil, işğal olunmuş ərazidir. Ağdam və dünya bunu fakt kimi qəbul və təsdiq edir. Ermənistan isə belə fikirləri qəbul etməyərək, öz aləmində gülünc “mübarizə”sini davam etdirir, eynən H.Petrosyan kimi. Belə ki, erməni alim “Tiqranakert”dəki qazıntılarda iştirak etmək istəməyən 2 beynəlxalq təşkilatla əlaqələrini kəsərək, onların üzvlüyündən çıxıb. Qeyd edək ki, belə təşkilatlardan biri hamıya tanış olan Discovery Project kompaniyasıdır. Hansı ki, bu şirkət dəfələrlə Ermənistan ərazisində aparılan arxeoloji qazıntılara hər hansı dəstəkdən imtina edib.

Göründüyü kimi, Xaçınçay sahilindəki arxeolji qazıntılar əsnasında düzənlənən siyasi “piar” bəhrəsini vermədi, növbəti dəfə iflasa uğradı.

Elvin

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər