Tofiq Sadıxov: “Sumqayıtda bizimlə rəqabət apara biləcək gənclər təşkilatı yoxdur”

1061

 

“Bürokratik əngəllər və maneələrlə rastlaşdıqda Sumqayıt  şəhər Gənclər və İdman baş İdarəsnin bizə daha çox dəstək olmasını istərdik”

2 fevral “Gənclər Gününü” ilə əlaqədar olaraq Sumqayıt şəhər Gənclər və İdman İdarəsi   20 nominasiya üzrə ən yaxşı gənclər təşkilatını və eləcə də fərdi nominasiyalarda gəncləri mükafatlandırıb. Sağlam Düşüncə Gənclər Təşkilatı ilin ən fəal təşkilatı nominasiyası üzrə qalib gəlib. “sumqayıtxeber.com” saytı təşkilatın rəhbəri Tofiq Sadıxovla müsahibəni diqqətinizə çatdırır:

Tofiq bəy, Sağlam Düşüncə Gənclər Təşkilatı  Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2011-ci ilin fəal Qeyri-Hökümət Gənclər Təşkilatı  seçildi. Bu sizin təşkilatınız üçün gözlənilməz olmadı ki?

Əslində gözlənilməz oldu. Desək ki, gözləyirdik, yalan demiş olaram. Gözləməməyimizin bir neçə səbəbi var. Əvvəla biz mükafat üçün işləyən təşkilat deyilik. “Sağlam Düşüncə” Gənclər Təşkilatı 6 il öncə 5 fəal Sumqayıt gəncinin təşəbbüsü ilə yaranıb. Keçən 6 ildə sadəcə say tərkibimiz və hədəfimiz dəyişib. Əsas məqsədimiz və bizi birləşdirən dəyər isə olduğu kimi qalır. Biz Sumqayıt gənclərinin inkişafı üçün, vətəndaş cəmiyyətinin möhkəmlənməsi üçün çalışırıq. Uğurlarımız cəmiyyətdə öz yerini tutmuş, inkişaf etmiş, nəticə əldə etmiş gənclərdir. Diqqətə görə Sumqayıt şəhər Gənclər İdman Baş Idarəsinə təşəkkürümüzü bildiririk. Amma biz bu diqqəti daha çox keçirdiyimiz tədbirlərdə, qatıldığımız beynəlxalq konfrans və təlimlər zamanı dəstək olaraq görmək istərdik. Bu gün Gənclər İdman Baş İdarəsi gənclər sahəsində çox işlər görür, bunu inkar etmək olmaz. Bürokratik əngəllər və maneələrlə rastlaşdıqda Baş İdarənin bizə daha çox dəstək olmasını istərdik. Amma istənilən halda mükafat almaq çox xoşdur.

Diqqət deyərkən nəyi nəzərdə tutursunuz?

Bəzi məqamlarda özümüzə qarşı laqeydlik hiss edirik. Sanki gördüyümüz iş ancaq bizə lazımdır. Reallıqda isə  öz üzvlərimizin hesabına reallaşdırdığımız layihə, kampaniya və tədbirlərin hər biri Sumqayıt gəncliyi üçündür.  Son 2 ildə Respublika əhəmiyyətli tədbir və layihələri Sumqayıta gətirməyi bacarmışıq. Bakı, Şəki, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Sumqayıt gənclərinin iştirak etdiyi Respublika Debat Natiqlik turniri, Şəki, Gəncə, Bakı və Sumqayıt bloqçularının qatıldığı “Sumqayıt Bloq Günü”, British Council Azərbaycanla birlikdə “Fəal Vətəndaşlıq” proqramı çərçivəsində İngiltərəli gənclərin Sumqayıta səfəri və bu kimi digər gənclik üçün əhəmiyyətli tədbirləri özgücümüzə etmişik. Bu cür tədbirlərin keçirilməsində isə Gənclər və İdman Baş idarəsi birinci yox, əfsuslar olsun ki, sonuncu dəstək olan qurum olub həmişə. Amma yenə də biz Baş İdarədən incimirik, onların gərgin iş qrafikini, yükünü cox gözəl başa düşürük və hər zaman onlarla işləməyə hazırıq.

Hər halda sizin almağınız bu mükafatı diqqətin göstəricisi hesab etmək olar…

Təvazökarlıqdan uzaq olsa da Sumqayıt gənclər sektorunun son 2-3 ilinə nəzər salsaq “Sağlam Düşüncə” Gənclər Təşkilatından başqa həm yerli ve həm də beynəlxalq səviyyədə Sumqayıtı təmsil edən ikinci bir təşkilatın adını xatırlamıram. Bu vaxta qədər Gənclər ve İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası, Vətəndaş Cəmiyyətində Debat İB və digər qrumlardan bir çox mükafatlar almışıq. Ancaq biz diqqəti mükafatla ölçmürük. Biz Baş idarədən hər zaman diqqət, hörmət, qayğı gözləyirik. Bizə maddi dəstək lazım deyil,  qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün yaranmış problemləri həll etmək üçün mənəvi dəstəyə ehtiyacımız var. Bir arxaya, güvənə biləcəyimiz dosta ehtiyac duyuruq. Maneələrə qarşı bir olmaq və Sumqayıt gəncliyi üçün birgə daha böyük işlər görmək istəyirik. Suala qayıtsaq isə deyərdim ki, bu bir qədər gecikmiş diqqətdir. Düşünürəm ki, “Sağlam Düşüncə” Gənclər Təşkilatı bu günə qədər gördüyü işlər və həyata keçirdiyi layihələrinə görə keçən il bu mükafatl almalı idi.

Cavabınızdan belə anlaşılır ki, Sumqayıtda özünüzə rəqib gənclər təşkilatı görmürsünüz…

Bəli, əfsuslar olsun ki, bugün Sumqayıtda bizimlə rəqabət apara biləcək gənclər təşkilatı yoxdur. Buna iddia etməkdə əsasımız da var. Seçkili orqan ilə idarə olunuruq, hər iki ildən bir seçkilər keçirərək təşkilatın idarə heyətinə və sədrliyinə yeni potensiallı gəncləri seçirik, onlara özlərini göstərmək ve təcrübə qazanmaq şansı yaradırıq. Tam formalaşmış, idarə olunan üzvlər və könüllülər şəbəkəmiz var. Respulikanın digər şəhər ve rayonlarındakı gənclər təşkilatları ilə, eləcə də Avropa ölkələrindəki gənclər təşkilatları ilə əməkdaşlıq qurmuşuq. 6 illik fəaliyyətiniz ərzində Gənclər və İdman Baş idarəsi ilə yaxşı əməkdaşlıq qurmuş, Gənclər Təşkilatları Milli Şurasına tam hüquqlu üzv seçilmiş ilk Sumqayıt təşkilatı olmuşuq. Avropa komissiyasının həyata keçirdiyi “Gənclər Fəaliyyətdə” proqramını aktiv şəkildə işləyirik, mütamadi olaraq Avropada təşkil olunan tədbirlərinə Sumqayıt gənclərini göndəririk. Bu günə qədər AR Prezidenti yanında QHT şurası, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, British Council Azərbaycan, Vətəndaş Cəmiyyətində Debat İB ilə əməkdaşlıq quraraq layihələr həyata keçirmişik. Hal hazırda təşkilatımız tərəfindən yaradılan və fəaliyyətini günü gündən artıran bir neçə klub fəaliyyət göstərir. Bunlardan Sumqayıt Debat Klubu, Sumqayıt Ədəbiyyat Klubun, Sumqayıt Bloqçular Klubunu misal göstərmək olar. British Council Azərbaycanın “Fəal vətəndaşlar” proqramının davamlılığı olaraq Sumqayıtda Aktiv Vətəndaşlıq Məktəbi layihəsini davam etdiririk.

Biz təşkilatımızı professional şəkildə idarə edirik. Təşkilat sədr və idarə heyəti tərəfindən idarə olunur. Təlimçi komandası, Beynəlxalq əlaqələr proqramı, Debat Təhsil proqramı, Layihə yazılışı komandası ayrı-ayrılıqda fəaliyyət göstərir və təşkilatın irəli getməsi üçün çalışır. Daimi ofisimiz və planlaşdırılmış büdcəmiz var. İllik fəaliyyət planımız və həyata keçirəcəyimiz tədbirlər əvvəlcədən müzakirə olunub təsdiqlənir. Bu bizə daha profesional şəkildə işləməyə imkan yaradır. Üzv və könüllülərimizin inkişafına da diqqət yetiririk. Baş katib tərəfindən üzvlərin marağına uyğun təlim və seminarlar hazırlanır, təlimçi komandası tərəfindən mütəmadi olaraq təlimlər təşkil olunur. Beynəlxaql əlaqələr proqramı üzvlərin İngilis və rusdilində danışığını inkişaf etdrimək üçün danışıq klubları təşkil edir. Bir sözlə, “Sağlam Düşüncə” Gənclər Təşkilatı yalnız Sumqayıt gənclərinin inkişafı üçün çalışır.

Qeyd etdiniz ki, təşkilatınız hər iki ildən bir seçkilər keçirərək idarə heyətinə və sədrliyinə yeni potensiallı gənclər seçilir. Sədrlik səlahiyyətiniz bu il sona çatır. Yenidən sədr olmaq fikriniz varmı?

(Gülür)… Mən təşkilata 2008-ci ildə gəlmişəm və həmin il keçirilən Idarə heyəti seçkilərində namizədliyimi irəli sürmüşəm. 2008-2010-cu illərdə təşkilatın idarə heyətinin üzvü ve Sumqayıt Debat təhsil proqramının koordinatoru olmuşam. 2010-cu ildə isə təşkilata sədr seçilmişəm. 2012-ci ilin avqust ayında sədrlik müddətim bitir və yenidən seçkilər keçiriləcək. Düzü hələ bu suala cavab vermək tezdir. Belə məsələləri zaman həll edir. Amma iyun ayına qədər seçimimi dəqiqleşdirməliyəm. Düşünürəm ki, sədr olmasam da təşkilata töhvə verəcəm. “Sağlam Düşüncə” Gənclər Təşkilatı mənim üçün bir iş və öhdəlikdən daha çox bir dəyərdi. Təşkilata illər ərzində yüzlərlə gənc gəlib-gedir Amma bəziləri müəyyən müddət ondan istifadə edib sora hər şeyi unudub gedir, bəziləri  isə ona bağlanıb həmişəlik qalır. Mən belə gənclərdənəm, artıq bağlanmışam təşkilata. İnsan bəzən sevdiyini belə unudur, dəyişir, amma dəyişilməz tək bir şey var ki həyatda o da dərindən bağlandığın dəyərlərdir. Mən 2-ci dəfə sədr seçilmək əvəzinə, bu postu məndən cavan və az təcrübəli, amma həvəsli, yaradıcı və inkişafa meyilli birinə həvalə etməyi istərdim. Bu cür gənclər ətrafımızda çoxdur. İndidən proqnozlaşdırıram ki, seçkiqabaği təşviqat kampaniyası və debatlar çox gərgin keçəcək və elə seçkilərin özü də maraqli alınacaq. Hələ ki, təşkilatın sükanı mənim əlimdədir. Düzdür mən onu tək idarə etmirəm. Idarə heyəti və təsisçilərin fikirlərini də daim nəzərə alıram.

Necə deyərlər sükanı belə saxlayın.  Sumqayıt gənclərinə sözünüz varmı?

