“Təkcə Bayıl sürüşmür, çoxlu səhvlər buraxılıb...” – Sitarə Tarixazər 

1849

Son zamanlar Bakı ərazilərində sürüşmə zonaları artıb. Bir neçə gündür isə Badamdar qəsəbəsi, 20-ci sahədə sürüşmə aktivləşib. Bütün bunlar əhalidə təşviş və həyəcan yaradır. Bəs daha hansı zonalar sürüşməyə meyllidir və yaşayış məntəqələrinə təhlükə varmı?

AMEA Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Sitarə Tarixazər teleqraf.com-a bildirib ki, Bakıda sürüşmələr həmişə baş verib: “Hələ 19-cu əsrin ortasında alimlər yazırdı ki, Bakıda sürüşmə zonaları əsasən Zığ, Masazır, Bayıl, Yeni Günəşli və Əhmədlidir. Bu zonalarda sürüşmə üçün təbii şərait var. Bu da yerin meteorologiyası, seysmologiyası, yamacların meylliyi ilə bağlıdır.

Amma insanlar öz fəaliyyətləri ilə prosesi daha da fəallaşdırırlar. Yamacları kəsib, yolları tikirlər. Yaxud kanalizasiya sisteminin yarıtmazlığı və ya olmaması öz mənfi təsirini göstərir. İllərlə su sızır, ağırlıq nəticəsində torpaq sürüşməyə başlayır. Belə riskli ərazilərə Bayıl, Teleqüllə tərəf, Şanxay və son günlər Badamdardakı 20-ci sahə daxildir ki, biz özümüz orda tədqiqat aparmışıq, aktiv proses getdiyindən xəbərdarıq. Sakinləri oradan mütləq köçürmək lazımdır. Ora çox təhlükəli zonadır.

Sürüşmə zonalarında evlər tikmək üçün əvvəlcədən bərkitmə işləri aparılmalıdır. Biz dəfələrlə KİV-də açıqlama vermişik, amma sözümüzə baxan yoxdur. Onsuz da binalar tikilir və nəticə göz qabağındadır”.

Bakıda hansı təhlükəli zonaların mövcudluğuna gəlincə, aparıcı elmi işçi deyib ki, hazırda Bayıl sürüşür: ”Zığ massivində köçkünlər yamacda evlər tikib, 100-dən artıq bina təhlükə zonasındadır. Masazırda “Qır gölü”nün ətrafı sürüşmə zonası hesab olunur. Yeni Günəşlidə, Əhmədlidə də təhlükəli ərazilər var”.

AMEA rəsmisi qeyd edib ki, yağıntıların artması sürüşmələri fəallaşdırır, xüsusən yaz və payız vaxtlarda bu zonalarda aktivləşmə gedir: “Sözsüz, belə bir proses davam edəcək, çünki həmin zonalarda bərkitmə işləri aparılmır. Yollar çəkiləndə yamaclar kəsilibsə, orda ağac əkmək lazımdır. Heç olmasa beton divarlar, plenar divar sistemləri quraşdırılmalıdır”.

Yayda Şamaxıda monitorinq aparıldığını deyən Sitarə Tarixazər Pirqulu-Dəmirçi yolunda etdiyi müşahidə haqqında danışıb: “O yol ötən ilin oktyabrında istifadəyə verilib, yanvarda isə tamamilə uçub. Çünki bütün yamaclar kəsilib, qrunt suları asfaltın altından keçir və torpağı dağıdır. Əvvəlcədən bərkitmə işləri aparılsaydı, sözsüz ki, bu baş verməzdi.

Avropada da yamacları kəsib yol tikirlər, amma paralel olaraq yamacları bərkidirlər. Təəssüf ki, bizdə bu işlər aparılmır”.

AMEA rəsmisi xəbərdarlıq edib ki, sürüşmə zonalarında ev tikənlərin çoxunun relyefdən xəbəri yoxdur: “Dövlət qurumları alimlərlə birlikdə iş aparmalıdır. Bizim Coğrafiya İnstitutu dəfələrlə aktiv, təhlükəli zonaların xəritələrini tərtib edib, amma onu nəzərə alan olmayıb və indi də yoxdur”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər