Telebasabas

1534

Başlandı…
İndiyə kimi hamı susurdu. Biz danışanda, deyəndə ki, televiziya əxlaqsızlığı, Allahsızlığı təbliğ edir, milli-mənəvi dəyərlərə zidd fəaliyyət göstərir, inzanları zombiləşdirir, uşaq verilişləri ya yoxdur, ya da çox zəifdir, bir çox şou proqramlar ətimizi yox e, zəhləmizi tökür, oğurluq filmlər nümayiş etdirilir və s. inanan yox idi, çoxları ağız büzürdü, qınayırdı, “balıq başdan iylənər” deyirdi. Halbuki hamı balığın aşağıdan iyləndiyini və bunda özünün də məsuliyyət daşıdığını yaxşı bilirdi. Heç kim istəmirdi hansısa televiziya rəhbəri ilə münasibəti korlasın, “bəlkə bir gün mənim də sifətimi çəkib xalqa nümayiş etdirər” düşüncəsi ilə yaşayanlar açıq danışmaqdan çəkinirdilər, heç kim demirdi, “ay camaat, ay televizya rəhbəri, matəm gününün səhəri şou verilişi vermə, erotik filmləri insanlar işə gedəndə, dəhşət filmlərini isə yatmağa hazırlaşanda göstərmə, alt paltarı geyinməyən aparıcını gecəyarısı guya viktorina aparmaq üçün efirə buraxma, müğənni televiziyada yıxılıb ayaqları havaya necə qalxıbsa, onu bir də təkrar tamaşaçının gözünə gözəl bir şey kimi dürtmə, 11 Sentyabr terrorunun qurbanlarının cəsədləri indiyədək heç bir yerdə göstərilməyib, sən də tamaşaçıya qan göstərmə, meyid göstərmə, hələ cinayəti tam sübuta yetirilməmiş şübhəli şəxsin ağzına mikrofonu zorla salıb ifadə verməyə məcbur etmə, çünki onun ifadə verməmək, danışmamaq hüququ var…

İndi isə basabas salıblar. Hamı mövqe bildirir. Hamı akademik Ramiz Mehdiyevin məqaləsini tərifləyib göylərə qaldırır, onun böyük dəyərindən söz açır. Guya oxuyanlar bu yazının doğrudan da dəyərli bir məqalə olduğunu anlamır, bilmir ki, burda nə yazılıb.

Bu basabası görəndə yadıma Heydər Əliyev sarayında keçirilən bəzi tədbirlərdə nahar fasiləsi zamanı, ya da portfel-falan veriləndə sanballı kişilərin itələşməsi düşür. İndi mətbuatda da basabasdır, hamı sübut etmək istəyir ki, o, Ramiz Mehdiyevin məqaləsini daha yaxşı başa düşüb və bu problemləri də əvvəldən görürmüş, deyirmiş. Əslində isə sadəcə müəllifin ictimai və siyasi mövqeyinə görə bəziləri özünü münasibət bildirməyə vadar edir.

Bəziləri məddahlığı da səmimi edə bilmir. Səmimi olsalar hansısa televizya kanalına bağlı olduqlarına görə kimisə istisna etməzdilər, çünki Ramiz Mehdiyev məqaləsində heç kimi istisna etməyib, səmimi olsalar əvvəldən bildirərdilər ki, “biz bu cür verilişlərdən iyrənirik”, boykot edərdilər televiziyaları, çıxmazdılar efirə dəvət ediləndə. Etdilərmi? Xeyr, əksinə, hansısa qəzetə müsahibə vermək üçün “bu gün vaxtım yoxdur, sabah zəng elə” deyənlər özləri telekanallara zəng edirdilər ki, “bizi bir dəvət edin də verilişlərdən birinə”. İndi itələşirlər münasibət bildirmək üçün. Axı nə ehtiyac var ki, özünüzə güldürürsüz camaatı? Ramiz Mehdiyevin nə mənim, nə də sizlərin dəstəyinə ehtiyacı olmadığını ki, bilirsiniz, daha nəyə lazımdır bu canfəşanlıq.

Əgər səmimi olsaydınız, Milli Teleradio Şurası telekanallara irad tutanda da bir mövqe qoyardınız ortaya. O zaman ortaya mövqe qoymaq lazım idi. Məhz kifayət qədər ictimai dəstək olmadığından Nuşirəvan Məhərrəmli az qala senzor kimi təqdim olunurdu, halbuki həqiqəti deyirdi. MTRŞ nə deyirdi ki?! Deyirdi ki, pornoqrafiya anlayışını bilməyənlərin də yadına salmayın da. Amma bu gün basabas salanlar o zaman susmağa üstünlük verdilər. Sabah yenə elə olacaq. Yenə N. Məhərrəmli kiminsə lisenziyasının vaxtının uzadılmaya biləcəyini, kiminsə cərimələnəcəyini, tezliyinin müsabiqəyə çıxarılacağını və s. qanuni tədbirlər görüləcəyini bildirsə, bir qrup başlayacaq “söz azadlığı” zurnasını çalmağa, indi münasibət bildirənlər isə problemə “gözləyək görək axırı kimin xeyrinə olsa, onu da müdafiə edərik” prizmasından yanaşmaqla ustalıq nümayiş etdirəcəklər.

Kimsə hansısa verilişi öz kefindən bağlayanda yalandan ictimai fikrə belə bir mesaj ötürəcək ki, bunu yuxarıdan elədilər, heç kim də soruşmayacaq ki, “məgər sən gic-gic şou proqramlara dəvət etdiyin xaric oxuyan “palatka müğənni”lərindən, bar rəqqaslarından aldığın pulları, reklamdan əldə etdiyin gəliri kiminləsə bölüşürdünmü, indi kiminsə diqtəsi ilə veriliş də bağlayasan?!

Tam məsuliyyətimlə deyirəm ki, hamısı boş-boş sözlərdir, sadəcə kiminsə hansı sahədə marağı varsa, çalışır ora toxunmasın, çünki bumeranq kimi öz başına dəyə bilər. Məsələn vergiyə ilişsə, birdən adamın makaron fabrikini, firma dükanlarını yoxlayarlar, ya əmək müfəttişini tənqid eləsə, gəlib işçilərinin əmək müqaviləsini yoxlayarlar ki, ay adam, bu qədər danışırsan, özündə hər iş qaydasındadırmı? Amma danışmamaq da o demək deyil ki, sən əgər nəyəsə göz yumursansa, sənə də göz yumacaqlar. Onsuz da yoxlanacaqlar lazım gələndə və əmin ola bilərsiniz ki, biz bir gün yenidən o “söz azadlığı” zurnasının havasını eşitmək zorunda qalacağıq, çünki dövlət qurumları da telekanal deyil ki, “palatka müğənnisi” əlini maşının üstünə qoyub ağzı açıq gözünü zilləsin ki, görüm indi kimin şəkli çıxacaq. Hər şeyin vaxtı var. Amma unutmaq lazım deyil ki, “Gecə kanalı”na öz efirində yer verməyənlərin, ümidi kanalizasiya və ağacların kəsilməsi probleminə qalanların zurnası heç vaxt səmimi ola bilməz. Bax buna görə də basabas salıb tərif edənlər, mövqe bildirənlər vaxtında öz sözlərini deməlidirlər ki, sonra dövlət tədbir görəndə zurna səsi gəlməsin. İndi münasibət bildirənlər öz narahatlıqlarını daha əvvəl bildirsəydilər, MTRŞ sədrinin haqlı iradlarına dəstək versəydilər problem də bu səviyyəyə gəlib çıxmazdı.

Kaş ki, bu gün basabas salıb itələşənlər bundan sonra problemlərə vaxtında münasibət bildirib ictimai fəallıq nümayiş etdirməyi bacarardılar. Bir maraqlanardılar ki, hanı indi efirdə görünməyən istedadlı aparıcılar, niyə peşəkar, sevilən aparıcılar enerjili vaxtında televiziyadan uzaqlaşmalı, onların yerini dili topuq vuran, yöndəmsiz, televiziyaya uyğun olmayan, tamaşaçı zövqünü korlayanlar tutmalıdır, niyə düşündürücü, maarifləndirici verilişlər azdır, yaxud zəifdir, niyə loru dildə danışanlar efiri zəbt edib və s. ?

Ümid sonda ölür, biz də ümid edək ki, televiziyanın strateji bir sahə olduğunu nəzərə alan hər kəs bundan sonra bu sahənin problemlərini diqqətdə saxlayacaq və həmin problemlərin həllinə çalışan qurumlara dəstək verəcək, daha gözləməyəcək ki, dövlət rəsmiləri münasibət bildirsin biz sonra növbəyə durarıq…

YAZARIN DİGƏR YAZILARI

Əyri güzgülər ölkəsi

Sevgililər günü

Ad günü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər