Təmiz enerji Azərbaycan üçün perspektivlidir – Tahir Mirkişili

420

Ötən fevral ayında Ukraynada müharibə başlayandan bəri Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı kimi enerji təhlükəsizliyinin gücləndirilməsində rolu kəskin şəkildə artıb.

Bunu Vyanda keçirilən ATƏT Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili deyib.

O qeyd edib ki, Azərbaycan 2022-ci ildə Aİ-yə qaz ixracını 40,0 faiz artıraraq, ümumi ixracını 11,4 milyard kubmetrə çatdırıb.

“Eyni zamanda, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Yunanıstan-Bolqarıstan İnterkonnektoru 2022-ci ildə həyata keçirilməyə başlayıb. İnterkonnektor vasitəsilə Azərbaycan qazı 2022-ci ildə Bolqarıstana, bu il isə Rumıniyaya çatdırılıb. İnterkonnektorun gücü 3,5 milyard kubmetrdən 5,0 milyard kubmetrə qədər artırılacaq. Azərbaycanla Moldova, Macarıstan və Serbiya arasında enerji danışıqları aparılır ki, bu da o deməkdir ki, Mərkəzi və Şərqi Avropadan daha çox ölkə enerji asılılığını azaltmaq üçün yeni alternativ mənbədən qaz alacaq.

Ötən il Azərbaycan və Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair yeni Anlaşma Memorandumu imzalanıb ki, bu da 2026-cı ilə qədər Azərbaycanın Aİ-yə qaz ixracını iki dəfə artıracaq”, – deyə deputat bildirib.

Tahir Mirkişilinin sözlərinə görə, Azərbaycan bərpa olunan enerji istehsalı sahəsində böyük potensiala malikdir. Azərbaycanın Xəzər dənizində mövcud günəş və külək enerjisi potensialı gələcəkdə daha təmiz enerji istehsalına gətirib çıxaracaq.

“Ötən ilin iyulunda Aİ ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu və dekabrda dörd ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması buna gözəl nümunədir. Ölkəmiz neft təchizatçısı kimi Xəzər dənizi ilə Aralıq dənizi, qaz təchizatçısı kimi isə Xəzər və Adriatik dənizləri arasında enerji əlaqələrini daha da şaxələndirir. Yaşıl enerji tədarükçüsü kimi Xəzər dənizi ilə Qara dəniz arasında enerji əlaqəsinin yaradılması yaşıl enerji gündəliyinin prioritetləri sırasındadır.

Təmiz enerji səmərəliliyini təmin etmək üçün qonşu ölkələrlə enerji nəqli şəbəkəsi yaratmaq lazımdır. Bu enerji növü həm Azərbaycan, həm də onun qonşuları üçün çox perspektivlidir. Yaxın 20 ildə biz təmiz enerjiyə sürətli keçidin şahidi olacağıq.

Əsas problemlər enerji infrastrukturu və enerji səmərəliliyi olacaq. Bütün bu çağırışlara cavab vermək üçün yüksək əməkdaşlıq və həmrəylik səviyyəsinə çatmalıyıq”, – deyə deputat çıxışında vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər