Dünen Sumqayıtda “Elm , Təhsil, İnformasiya Texnologiyaları” Festivalı öz işinə başlayıb.
İki gün davam edəcək tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, eləcə də digər dövlət qurumlarının əməkdaşları iştirak edəcəklər. Bundan əlavə festivala ali məktəblərin və İKT şirkətlərin nümayəndələrinin qatılacağı gözlənilir.
Festival çərçivəsində “İnformasiya və kommunikasiya texnologiyaları Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqaməti kimi”, “Xalq kompüteri” layihəsi. İKT peşəsinə artan maraq və İKT sahəsində ixtisaslaşmaq imkanlar”, “Azərbaycanın təhsil sektorunda həyata keçirilən İKT layihələri”, “Azərbaycan təhsilinin informasiyalaşdırılması”, “İnternetləşmə və Azərbaycan gənclərinin sosial şəbəkələşməsində rolu” mövzuları geniş müzakirə olacaqdır.
Festival iştirakçıları həmçinin Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə, Sumqayıt Elektrik Stansiyası və BİSMAK Qida-Sənaye Kompleksində informasiya texnologiyalarının tətbiqi ilə, eləcədə şəhərin bir neçə mədəniyyət obyektləri ilə yaxından tanış olacaqlar.
Festival çərçivəsində Sumqayıt şəhərində məktəblilər və tələbələr arasında keçirilən informasiya texnologiyaları layihələri üzrə “Gənc İnformatiklər” müsabiqəsinin qalibləri də elan olunacaq. “Elektron təhsil” Respublika müsabiqəsinin tərkib hissəsi olan və “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən bu müsabiqəyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu, və Qafqaz Universiteti təşkilati dəstək göstərirlər. Müsabiqənin baş sponsoru HP şirkəti, sponsorları isə Microsoft korporasiyası, Bestcomp şirkəti və Aztelekom İB-dir.
Müsabiqənin məqsədi məktəblilərin və tələbələrin müasir informasiya və kommunikasiya texnologiyalarına marağını artırmaq və onların İKT-dən istifadə bacarıqlarını təkmilləşdirmək, eləcə də tədris müəssisələrində İKT-nin tətbiqini stimullaşdırmaqdır. Sumqayıt şəhərində bu müsabiqə artıq ənənəvi olaraq keçirilir.
Bu gün isə müsabiqə üzrə “veb-sayt (İnternet səhifə) hazırlanması”, “bloqların hazırlanması”, “təqdimat işlərinin hazırlanması”, “mətn yığıcılığı” nominasiyaları üzrə qaliblər müəyyən ediləcək