Texnoparklar qeyri-neft sənayesinin inkişafını sürətləndirir

1177

İlin birinci yarısında qeyri-neft sənayesində 15,7 faiz artımın qeydə alınması bunu bir daha təsdiqləyir

Dayanıqlı inkişaf istehsalyönümlü sənayenin miqyasından asılıdır. Bunun üçün də hər bir ölkədə sənaye istehsalı ümumi istehsalda yüksək çəkiyə malik olmalıdır. Bizdə bu sahədə üstün mövqe neft sənayesinə məxsusdur. Lakin enerji daşıyıcılarının qiyməti dünya üzrə sabit olmadığı üçün bu dəyişkənlik ölkənin maliyyə bazarına bəzən müsbət, bəzən də mənfi təsir göstərir.

Bu məqsədlə ölkəmizdə də iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ön plana çıxarıldı. Beləliklə, qeyri-neft sektorunun inkişafı üçün iqtisadi islahatların aparılmasına start verildi. Ötən 15 ildə bu istiqamətdə görülən işlər nəticəsində ümumi istehsalda qeyri-neft sektorunun payı ildən-ilə artmaqda davam edir.

Azərbaycanda sənayeləşmə prosesini sürətləndirmək məqsədilə 2015-2020-ci illəri əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunmuşdur. Bu sənədlə sənayenin inkişaf perspektivləri müəyyən edilmiş, hazırlanan tədbirlər planına əsasən sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabətqabiliyyətliliyin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi müəyyənləşdirilmişdir.

Sənayeləşmədə ölkədə yaradılan texnoparkların da əhəmiyyəti böyükdür. Texnoparklar yüksək keyfiyyətli məhsul hazırlamaq qabiliyyətinə malikdir. Buna elmin son nailiyyətlərindən və müasir texnologiyalardan istifadə etməklə nail olunur. Son dövrlər Bakıda, eləcə də bölgələrdə texnoparkların və sənaye məhəllələrinin yaradılması istiqamətində böyük işlər görülür. Məqsəd yerli və xarici sahibkarlar üçün müxtəlif istiqamətlər üzrə yeni sənaye müəssisələrinin yaradılmasına kömək göstərməkdir. Atılan bu müsbət addım öz bəhrəsini verir. Belə ki, yeni yaradılan texnoparklarda xarici və yerli sahibkarların fəaliyyəti getdikcə genişlənir.

Ölkədə texnoparklar yaradılarkən sahibkarlığın yeni istiqamətlər üzrə inkişafı da nəzərə alınıb. Bunun nəticəsidir ki, texnoparklarda xarici və yerli sahibkarlar birgə çalışırlar. Texnoparklara investisiya cəlb edilməsi üçün onlara müəyyən güzəştlər də edilir. Bu da istər yerli, istərsə də xarici sahibkarlardan ötrü əlverişlidir. Xüsusilə birbaşa xarici investisiyaların cəlb edilməsi üçün əlverişli infrastrukturun yaradılması, cəlbedici güzəştlər mexanizmi, müvafiq prosedurların sadələşdirilməsi, həmçinin elektron xidmətlərin təqdim edilməsi, idarəedici təşkilat tərəfindən təqdim olunan xidmətlər sahibkarları daha çox cəlb edir. Sözsüz ki, bütün bunlar dövlət dəstəyi sayəsində mümkün olur. İnvestorlar üçün yaradılan geniş imkanlar da bu sahəyə dövlət dəstəyinin olduğunu təsdiq edir.

Beləliklə, ölkəmizdə qeyri-neft sənayesini inkişaf etdirmək üçün sənaye parklarının yaradılmasına qərar verildi. Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə ilk dəfə Sumqayıt Kimya Sənaye Parkı yaradıldı. Məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli məhsul istehsal etmək, həmçinin qeyri-neft sektorunun davamlı inkişafına nail olmaqdır. Bununla yanaşı, dünya bazarına keyfiyyətli məhsul çıxarmaqla əhalinin məşğulluğunu təmin etməkdır.

Sumqayıt Kimya Sənaye Parkında artıq 19 rezident var və bu rezidentlər mövcud layihələri üzrə sənaye parkına 2,9 milyard dollar investisiya qoymuş, 5 mindən çox daimi iş yeri açmışdır. Bunlar “Azertexnolayn” MMC, “SOCAR Polymer” MMC, “AzerFloat” QSC, “Azerbaijan Fibro Cement” MMC, “Baku Non Ferrous and Foundry Company” MMC, İnşaat Kimyəviləri Zavodu, “MST Engineering Services” MMC, “Aqrokimya Azərbaycan” MMC, “Alco” MMC, “STDC” MMC, “Azərxalça” ASC, “STP” MMC, “Tabaterra” QSC, SOCAR-ın Karbamid Zavodu, “Sumplast” MMC, “Labdisc Azərbaycan” QSC, “Nexus Labs” MMC, “Archi Glass” MMC-dir. Parkın sənaye zonasında kimya sənayesi, tikinti sənayesi və digər sənaye sahələri üzrə müəssisələrin – parkın rezidentlərinin fəaliyyət göstərməsi üçün böyük imkanlar yaradılır. Hazırda bu müəssisələrdə istehsal olunan məhsullar ölkənin daxili tələbatını ödəməklə yanaşı, dünya bazarına da ixrac edilir. Çünki texnoparkda yüksək texnika və texnologiyalardan istifadə edildiyi üçün rəqabətqabiliyyətli məhsul istehsalına geniş imkan yaranıb.

İkinci böyük sənaye nəhəngi olan Balaxanı Sənaye Parkı Prezident İlham Əliyevin 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə yaradılıb. Qeyd edək ki, həmin parkda fəaliyyət göstərən sahibkarların marağı nəzərə alınaraq dövlət başçısının 1 mart 2018-ci il tarixli sərəncamına əsasən onun ərazisi 1,3 hektar artırılaraq 8,3 hektara çatdırılıb. Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Parkın idarəedici təşkilatı “Təmiz Şəhər” ASC-dir. “Yaşıl iqtisadiyyat”ın inkişafında xüsusi əhəmiyyətə malik olan bu parkın təşkilində başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasıdır. Ümumilikdə parkda 41,3 milyon manat investisiya ilə 16 rezident qeydiyyata alınmışdır.

2017-ci il sentyabrın 22-də Prezident İlham Əliyevin iştirakı ilə parkın birinci hissəsinin açılış mərasimi keçirilmişdir. Həmin müəssisənin fəaliyyəti paytaxtın ekologiyasına böyük fayda verir. Həm də tullantıların təkrar emalı sayəsində məhsul istehsal olunur. Bu, şəhərin ekologiyasına müsbət təsir göstərməklə yanaşı, əhalinin məşğulluğuna da töhfə verir.

Prezidentin 3 iyun 2015-ci il tarixli sərəncamına əsasən ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Bakının Qaradağ rayonunda Qaradağ Sənaye Parkı yaradılmışdır. Həmin parkın idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir. Hazırda parkın bir rezidenti var. Bu da “Bakı Gəmiqayırma Zavodu” MMC-dir. İndiyədək sənaye parkına 500 milyon dollara yaxın investisiya qoyulub, 2 minədək iş yeri yaradılıb.

Ölkənin hərtərəfli inkişafına nail olmaq üçün bölgələrdə də sənaye müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Dövlət başçısının 26 fevral 2015-ci il tarixli sərəncamı ilə Mingəçevir Sənaye Parkının yaradılması da bu məqsədə xidmət edir. Çünki bölgələrdə belə müəssisələrin yaradılması həm ölkənin ümumi inkişafı nöqteyi-nəzərindən əhəmiyyətlidir, həm də burada yaşayan əhalinin məşğulluğuna geniş imkan yaradır.

Müasir texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə yaradılan Mingəçevir Sənaye Parkının idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir.

Prezidentin iştirakı ilə 2016-cı il 21 sentyabr tarixində Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimi keçirilmişdir. Mingəçevir Sənaye Parkında rezident kimi qeydiyyata alınmış “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə dəyəri 85 milyon dollar, illik istehsal gücü 20 min ton iplik olan 2 fabriki (“Ring” və “Open End” üsulu ilə) 2018-ci ilin 27 fevral tarixində Prezidentin iştirakı ilə istifadəyə verilmişdir. Avadanlıqlar Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərindən alınaraq quraşdırılmışdır. Texnoparkda fəaliyyət göstərən fabriklərdə şəhər əhalisi üçün 750 yeni iş yeri açılmışdır.

Dövlət başçısının 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Pirallahı Sənaye Parkı yaradılıb. Bu parkın idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətdir. 30 hektar sahəyə malik Pirallahı Sənaye Parkının 4,67 hektar torpaq sahəsində Almaniya, İtaliya və digər Avropa ölkələrinin texnologiyası əsasında ildə 22,5 milyon qutu və ya 500 milyon həb və kapsul istehsal edəcək zavod inşa edilir. Zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit-rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Ümumilikdə zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Bununla yanaşı, gələcəkdə zavodda istehsalın daha da genişləndirilməsi nəzərdə tutulur.

Cari ilin 6 ayında qeyri-neft sektorunda 3,2, qeyri-neft sənayesində 15,7, qeyri-neft ixracında 15 faiz artım qeydə alınıb. Sözsüz ki, bütün bu uğurlarda ölkə sənayesində flaqman rolunu oynayan texnoparkların payı böyükdür. Texnoparkların istehsal etdiyi məhsullar ölkənin daxili tələbatını ödədiyi üçün belə məhsulların idxalı ildən-ilə azalır, valyuta axınının qarşısı alınır. Digər tərəfdən, burada istehsal olunan yüksək keyfiyyətli məhsullar dünya bazarına ixrac edilərək ölkənin daha çox valyuta əldə etməsinə imkan yaradır. Bu da öz növbəsində ölkənin dayanıqlı maliyyə sisteminə müsbət təsir göstərən faktorlardan birinə çevrilir.

Rüstəm KAMAL, “Azərbaycan”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər