Azərbaycan Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən istifadəsi məqsədəuyğun hesab edilməyən orta məktəblərin I sinifləri üçün “Azərbaycan dili” dərslik komplektinin monitorinqinin nəticələrinə dair rəsmi açıqlama yayıb.
Təhsil Nazirliyinin Təhsil və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı APA-ya bildirib ki, I sinif üçün “Azərbaycan dili” dərsliyi ilə bağlı TQDK-nın təqdim etdiyi yekun rəydə verilmiş bir çox qeydlər heç bir qaydaya əsaslanmayan subyektiv fikirlərdən ibarətdir: “Rəyçilər dərsliyin məzmunu ilə bağlı fikirlərində mətnlərdə mənfi obrazların verilməsinə qarşı çıxır. Lakin mətnlərdə çox zaman yaxşını qabartmaq üçün mənfidən də danışmaq lazım gəlir. Mənfi ilə müsbətin konflikti istənilən bədii əsərin əsasını təşkil edir. Məhz bu cür əsərlər oxucunu düşündürür, danışdırır, diqqətlə oxumağa, dinləməyə və həvəslə yazmağa məcbur edir. Bütün bunlar isə Azərbaycan dili üzrə məzmun standartlarının əsasını təşkil edir. Dərslik və müəllim üçün metodik vəsait fiziki baxımdan ayrı-ayrı kitablar olsa da, vəhdətdə nəzərdən keçirilməlidir. I sinif dərsliyində yalnız şagirdlər üçün vizual materiallar və kiçik mətnlər verilir. Bu materiallarla işləmə metodikası metodik vəsaitdə şərh olunur. Rəyçilər metodik vəsaitə əhəmiyyət vermədiklərindən tez-tez “Şagird haradan bilsin? Bunu necə başa düşsün?” deyə sual edirlər.
Rəydə verilmiş 120-yə yaxın qeyddən 10-u qəbul edilə bilən, lakin məzmun və metodikaya xələl gətirməyən dil-üslub qüsurlarıdır ki (durğu işarələri, orfoqrafik xətalar və s.), bunlar aradan qaldırıla bilər. Bu cür xətalar yeni təhsil standartlarına cavab verən bir dərsliyin məziyyətlərinə göz yummağa və onu yararsız dərslik kimi təqdim etməyə əsas vermir.
İstənilən uşaq psixoloqu deyə bilər ki, kiçik yaşlı uşaqlar realist üslubda deyil, animasiya və şarj üslubunda çəkilmiş şəkillərə üstünlük verirlər. Rəyçilər isə məhz bu üslubda çəkilmiş illüstrasiyaları tənqid edirlər”.
F. Şahbazlı qeyd edib ki, TQDK-nın yekun rəyi dərslik müsabiqəsində iştirak etmiş, lakin keçid balını toplamamış iki dərslik müəllifinin qərəzli rəyləri əsasında formalaşıb: “İradlardan görünür ki, rəyçilər bir çox hallarda ənənəvi dərsliklərin təsiri altında qalıb stereotiplərdən uzaqlaşa bilmirlər, dilin tədrisi üzrə müasir dünya təcrübəsi ilə tanış deyillər, kurikulumda təsbit olunmuş standartları mənimsəməyiblər. Ona görə də tələb olunan standartların nə dərəcədə reallaşması haqqında heç bir irad, təklif göstərilmir”.
Şöbə müdiri onu da bildirib ki, TQDK-nın rəyində göstərilən 120 iraddan yalnız 18-i qəbul olunub. Bunlardan 6-sı keçilməyən hərfin mətnlərdə işlənməsi, 1-i üslub xətası, 2-si qrammatik xəta, 4-ü orfoqrafik səhv, 3-ü isə durği işarəsi səhvidir, 2-si isə texniki qüsurdur: “Hesab edirik ki, TQDK-nın bu dərslik komplekti barədə monitorinqinin nəticələri və “”Azərbaycan dili I” dərsliyinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilmir. O, yenidən hazırlanmalıdır” qərarı haqsız və qeyri-ciddidir”.