“May ayının 12-13-də müqəddəs şəhərimiz olan Şuşada Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş “Xarıbülbül” musiqi festivalı işğaldan azad edilmiş ərazilərdə milli-mənəvi ənənələrimizin bərpası istiqamətində atılmış ilk möhtəşəm addım oldu.Otuz ilə yaxın müddət ərzində işğal altında olan bütün digər ərazilərimiz kimi, qədim Azərbaycan şəhəri olan Şuşa da dağıdılmış, talan edilmiş erməni vandalizminin əsiri olmuşdu. Lakin bu gün artıq tarixi ədalət bərpa olunub. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əlıdə olunmuş tarixi Qələbə sayəsində işğal altında olan torpaqlar əsl sahibinə qayıdıb.” Bu sözləri mətbuata açıqlamasında Sumqayıt 1 saylı Doğum Evinin baş həkimi, YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvü, əməkdar həkim Təranə Rəcəbli deyib.
Hakim partiyanın təmsilçisi vurğulayıb ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması da Azərbaycana tarixi Qələbəni öz qanları bahasına qazandırmış qəhrəman Vətən övladlarının hər zaman xalqımızın qəlbində yaşayacaqlarını bir daha nümayiş etdirdi: “Keçən ilin sentyabr ayının 27-də Azərbaycan Ermənistanın ardı-arası kəsilməyən təxribatlarına birdəfəlik son qoymaq və öz torpaqlarını işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başlamaq məcburiyyətində qaldı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm Qələbə qazandı, işğalçıları qədim torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda müqəddəs üçrəngli bayrağını ucaltdı. Hərbi əməliyyatların davam etdiyi 44 günün hər biri Azərbaycan xalqının, Azərbaycan Ordusunun qəhrəmanlıq dastanı oldu. Bu müddət ərzində 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi. Lakin Şuşanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Şanlı ordumuzun qəhrəman döyüşçüləri sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdilər. Baxmayaraq ki, işğalçılar hərbçilərimizə qarşı tanklardan, toplardan atəş açırdılar. Qəhrəman əsgərlərimizi öz qanları, canları bahasına Qələbəni təmin etdilər. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı və bu aktın şətlərinə əsasən Laçın, Kəlbəcər və Ağdam rayonları bir güllə belə atılmadan Azərbaycana geri qaytarıldı. Buna görə də Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi olaraq Zəfər bayramı günü elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəyə görə öz şəhidlərinə, qazilərinə və igid əsgərlərinə borcludur. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə işğaldan sonra Şuşada keçirilən ilk “Xarıbülbül” musiqi festivalının məhz şəhidlərimizin əziz xatirəsinə həsr olunması da bu qəhrəman Vətən övladlarının hər zaman xalqımızın qəlbində yaşayacaqlarının daha bir sübutudur.”
Daha sonra Təranə Rəcəbli qeyd edib ki, “Xarıbülbül” festivalı həm də Azərbaycanda tolerantlığın ən yüksək səviyyədə olmasının növbəti dəfə dünyaya möhtəşəm nümayişi oldu. Baş həkim bildirib ki, festivalın ikinci günü Azərbaycanda yaşayan müxtəlif millətlərin musiqisinin, mədəniyyət nümunələrinin məhz həmin millətlərin təmsilçiləri tərəfindən təqdim olunması ölkəmizdə multikultiralizmin əsl təntənəsi oldu: “Məlum olduğu kimi, Ermənistanın bütün təbliğat qurumları münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini və etnik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparmış, bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər qurulmuş, milyonlarla vəsait xərclənmişdir. Lakin 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün millət və xalqların, etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək bir düşmənə qarşı çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu. Eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində bu qədər diqqət ayrılmasının da son dərəcə düzgün siyasət olmasını sübut etdi. Möhtərəm dövlət başçımız “Xarıbülbül” festivalının gedişində bir daha bütün dünyaya Şuşadan, qədim torpağımızdan önəmli mesaj verdi: “Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.” Bəli, bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan xalqı Şuşaya qayıdıb və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.”