Tofiq Zülfüqarov: “Heydər Əliyev gülüb, deyib ki, bunu heç yerdə demə…” – Brifinq

1960

Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı Azərbaycanın keçmiş xarici işlər naziri (1998-1999), 2005-2010-cu illərdə Latviyada, 2007-2015-ci illərdə Estoniyada fövqəladə və səlahiyyətli səfiri olan Tofiq Zülfüqarovdur.

“Valideynlərim Bakıya köçəndə heç 2 yaşım yox idi”

Səxavət Həmid: – Tofiq müəllim, bioqrafiyanızda Rostov-Don şəhərində dünyaya gəldiyiniz qeyd olunub. Güman etmək olar ki, valideynləriniz həmin dövrdə bu şəhərdə işləyirmiş. Səhv etmirik ki?

– Xeyr, səhv etmirsiz. Rəhmətlik atam həkim idi. Azərbaycan Tibb Universitetini bitirmişdi. Müharibə vaxtı təyinatla müxtəlif yerlərdə, o cümlədən Rostovda işləyib. O vaxtlar ixtisasını dəyişib. Əvvəl terapevt, sonra pediatr, daha sonra uroloq olub. 1947-ci ildə urologiyanı ixtisas olaraq o vaxtkı Leninqrad şəhərində dəyişib. Sonra bir müddət Rostovda işləyib. Valideynlərim ailə qurduqdan sonra 10 ildən çox Rostovda yaşayıblar. O vaxtlar bu məsələdə çox sərbəstlik vardı. İndiki kimi deyildi. Yəni, həkimlərin sayı az idi, onlara hər yerdə ehtiyac duyulurdu. Mən də onların Rostovda yaşadığı dövrdə dünyaya gəlmişəm. Ancaq Bakıda böyümüşəm. Valideynlərim 1961-ci ildə Bakıya köçəndə mənim heç 2 yaşım yox idi.

“Vəfa müəllim deyib ki, yaxşı oğlandır, ancaq bir eybi var…”

Qurban Yaquboğlu: – Bəs əsliniz haralıdır, yəni atanız hardandır?

– Çox maraqlı sualdır. Bununla əlaqədar bir hadisəni danışmaq istərdim. Xarici işlər naziri təyin olunanadək 4 il nazir müavini, həmçinin prezidentin Qarabağ danışıqları üzrə xüsusi nümayəndəsi idim, ona görə də rəhmətlik Heydər Əliyev məni tanıyırdı. Buna baxmayaraq, Vəfa müəllim (sabiq dövlət müşaviri Vəfa Quluzadə-S.Həmid) mənim təyinatımla bağlı Heydər Əliyevlə söhbət aparanda deyib ki, yaxşı oğlandır, nazir kimi yaxşı işləyəcək, ancaq bir eybi var. Deyib, nə eybi var? Vəfa müəllim də deyib ki, o da naxçıvanlıdır. Heydər Əliyev gülüb, deyib ki, bunu heç yerdə demə, onsuz da bizi bu məsələdə əsassız yerə qınayırlar. O vaxtdan mən heç harda haralı olduğumu demirəm. Bəlkə buna görə bu məsələdə bir boşluq var. Heydər Əliyev mənə bu məsləhəti verib. Deyib ki, sən onsuz da öz biliyinlə, bacarığınla bu vəzifəyə təyin olunmusan. Amma hər halda heç yerdə demə. O vaxtdan 20 ildən çox vaxt keçib. İndi sizə bu eksklüziv məlumatı çatdırıram (gülür).

Bilirsiniz, cəmiyyətdə bu və ya digər şəkildə stereotiplər var. Bu stereotiplər artıq nəzərə alınmalıdır. Bəziləri bu stereotiplərin qurbanı olur, bəziləri əksinə, bundan xeyir görürlər. Amma mənim əhvalatım belə qısadır.

“Əmim şərt qoymuşdu ki, bilikli olmalısan”

S.Həmid: – Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsində oxumusunuz. Təhsil illəriniz barədə bir qədər danışmağınızı istərdik…

– Şərqşünaslıq fakültəsinə daxil olmaq o vaxtlar bir qədər çətin idi. Mən məktəbə bir qədər tez – 6 yaşımda getdim. Heç 17 yaşım tamam olmamış bitirdim. Əmim Cümşüd Zülfüqarlı universitetdə qeyri-üzvü kimya kafedrasının müdiri idi. Bibim də universitetdə dərs deyirdi. Hətta, atamın bibisi oğlu Fərəməz Maqsudov akademik, Elmlər Akademiyasının prezidenti olub. Hamı başa düşürdü ki, ora daxil omaq üçün belə deyək, icazə lazımdır. Hamı başa düşürdü ki, bundan sonra xaricə getmək var. Sovet vaxtında bu məsələlər çox ciddi idi. Təbii ki, bu məsələ əmimlə rektor arasında müzakirə olunub. Razılıq alınandan sonra mən gedib sənədlərimi təhvil verdim. Ancaq əmim tərəfindən şərt qoyulmuşdu ki, sən bilikli olmalısan. Özü məni imtahan etmişdi. Sonra imtahanların özü mənim üçün asan idi. Çünki mən o imtahanlardan keçmişəm. Yəni, o vaxtlar bizə münasibət bir qədər ayrı idi. Onda valideynlər, qohumlar çalışırdılar ki, uşaqlar yaxşı oxusunlar. İndi isə bizdə qəribə bir xüsusiyyət yaranıb. Dünyanın hər yerində valideynlər pul verirlər ki, uşaqları oxusun, bizdə isə pul verirlər ki, uşaq oxumasın. Bu, anormal bir haldır.

Onu da deyim ki, mən yaxşı oxuyurdum. Fərqlənmə diplomu almasam da, cəmi 2-3 dördüm var idi, qalanları hamısı beş idi. Çox həvəsli idim. Bilmirəm, bunun nəticəsində nə alınıb.

“Mənim xaricdə aldığım maaşı burda bəlkə də nazir almırdı”

Sevda Səlimova: – Ancaq 2-3 “dörd”lə də fərqlənmə diplomu almaq mümkündür…

– O vaxtlar şərqşünaslıq fakültəsi çox diqqət altında olan fakültə idi. Deyəsən, bizdə fərqlənmə diplomu alanlar çox idi. Ona görə mənə vermədilər. Ümumiyyətlə, hüquq və şərqşünaslıq fakültələri böyük diqqət altında idi. Hüququ bitirənlər hüquq-mühafizə orqanlarında çalışırdılar, şərqşünaslığı bitirənlər isə bir qayda olaraq, xaricdə işləyirdilər. Həm hərbi xidmətdə, həm də ezamiyyətdə olurdular. O vaxt bizə verilən maaş da yüksək idi. Məsələn, mənim xaricdə aldığım maaşı burda bəlkə də nazir almırdı. Mən hərbi tərcüməçi olaraq rütbəyə görə 250 rubl alırdım. Bu da çox böyük məbləğ idi. Bu maaşla 4-5 ay işləyib gəlib Bakıda maşın almaq mümkün idi. Yəni, o vaxt üçün çox böyük məbləğ idi.

S.Həmid: – Yəmən Xalq Demokratik Respublikasının paytaxtı Ədəndə Sakit Okean Hərbi‐Dəniz Donanmasında xidmət etmisiniz. Burada xidmətin özəlliyi nədən ibarət idi?

– Bizdə həm qızlar, həm də oğlanlar hərbi kafedranı keçirdilər və hərbi rütbə alırdılar. Bu, yeganə fakültə idi ki, orada qızlar da hərbi təlim keçirdilər. Ondan sonra oğlanların demək olar ki, hamısı hərbi xidmətə gedirdilər. Böyük bir qismi gedib Suriyada, Əlcəzairdə, İraqda xidmət edirilər. Bölünəndə mən dəniz donanmasının qərargahına düşdüm. Məni zabit kimi Ədənə göndərdilər. Mən orda 2 ildən çox hərbi xidmətdə oldum.

“Yəmənlilər hasarın o tərəfindən bizi qoruyurdular”

Açıq danışsaq, ora elektron kəşfiyyat nöqtəsi idi. Orada həm hərbi gəmilər, həm də sualtı qayıqlar üçün məxfi radioəlaqələr qurulurdu. Bu hissə tamamilə sovet hərbçilərindən ibarət idi. Sadəcə olaraq, yəmənlilər bizi sanki, hasarın o tərəfindən qoruyurdular. Onların patrulları həmişə orda mövcud idi. Hərə öz işi ilə məşğul idi. Mənim işim birbaşa xidməti təmin etmək, yəni gediş-gəliş məsələləri, viza almaq, yerli icra orqanları ilə əlaqələr saxlamaq, kontaktları təmin etməkdən ibarət idi. Bizim həmişə yanımızda silahımız var idi və sair. Amma bizə şəhərdə hərbi geyimdə gəzməyə icazə verilmirdi. Mən hərbi məsələlərlə məşğul olmurdum, çünki tərcüməçi idim.

– Tərcüməçilər hər zaman hansısa mühüm danışıqları, hansısa dövlət başçılarının danışıqlarını tərcümə etmələri ilə öyünürlər. Sizdə bununla bağlı vəziyyət necədir? Hansı danışıqları tərcümə etmisiniz?

– Deməzdim ki, mən çox təcrübəli tərcüməçi idim. Çünki orda 4-5 minə yaxın sovet mütəxəssisi var idi, onlardan da 100-dən çoxu tərcüməçi idi. Siyasi və hərbi səviyyədə yüksək səviyyəli danışıqları digər tərcüməçilər tərcümə edirdilər. Amma mənə aid məsələləri təbii ki, həll edirdim.

“Moskvadan gələnlər “Risk-1” adlı proqram hazırlamışdılar”

– 1988‐ci ildə Ermənistan‐Azərbaycan münaqişəsinin yaranmasından sonra digər elmi işçilərlə birlikdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ekspert‐analitik qrupuna göndərilmisiniz. Bu dövr ərzində keçmiş DQMV‐də separatçı qüvvələrə qarşı təbliğat‐təşviqat işini təşkil etmək üçün uzun müddətə Xankəndi, Ağdam, Şuşa və Laçına getmisiniz. Bu barədə bir qədər danışmağınızı istərdik. Əvvəlcə dəqiqləşdirək; vəzifəniz nə idi, təlimatçı?

– Yox, təlimatçı deyildim. Çünki heç vaxt Kommunist Partiyasının üzvü olmamışam. 1988-ci ildə hadisələr başlayandan sonra aydın oldu ki, bu məsələləri analiz etmək üçün hansısa yeni qüvvələr lazımdır. Düzdür, Mərkəzi Komitədə işləyənlər bilikli, təcrübəli insanlar idi. Amma yeni hadisələri analiz etmək onlar üçün bir qədər çətin idi. Bu baxımdan MK-da işləyən bəzi şəxlər fikirləşirdilər ki, analitik qruplar yaratsınlar. Məsələn, bizim məşhur alimimiz Rafiq Əliyev o vaxt MK-da katib işləyirdi. Onun təşəbbüsü ilə akademiyadan, Neft-Kimya İnstitutundan bir neçə adam cəlb olundu və bu adamlardan ibarət ekspert qrupu yaradıldı. Biz müxtəlif məsələləri analiz edib proqnozlar verirdik. Məsələn, Baltikyanı respublikalarda gedən proseslər analiz olunurdu. Xüsusən, bizim üçün ordan onların xalq cəbhələrinin qəzetləri gətirilirdi və sair. Biz fikirləşirdik ki, bu proseslər Azərbaycanda da bu və ya digər şəkildə baş verə bilər. Azərbaycan Xalq Cəbhəsinin nizamnaməsinə baxsaq, görərik ki, onun nizamnaməsi sanki Baltikyanı ölkələrdə olan xalq cəbhələrinin nizamnaməsidir. Orda baş verən prosesləri analiz edərkən, biz düşünürdük ki, təxminən 6-7 aydan sonra Azərbaycanda da oxşar proseslər baş verə bilər. Ermənistanla da bağlı bu proqnozları vermək mümkün idi. Moskvadan gələn mütəxəssislər bizim proqramla tanış olub özləri üçün “Risk-1” adlı proqram hazırlamışdılar. Bu da çox maraqlı bir məsələdir.

“Polyaniçko Qarabağ konfliktini yatırmağa yaxın idi”

1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi olan Viktor Polyaniçko 1990-cı ildə Dağlıq Qarabağ üzrə Xüsusi Komitə yaradılıb onun başçısı olandan sonra həmin ekspert‐analitik qrupundan olan 6-7 nəfəri də cəlb etmişdi ki, biz Dağlıq Qarabağda təbliğatla məşğul olaq. Ancaq təbliğatın klassik formasında, yəni komsomol və ya kommunist formasında yox. Məsələn, mən bir şərqşünas kimi bu hadisənin din məsələlərinə təsiri kimi xüsusiyyətləri nəzərə alaraq, hansısa modelləri işləyib hazırlayırdıq və çalışırdıq ki, bu konfliktin qarşısını alaq.

Biz o vaxtkı Stepanakert, indiki Xankəndi şəhərində DQMV Partiya Komitəsinin binasında növbə ilə yaşayırdıq. IV mərtəbədə yataq yerləri düzəldilmişdi, orda milisdən, prokurorluqdan ezam olunan şəxslər yaşayırdılar. Hərəsi öz istiqaməti üzrə respublikanın xeyrinə hansısa işlər həyata keçirməyə çalışırdılar. Bizi orada sovet ordusunun avtomatlı əsgərləri mühafizə edirdilər. Oradan Şuşaya gedirdik və sair. Bu çox maraqlı iş idi. Açıq deyək, Polyaniçkonun fəaliyyəti davam etsəydi, o, sıxıb hansısa şəkildə bu məsələni yatırmağa yaxın idi. Mən şahid oldum ki, ona Moskvadan çox ciddi maneələr törədilirdi. Bir dəfə milislər 38 nəfər silahlı yaraqlını tutmuşdular. Moskvadan tələb etdilər ki, onları azad edin.

“Separatçılar qorxub mitinqə çıxmırdılar”

Həmin vəziyyət KQB orqanlarında da var idi. Çünki Bakıdan gələn KQB işçiləri bir istiqamətdə iş görürdülər, Moskvadan gələnlərin bəziləri bizimkilərlə əməkdaşlıq edir, digər tərəfdən, qeyri-rəsmi olaraq separatçılarla görüşürdülər. Çox mürəkkəb bir mənzərə idi. Bəzən separatçılar qorxub mitinqlərə çıxmırdılar, sonra biz məlumat alırdıq ki, onları bu və ya digər şəkildə mitinqlərə cəlb ediblər. Erməni milislər axşamlar gəlib bizə danışırdılar ki, bu işləri görmələri üçün onları təhdid edirlər. Bir çox erməniləri buna görə öldürüblər. Xocalıda yerləşən hava limanının məsul şəxsi olan Şıxanyan soyadlı bir qadın var idi. Onu öldürdülər. Guya bu qadın erməni ideyalarına xəyanət edib və Azərbaycanla əməkdaşlıq edir. Yəni, belə hallar çox idi.

“Müstəqilliyimizi istəmirdi, ancaq ermənilərə təsirli zərbə endirmişdi”

Q.Yaquboğlu: – Polyaniçko doğrudanmı, yeni başlamış münaqişənin ədalətli həllinə çalışırdı?

– Polyaniçko Sovet İttifaqına xidmət edən bir insan idi. O başa düşürdü ki, bu konflikt Azərbaycanın ziddinə olan bir konfliktdir. Eyni zamanda Sovet İttifaqının dağılmasına da artıq bu münaqişə hansısa təhlükələr yaradırdı. Onun fəaliyyəti azərbaycanpərəst deyildi, sovetpərəst idi. Amma o, həmin vaxt Azərbaycana xeyir verən bir insan idi. Bizim dediyimizin təsiri bir cür, onun dediyinin təsiri başqa cür idi. Onun Moskvada və ümumiyyətlə, Rusiyada nüfuzu çox böyük idi. Təcrübəsi çox idi, Əfqanıstanda işləmişdi. Təbii ki, o, Azərbaycanın müstəqil ölkə olmasını istəmirdi. Ancaq ermənilərin bu siyasətinə çox təsirli zərbələr endirmişdi. Bunu da qeyd etmək lazımdır.

S.Həmid: – Bəs Xarici İşlər Nazirliyində işə başlamağınız necə oldu?

– 1992-ci ilin fevral-mart aylarında Xarici İşlər Nazirliyinə işə keçdim. O vaxt Xüsusi Komitədə işə artıq bir sıra insanlar cəlb olunmuşdu. Hiss olunurdu ki, artıq xarici məsələlərdə bəzi məqamlar önəm kəsb edəcək. 1991-ci ilin dekabrında ATƏM artıq bu məsələlərlə məşğul olmağa başladı. Bəlli idi ki, bu məsələ artıq beynəlxalq müstəviyə ya çıxıb, ya da çıxacaq. Mənim istəyim də bu məsələlərlə məşğul olmaq və Xarici İşlər Nazirliyinə cəlb olunmaqdan ibarət idi. Cavan olmağıma baxmayaraq, bu məsələlərdə pis-yaxşı təcrübəm olduğu üçün məsləhət olundu ki, Xarici İşlər Nazirliyində işləyim. O vaxtlar Xarici İşlər Nazirliyi demək olar ki, yox idi. Orda cəmi 4-5 nəfər işləyirdi. Xarici İşlər Nazirliyi “İnturist”in bir şöbəsi idi. Yəni, Mərkəzi Komitənin xarici əlaqələr idarəsinin bir şöbəsi kimi fəaliyyət göstərirdi. Siyasətdən uzaq, mədəni tədbirlərlə məşğul olurdu. O vaxt cəmi 3 müttəfiq respublikada – Rusiyada, Belarusda və Ukraynada real xarici işlər nazirlikləri var idi. Çünki onlar BMT-nin üzvü idi. Ancaq Bakıda cəmi 2 konsulluq fəaliyyət göstərirdi. Bunlar İraq və İran konsulluqları idi. Onlarla iş aparılırdı, vəssalam.

“Tehranda görüşdən çıxanda eşitdik ki, Şuşanı götürüblər”

Mən XİN-ə keçəndən sonra müəyyən hadisələr baş verməyə başladı. 1992-ci ildə həmkarımız Araz Əzimov da daxil olmaqla Yüksək Səviyyəli Məsul Şəxslər Komitəsi adlı bir işçi qrup Helsinkidə ATƏM-in dövlət başçılarının iyun ayında keçiriləcək ümumavropa görüşünü hazırlayırdı. Orda məsələlər müzakirə olunurdu. Bu hazırlıq işləri zamanı Qarabağ məsələsinə də baxılırdı. Orada 1992-ci il martın 24-də Minsk Konfransının mandatı qəbul olunub. Sonra mən bir neçə həmkarımla may ayında Tehranda keçirilən Azərbaycan-Ermənistan görüşündə iştirak etmişəm. Orada sənədlərin tərtib olunması prosesinə cəlb olunmuşam. Bilirsiniz ki, həmin görüş zamanı ermənilər Şuşanı işğal ediblər və İranın vasitəçiliyi yarımçıq qalıb. Bəzən deyirlər ki, Şuşa orada aparılan danışıqlar nəticəsində işğal olunub və sair. Gəlin, belə danışaq. Siyasətçilər birbaşa müdafiə məsələləri ilə məşğul olmurlar. İnanmıram, İrəvandan kimsə təlimat verib ki, daha müharibə aparmayın, biz Tehranda danışıqlar aparırıq. Bəzən camaat arasında belə fikirlər səslənir ki, ora gedib Şuşanı satdılar. Satmaq söhbətini bilmirəm. Hər halda mən orda kiminsə nəyisə satdığını görməmişəm. Amma açıq demək lazımdır ki, bizim ordumuz ya yox idi, ya da çox zəif idi. Daxildə siyasi çaxnaşma var idi. Cəmiyyət bölünmüşdü və sair. Bu şəraitdə hansısa müdafiə imkanları yaratmaq çox çətin idi. Ona görə bu hadisələr baş verib. Amma ermənilər əksinə, təşkilati baxımdan, ələlxüsus xaricdən gələn köməyə görə çox güclü idilər. Mən nümayəndə heyətinin üzvü kimi Tehranda görüşdə idim. Prezident Əli Əkbər Haşimi Rəfsəncani iki nümayəndə heyətini qəbul etmişdi. Orda hansısa sənədin üzərində redaktə işləri gedirdi. Biz onu gözlədiyimiz vaxt gördük ki, emənilər sevinə-sevinə danışmağa başlayıblar. Demək, xəbər çatıb ki, artıq Şuşanı götürüblər. Biz görüşdən çıxanda artıq bizə də bu xəbər çatdı. Yəni, həmin görüş vaxtı bu hadisələr baş verib. Çox ağır günlər idi. Təəssüflər olsun ki, İran da biz istəyən bəyanatları vermədi. Çünki onun vasitəçiliyi zamanında belə bir hadisə baş verdi. Təbii ki, danışıqlar dayandırılıdı və biz hamımız həmin gün Bakıya qayıtdıq.

– Nazir təyin olunmağınız necə baş verdi?

(ardı var)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər