Tərtərdə pambıq sahəsində işləyən 19 nəfər zəhərlənmə diaqnozu ilə Yevlax xəstəxanasına müraciət edib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Xoruzlu kəndində pambıq sahəsində çalışan işçilər kimyəvi maddədən zəhərlənmə diaqnozu ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan APA-ya verilən məlumata görə, müraciət edənlər Tərtər rayonu ərazisindən gələn Yevlax rayon sakinləridir.
Xəstəxanaya yerləşdirilənlərin bir qismi ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin vəziyyəti isə kafidir.
Qeyd edək ki, analoji hadisə Ağdamda da qeydə alınıb. Xəstəxanaya müraciət edən 2 nəfər pambıqçı qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.
Hər iki faktla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və dövlət nəzarəti şöbəsində araşdırma aparılır.