Sumqayıt gənclərinə sözüm çoxdu. Bildiyiniz kimi mən Bakıda yaşasam da, hər gün Bakı -Sumqayıt yolunu gedib gəlsəm də özümü 5 ildir ki, Sumqayıt gənci sayıram. Gəncliyimin ən gözəl anlarını Sumqayıtda keçirdiyim ücün məni də Suqmayıt gənci hesab etmək olar. Müşahidələrim əsasında deyə bilərəm ki, Sumqayıt gəncləri çox potensiallı gənclərdilər. Bəzən hətta Bakı gənclərini də qabaqlayırlar. Ancaq real işə gəldikdə bir qədər passivlik edirlər. Daha böyük uğurlara çatmaq üçün bir olmaq lazımdır. Bir qədər paxıllıq və qısqanclıq hisslərini qırağa qoyub birləşmək, Sumqayıt gəncliyi üçün böyük işlər görmək lazımdır. Dəfələrlə hansısa böyük tədbir və layihə həyata keçirəndə Sumqayıtın tanınmış gənclərinin özlərini qırağa çəkdiyinin şahidi olmuşuq. Amma sevindirici haldır ki, bunu hamıya şamil etmək olmaz, yəni bizə dəstək olan, bizimlə birgə uğurlara imza atan gənclər çoxdur. Düzdür, biz həmişə gənclər təşkilatlarının, təşəbbüs qruplarının çoxalmasının sağlam rəqabətə gətirib çıxaracağını deyirik. Ancaq bu çoxluq da əksər vaxt sağlam rəqabət yarada bilmir. Açığın desək, bu gün təşkilatımızın əldə etdiyi uğurlardan narazıyıq. Çünki biz edə biləcəyimizin ən minimumunu edirik. Səbəb isə bizimlə ayaqlaşan real alternativ ola biləcək gənclər təşkilatının olmamasıdır. Alternativ olmadıqda isə ideyalar tükənir və bəsitləşir. Biz də məcburiyyət qarşısında qalıb özümüzü Gəncə, Lənkəran, Bakı gənclər təşkilatları ilə müqayisə edirik. Ancaq hər regionun fərqli auditoriyası və gəncləri olduğundan bu müqayisə də bizim üçün tam olaraq rəqabət yarada bilmir. Artıq gənclər təşkilatı kimi formalaşmiş təşkilatlara demək istəyirəm ki, daha da səylə çalişsınlar. Fəaliyyətlərini təqvim tədbirləri və standart layihələrlə məhdudlaşdırmasınlar. Beynəlxalq təcrübəni öyrənsinlər, beynəlxalq konfranslarda təlimlərdə iştirak etsinlər. Özlərini və Sumqayıt gəncliyini inkişaf etdirsinlər. Hələ də heç bir təşkilatda olmayan potensiallı gənclərə isə demək istərdim ki, düşünməyin ki, təşkilat yaradıb nə isə qazana bilərsiniz. Düzdür bu gün təşkilat yaratmaq, qeydiyyatdan keçirmək çətin iş deyil. Ancaq onu daima fəaliyyətdə saxlamaq çətindir, tecrübə istəyir. Məsləhət görərdim ki, gücünüzü , həvəsinizi və potensialınızı artıq mövcud olan və bu işdə peşəkarlaşmiş təşkilatda sərf edəsiniz. Təşkilatı seçməzdən əvvəl isə kiçik bir araşdırma edib kimin nəyə qadir olduğunu muəyyənləşdirmək lazımdır. Bu müsahibəmi oxuyan Sumqayıt gənclərinə üzümü tutub demək istəyirəm ki, aktiv olmaq heç vaxt gec deyil. Ictimai sektorda fəal olmaq sizə yalnız üstünlük gətirəcək. Mən bu gün işlədiyim beynəlxalq təşkilatda məhz SDGT-da və digər təşkilatlarda qazandığım təcrübəm hesabına işləyirəm. Axtarın, maraqlanın, seçin və üzv olun. Fərqi yoxdur hansi təşkilat olsun, əsas odur ki, Sumqayıt gəncliyinə töhfə verin. Risk etməkdən qorxmayın, sınayın özünüzü. Sizi təşkilatımızın sıralarında hər zaman görməyə şad olarıq.

Söhbətləşdi: Vüsalə Əliyeva, “sumqayitxeber.com”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • namik
    Fevral 5, 2012 - 22:43

    sozde gencler teshkilati nezeri ishler gorur ama emeli bir shey gormuruk

  • Mirzə
    Fevral 16, 2012 - 01:42

    Sizə daha yüksək nailiyyətlər arzulayıram. Bilmək istərdim, “Sağlam Düşüncə” Gənclər Təşkilatı fəaliyyət göstərdiyi 6 il ərzində fiziki qüsurlu (bəzilərinin əlil bildiyi) gənclərimizlə bağlı hər – hansı bir layihə reallaşdırıbmı. Cavablandırsanız məmnun olardım.
    Hörmətlə.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər