Tokio-2020: Rafael Ağayev gümüş medal qazanıb

1218

Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, bu mükafata 5 qat dünya, 11 qat Avropa çempionu olan karateçimiz Rafael Ağayev layiq görülüb.

Bu, Azərbaycan yığmasının Tokio-2020-də dördüncü medalı olub. Rafaelə qədər yalnız bürünc mükafatlar əldə edən millimiz ən yüksək əyarlı medalını rəsmiləşdirib. Onadək millimizin heyətində cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal əldə edib. Sərbəst güləşçi Hacı Əliyev (65 kq) isə bu gün finala yüksəlməlkə özü üçün ən azı ikinci yeri təmin edib.

6 avqust
Kişilər, 75 kq
B qrupunda çıxış edən Rafael ilk döyüşündə Noa Biçlə (Almaniya) görüşüb. O, hesabda geri düşsə də, yekunda 2:1 hesabı ilə qələbə qazanıb. Ağayev ardınca Çuneari Yahiro (Avstraliya) ilə qarşılaşıb. Həmyerlimiz növbəti dueldən də qalib ayrılıb – 5:0. Karateçimiz üçüncü cəhdində Nurkanat Ajiqanovu (Qazaxıstan) sınağa çəkib. Rəqibini 3:2 hesabı ilə məğlub edən Rafael son turun nəticəsindən asılı olmayaraq yarımfinala vəsiqə qazanıb. Təmsilçimiz son görüşdə yarışın digər favoriti Luici Busa (İtaliya) ilə döyüşüb. Rəqibinə 1:3 hesabı ilə uduzan dünya çempionumuz qrupu 6 xalla 2-ci pillədə başa vurub.

O, yarımfinalda digər qrupun birincisi macarıstanlı Qabor Harspataki ilə üz-üzə gəlib və qələbə qazanmaqda çətinlik çəkməyib. Ağayev rəqibini 7:0 hesabı ilə məğlub edərək, finala yüksəlib. Həlledici döyüşdə karateçimiz yenidən prinsipial rəqibi olan Busa ilə üz-üzə gəlib. İtaliyalı rəqib ikinci dueldən də qalib ayrıldığından Rafael gümüş medalla kifayətlənib.

Qeyd edək ki, karate millimiz yarışa üç idmançı ilə qatılıb. Firdovsi Fərzəliyev (67 kq) qrupda qalıbsa, İrina Zaretska (+61 kq) sabah tatamiyə çıxacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər