Torpağı azad edən şəhidlər: Yaralı əsgərləri xilas edən üç qız atası özünü qoruya bilmədi - Hərbi həkim Eldar Abdullayev

1438

Sumqayıtın 17-ci mikrorayonundakı yataqxana tipli buinadan Vətən müharibəsinə  gedən 3 ailənin doğması qayıtmadı. Bir bloka müharibə  başlayandan sonra fərqli-fərqli tarixlərdə Azərbaycan bayrağına bükülmüş 3 tabut gəldi. O qara xəbəri alan ailələrdən biri də Eldar Abdullayevin ailəsi oldu. O Eldar Abdullayev ki, 22 il idi ki, hərbi xidmətdə çalışır, feldşer kimi Azərbaycan Ordusunda xidmət göstərmişdi. Onun hərbi həkim olduğunu da bu hərbçilərə aid olan yataqxana tipli binadakı qapılarını açandan sonra bildim.

Bütün şəhid evləri bir-birinə bənzəyir. Hansı qapını açıb, içəri girsən,  otaqdan bir qrmızı və qara lentlə bəzədilmiş şəhid portreti izləyəcək səni. Ailə ilə tanış deyilsənsə, söhbət əsnasında tanış olacaqsan. Ailəni ruhdan düşmüş, ümidsiz, çarəsiz, göz yaşları içərisində görsən, gücün ancaq  təsəlli verməyə çatacaq…  Nahaqdan deməyiblər ki, “Atəş düşdüyü yeri yandırar…”. Biz nə qədər yanıb qovrulsaq da, doğması evindən ayrılan insan qədər alışıb-yana bilmərik.

“Yaşadığımız binaya ilk şəhid tabutu gələndə oktyabrın 2-si idi, dəli oldum, elə bildim ki, Eldarı gətiriblər tabutda. Haray saldım onun xidmət etdiyi hərbi hissəyə, dostlarına zəng vurdum”- deyib, söhbətimizə davam edir gənc Fatimə. Bir az keçdi  özü zəng etdi. Dedi ki, ay qız nə haray-həşir salmısan korpusa, məndən narahat olma. Mən heç sənə elə zülmü yaşadaram?!

Mən elə bilirdim ki, Eldara heç vaxt güllə dəyməz. Çünki o bütün döyüşlərdən sonra, əməliyyatlardan sonra evə sağ-salamat qayıdırdı. Aprel döyüşlərində iştirak etmişdi. Sarcallıda nə qədər yaralının yarasını sarıyıb, ilk yardım göstərmişdi, ölümdən qurtarmışdı. Qonşumuza ilk şəhid tabutu gələndən sonra, mən narahat olmayım deyə, hər səhər və axşam zəng edirdi. Mənə deyirdi ki, özünə fikir ver. Son dəfə oktyabr ayının 18-i danışdıq. Dedi ki: ”Yadımdadır. Elə sanma ki, unutmuşam. Təbrik edirəm. Axşam zəng edərəm danışarıq”.
2009-cu il oktyabrın 18-ində toy edib, ailə qurmuşduq. Həmin gün isə  ailə qurmağımızın 11 ili tamam olurdu. Axşama qədər gözlədim. Qəflətən xəbər gəldi ki, Eldar və digər döyüşçülər axşamüstü 5 radələrində düşmən pusqusuna düşərək şəhid olublar. Məlum oldu ki, döyüşdə yaralanan hərbçiləri təcili tibb maşınına  mindiriblər. Döyüş gedən ərazidə yaralılardan biri qalıb, həmin yaralını götürməyə gediblər. Və bu zaman pusquya düşüblər. Gecə saat 2-də gətirdilər Eldarı. Səhərə qədər oturudum tabutun yanında, başına dolandım, qışqırdım, ağladım, səsimə səs vermədi. Layla dedim, ağladım. Hirsləndim, dalaşdım, soruşdum ki, niyə belə elədin, sən birliyimizə imza atdığın günü bu nə hədiyyədir etdin mənə?!. Üzü bağlı tabutdan səs gəlmədi. İnanmırdım ki, tabutda gətirdikləri Eldardır. Səhərə qədər inildədim. İnad etdim ki, açın, sonuncu dəfə onu görüm. Anam  avtomobil qəzasına düşüb öləndə 35 yaşı var idi. Biz uşaq idik. Onun tabutunu açıb bizə göstərmədilər. Nə mən, nə qardaşlarım anamın ölüsünü görmədik. O gün, bu gün anamı gözləyirik. Bütün analrın üzündə anamın cizgilərini axtarıram. Onun öldüyünə inanmırıq. Ona görə də açdırdım Eldarın uyuduğu tabutu. Üzü-gözü həminki idi. Saçları ağarmışdı. Elə bil dərin, yorğun bir yuxuya getmişdi. Təkcə ayaq dırnaqlarını götürməmişdilər. Adətən onun ayaq dırnaqlarını mən tuturdum. Özü əyilib tuta bilmirdi. Əvvəlcədən danışmışdıq ki, oktyabrın 19-u Beyləqana yanına gedəcəyəm. Məndən döşəməli aş istəmişdi. İndi fikirləşirəm ki, məni yayındırmaq üçün Beyləqanda görüşərik deyirmiş. Müharibə Beyləqanda getmirdi axı. Mən ondan ayrılmaq istəmirdim, bizi güclə ayırdılar… Sonra da bütün şəhidlər kimi onu da təmtəraqla aparıb dəfn etdilər Sumqayıt Şəhidlər Xiyabanında.

Biz ailə quranda belə əhd etməmişdik. Eldar özünü cənnəti sağlığında qazanan bir  ata sayırdı. İki qızım var. Aysu və Asya. Biləndə ki, üçüncü qızımız dünyaya gələcək, məni bağrına basıb dedi ki, sən məni dünyanın ən xoşbəxt atası etdin. Sağlığımda cənnəti qazandırdın. Uşaq doğulanda onu “Ahu” çağıracam.  Və məni belə ağır ayaqda, böyük imtahan qarşısında tək qoyub getdi… Mən qızlarımın üzünə baxa bilmirəm. Ahu doğulandan sonra, onu sevib-əzizləyən atası olmayacaq. Təzə doğulanda  iki qızımızın böyüməsində,  dirçəlməsində Eldar mənim ən yaxın köməkçim oldu. Yorğun-arğın işdən gəlirdi. Yatıb, dincəlmirdi, körpələri böyütməkdə mənə kömək edirdi. O mənim üçün həm ana, həm ata, həm dost, həm ailəmin başçısı oldu. Deyirdim ki, Eldar nə olar, sən bu qədər yaxşı adam olma.  Allah yaxşıları tez aparır. Könülümü alıb: “Ay qız, sən yenə başlama…  Fatış, mənə heç nə olmaz. Məni qorxudan onun sənəti idi. Hər zaman odun-alovun içərisində keçmişdi günü. Mən də onunla birlikdə gəzmişdim hərbi düşərgələri. Elə vaxt olurdu ki, aylarla, illərlə hərbi xidmətini Bakıdan uzaq rayonlarda keçirdi. Mən də uşaqları yığıb aparırdım. Balaca, şəraitsiz kənd evlərində qalırdıq. Ancaq xoşbəxt idik. Aprel döyüşlərində də nə qədər əsgəri həyata qaytarmışdı. Biz ailəmizlə birlikdə  müharibədə böyüdük. 22 ildir ki, bu yoldadır. Onun medalları, fəxri fərmanları var. Hər sağalan əsgəri ilə fərəh duyurdu. Onun sağaltdığı əsgərlər, ölümünü biləndən sonra, göz yaşları içərisində zəng vurdular mənə. Hər biri deyir ki, Eldar Abdullayev bir başqa insan idi.


Çörəyini əsgərlərlə bölən təbib…

Bütün əsgərlərə öz balası, qardaşı kimi baxırdı. General Polad Həşimovun dəstəsinə Tovuzda terror ediləndə biz də Beyləqanda idik. Şahsevən-2 məntəqəsində kirayədə qaldığımız kənddəki evdə oturmuşdum. Bir də gördüm ki, Eldar gəlib. Solub-soluxmuşdu rəngi. Dedim ki, ay Eldar nə olub, niyə belə nigaran və narahatsan? Dedi ki, Ordumuzun bel sütunu qırılıb. Generalımız Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər 5 hərbçimiz şəhid olub. Mənim  buraxılış kursantım olan  Xəyyam Daşdəmirov da onlarla birlikdə şəhid olub. Ordumuz hər dəfə şəhid verəndə, elə bil ki, Eldarın ürəyinə od düşürdü. Günlərlə özünə gəlmirdi. Bəzən ağır yaralanan əsgəri xilas edə bilməyəndə o qədər həyəcan keçirirdi ki…. Deyirdi ki, yenə də heyif, bir əsgəri də qurtara bilmədim. Əlindən gələni edirdi. Səhra hospitalında işləmək insandan iradə tələb edir. Hər bir ağır və çətin  məqamda özünü itirmirdi, köməyə çatırdı. Hər kəsin təcili yardımı, könüllərin təbibi idi.

Kənddəki şəraitə uyğunlaşmışdım. Tez-tez evdə yeməklər bişirdib, əsgələri üçün aparırdı. Ya da yığıb gətirirdi əsgərləri evdə yedirdirdi. Bir də gördün ki, gəlirdi ki, 100-200 dənə peraşki və ya qutab bişir. Mən də deyirdim ki, yaxşı sən otur yanımda ki, məni yuxu aparmasın. Bişirib hazırlayırdım. Səhər götürüb sevinə-sevinə aparırdı hərbi hospitala. Aprel döyüşlərindən sonar yaralılarımız çox oldu. Deyirdi ki, elə yaralı var ki, yanına gələni yoxdur, yol uzaqdır, ya kasıbdırlar, gələ billmirlər.  Deyirdi ki, ev yeməyinin yerini heç nə vermir.

Mansur adlı bir sevimli  feldşer əsgəri  var idi. Onu tez-tez yeməyə gətirirdi. Bir gün Mansur sevinə-sevinə mənə dedi ki, bibi, boynumdakı bu gilizin üstünə adımızı yazmışıq ki, itməyək. Bilirsənmi, müharibə olacaq, hazırlaşırıq…  Eşitdiyim sözdən həyəcanlandım. Dedim ki, nə müharibə?! Eldar, tez onun sözünü kəsib: “Ay qız ona baş qoşma, uşaqdır, elə blir ki, müharibə olacaq. Təlimlər keçirik, ona görə belə deyir”,- söhbəti yayındırdı.

COVİD-19 pandemiyası ilə əlaqədar  karantin günlərində də xeyli vaxt gəlmədi. Bəzən olurdu ki, günlərlə evə gəlmirdi. Kənddəki yaxından tanıdıqları adamları qaldıımız evə göndərirdi ki, onlar bizdən ona dəqiq xəbər desinlər. Kənd camaatı bizə çox böyük hörmət edirdi. Şahsevənlidə və ətraf kəndlərdə çox böyük hörmət qazanmışdı.

Eldar ön cəbhədə olanda havam çatmırdı. Yalvarırdım ki, sən harada olursansa, mən də heç olmazsa yaxınlığında olum. Elə bilirdim ki, onun xidmət etdiyi yerlərə yaxın olduğumda, nəfəsim onu qoruyacaq. Eldarla mənim aramda 4 yaş fərqimiz var. Olurdu ki, mən səhv edirdim, hansı işisə düz görmürdüm. Bir dəfə olsun, o səhvlərimi üzümə vurmazdı. Onu elə asta, elə aradan qaldırırdı k, mən həmin səhvimi ondan öyrənərək düzəldirdim. Bir dəfə güldən ağır söz demədi mənə… Eldar müəkəmməl insan idi. Bilirdi ki, qardaşımı çox sevirəm, çünki bizi nənəm böyümüşdü. Ona görə darıxdığımı görən kimi, hətta çay içdiyimiz yerdə də, qardaşımı çağırırdı ki, mənə xoş olsun.

Öz sənətini çox sevirdi, Eldarım! Hərbi geyiminə xüsusi hörməti vardı. Deyirdi ki, hərbi geyimini səliqəli saxlamayan, işində də intizamlı ola bilməz. Təzə ailə qurduğumda papağını yuyub düzgün qurutmamışdım. Sonra həmin papağı özü götürüb təzədən islatdı və boş bankanın arxasına keçirdi, əli ilə düzən verdi, hamarladı. Və beləcə mənə, hərbi geyimlərin necə ütülənməsini, səliqəyə salınmasını öyrətdi. Onun hər işi səliqəli idi. Əxalqı da, kamalı da, əqidəsi də. Bu il yay boyu onunla Beyləqanda birlikdə oluq. Qaynanam Telli xalanı gətizdirdi yanımıza ki, bir az bizimlə qalsın, qorxuram anam məni unudar,-dedi. Alserqeyms xəstəliyi olan anamızın yaddaşının qayıtması üçün onun nazını çəkirdi, çox çalışırdı ki, ana tez sağalsın. Nə yaxşı ki, anasından doydu. Avqustun sonuna qədər qaldıq yanında. Sonra məktəb hazırlıqlarını görmək üçün qayıtdıq Sumqayıta. Bizi evə yerləşdirib, yenə xidmətə döndü. Aysu ilə Asya öyrəşmişdilər ki, onları ilk dərs günü məktəbə ataları aparsın. Uşaqları dərsə də apardı. 17 sentyabrda qayıdı xidmətə. Zəng edirdim, deyirdim ki, çox darıxırıq, tez qayıt. Sonra sentyabrın 27-si zəng vurdu. Dedim ki,darıxmışam, bir üzünü görüm də… Evində kirayə qaldığımız xalanın telefonu ilə şəklini göndərdi mənə. Onu qayğılı gördüm, saçları da 10 gün ərzində ağarmışdı. Təəccübləndim…. 29 sentyabrda danışanda da səsi yorğun və qayğılı idi. Ancaq bir əzəmət var idi səsində, parolla danışırdı. Deyirdi ki, yağış yağdırırıq, murdarlardan təmizlənir torpağımız… Hər dəfə ona “özünü qoru, ehtiyatlı ol”,-deyirdim. Çox qorxularım var idi. 35 yaşımdan qorxurdum. Çünki anam avtomobil qəzasında həyatını itirəndə 35 yaşı var idi. Eldara deyirdim ki, qorxuram 35 yaşımda mənə nəsə olar, 35-i keçirdim, 36 yaşım mənə ayrılıq gətirdi… Adamın qorxduğu başına gələrmiş.

Fatimə Abdullayeva həyat yoldaşı haqqında əslində gözəl bir eşq hekayəsi danışırdı. Danışdıqca da göz yaşları muncuq kimi yanaqlarından sinəsi boyu düzülürdü.  İndi isə küsdüyü taleyinin, qismətinin həyat yoldaşının ona bəxş etdiyi əbədi göz muncuqu idi bu göz yaşları…


…Tanrıya yalvardım ki, sən bu ananın yaddaşını qaytarma

Fatimə danışdıqca sağ böyrümdə oturan Teli anaya baxırdım. Sakit-sakit gəlinini süzür, bor söz danışmadan dinləyirdi. Sanki heç bir reaksiyası yox idi. Donmuşdu ana. Mənə dedilər ki, Telli xanım bu gün də oğlunun yoxluğunu qəbul etmir. Hətta tabuta da yaxın durmayıbmış. Birtəhər danışdırmaq istədim ananı.Oğlunu son dəfə gördüyünü belə xatırladı:

-Eldar sonuncu dəfə gəlib mənimlə görüşəndə, boynuna sarıldım ki, getmə, oğul, getmə! Qucaqladım, öpdüm onu. Dedi ki, yox ana, mən borcumu yerinə yetirməyə gedirəm. Dedim harada olsan zəng elə. Sonra dedilər ki, şəhid olub. Mən hələ “oğul” deyinb ağlamamışam. İnanmıram. Böyük oğlum Teymuru hər gün onu axtarmağa göndərirəm… Gəlib deyir ki, yoxdur. Deyirəm ki, sən düz axtarmırsan, tapa bilmirsən. Mən onun yox olmasına inana bilmirəm…

Telli müəllimə ilə söhbətimdən sonra içimdə Tanrıya yalvardım ki, sən bu ananın yaddaşını qaytarma, elə et ki, Eldar adlı bir səhifə silinsin onun yaddaşından. Yoxsa ki, heykəl kimi oturub, gözlərini bir nöqtəyə zilləmək, gözləmək və gözləmək… Dəhşətdir!!! Və gözləri yol çəkən ana, bir dəfə də olsun, dönüb Eldarın  divardan asılan portretinə baxmır.

  Dostlarının arasında da lider idi

Telli ananın böyük qızı Aygun xanım deyir ki, Eldar evimizin kiçik oğlu idi. 23 iyul 1981-ci ildə doğulmuşdu. Əslimiz Qubadandır. Hamımız Sumqayıtda doğulmuşuq. Atam Firudin Abdullayev mühəndis, anam Telli Abdullayeva 3 saylı məktəbdə çoğrafiya müəlliməsi olub. Eldar tibb sahəsində çalışmaqla bərabər həm də,  tibb kafedrasında  dərs deyirdi. Eldar çox səmimi, uşaq kimi saf idi. Elə bil ki, 39 yaşında içəridən bir uşaq saflığında qalmışdı. Həm də elə uşaqlıqdan cəngavər, hünərli, qorxmaz idi. Hər yerə birinci gedərdi. Hər işin birincisi olurdu. Dostlarının arasında da lider idi.  Bacı kimi mənə qardaş itkisindən və onun yoxluğundan sonrakı qalan xatirələrindən  danışmaq çox çətindir. Cavanlığından dincliyi olmadı. Bütün həyatı səngərlərdə, döyüş meydanlarında keçdi. Eldar haqqlnda daha nə deyim, onu daha çox şəhid olandan sonra tanıdım, qardaş kimi də fədakar idi. Özünü deyil, qarşısındakı insanı düşünərdi. Silahlı Qüvvələrin Baş Klinik Hərbi  Hospitalında işləyirdi. Evimizə yaxın idi iş yeri. Bir çətinliyim olan kimi qaçıb gəlirdi. Uşaqlarıma, özümə kömək edirdi.  Öz ailəsinə də beləcə can yandırırdı. Bir də gedəndə görürdüm ki, qızını qoyub ayaqlarında yatırır, layla əvəzinə Vətən haqqında mahnılar oxuyur. Uşaqlar da inanın ki, onun mahnılarına öyrəşmişdilər. O mahnıların səsinə  yuxuya gedirdilər.

Bütün analar, bacılar kimi müharibə başlayandan biz də həm qürur, həm də həyəcan keçirdik. Eldara yazırdım ki, qardaş, mən sənə zəng etməyəcəm. Sadəcə sən  bircə gəlmə yaz, ya da ki, hər gün zəng vur de ki, “Salamatam, hər şey yaxşıdır…”. Bir dəfə demədi ki, döyüş ağırdır, bir dəfə nigaran qoymadı bizi. Deyirdi ki, burada təkcə özümü yox, döyüşçülərimizi qoruyuram. Sona qədər qoruyacam, şəhid olsam da, vətən yolunda can qurbandır,  şəhid olanlardan əskiy deyiləm ki… O şəhid olandan sonra bildik ki, döyüşlərdə bir dəfə kontuziya alıb, amma ayılandan sonra, yenə də işinin başına qayıdıb… Qardaşım insanların köməyinə çatırdı, öz hərbi hissəsinin təbibi idi. Həm söz ilə, həm də dəva-dərman, təcrübəsi ilə yardım edirdi döyüşçülərimizə. Ailəmizin sonbeşiyi idi qardaşım. Hamımızdan kiçik idi. Onu kiçik qardaş kimi sevirdik. Şəhidliyi ilə hamımızdan böyük oldu. Bütün nəslimizin adını ucaltdı.

Mən Fatimə Abdullayevanın kiçik 24 kvadratmetirlik dar mənzilində  şəhidimiz haqqında şirin xatirələri dinləməkdəykən, həyətdə  oynaşan uşaqların “Şəhidlər ölməz, Vətən bölünməz” səsləri 5-ci mərtəbəyə qədər yüksəlirdi. Sanki bu yataqxana binasında yaşayan üç vətən şəhidinin ailəsinə təsəlli verirdilər həyətdə əllərində bayraqla dolaşan uşaqlar. 1992-ci ildə də, ondan sonra da belə oldu. Həmin illərin uşaqları böyüyüb, indiki Vətən müharibəsində qəti olaraq, Vətən torpaqlarını azad etmək üçün mətanətlə döyüşə atıldılar. Can satıb, torpaq aldılar.

 İndi atam gözylərdən baxan bir ulduzdur,- dedi Aysu!

Ailədə hər kəsi dinləyəndən sonra, arada bir gəlib söhbətimizə qulaq asıb, sonra otağı tərk edən  Asya və Aysunu çağırdım.  Adlarını ataları verib. Həqiqətən də Ay kimi qızlardır. Soruşdum ki, ata sizə nə alacaqdı? Nə söz vermişdi?  5-ci sinifdə oxuyan Asya dedi ki, atam bizə  velosiped almağa söz vermişdi. Sadəcə deyirdi ki, 5-ci mərtəbəyə o velosipedi qaldırmaq çətin olacaq, həm də ki, evimiz darısqaldır, evi böyüdəndə hər ikinizin arzusunu yerinə yetirəcəyəm. Mən atama söz vermişəm ki, müəllimə olacağam. Yaxşı oxuyuram. Əvəllər televizora baxırdım, indi isə baxmıram. Dərslərimi hazırlayıram. Aysu isə dedi ki, evdə ən güclü odur. Dərslərini də yaxşı oxuyur. Rəsm də çəkir. Hətta atası üçün rəsm də çəkib. Sonra soruşdum ki ataya nə sözünüz var qızlarım?!  Cavabları belə oldu:


-Bizim atamız qəhrəmandır. Şəhidlər ölməz, vətən bölünməz. Biz inanırıq ki, ata göylərdədir. O göylərdən bizə baxır. Nənə, sən də niyə fikir edirsən ki? Nənə sanki ata vardır, hələ də orada döyüşür. Ay nənə ata şəhid olmasyadı, istəyərdin ki, hərbini qurtarıb bura gələndə maşın vursun? Onda ata qəhrəman olmayacaqdı. Vətən uğrunda ölübsə, qəhrəmandır!!!

-İndi atam göylərdən baxan bir ulduzdur,- dedi Aysu!

-Ataya başqa nə sözünüz var qızlarım?!

Asya: – Mən deyərdim ki, ata özünə yaxşı bax!!!

Aysu:  -Mən isə deyirəm ki, ata ehtiyatlı ol!

Mən Aysu və Asyanın ataları haqqında olan  xatirələrini qələmə alanda, bir sosial çarx çıxdı qarşıma. Orada balaca qızlar, oğlanlar, analar, qardaşlar, atalar, gəlinlər Vətən müharibəsindən geri dönən doğmalarını hay-harayla, sevinclə, göz yaşları ilə qarşılayırdılar. Aysu  və Asyanın isə davadan qayıdacaq atası yox idi artıq. Onlar da sevinmək, sevilmək istəyirdilər. İndi Asyanın da, Aysunun da, Fatimənin də, bu günlərdə yolunu gözlədikləri Ahunun da -başını tumarlayacaq, qayğısına qalacaq, nazını çəkəcək ataları yox idi daha. İndi o QƏHRƏMAN ATA göylərdən bu  günəş parçalarını seyr edirdi…

Sonradan  söhbətlərimizin birində  şəhid gizir Eldar Abdullayevin bacısı Aygündən uşaqları xəbər alanda  mənə bunları danışdı:

-Fatimə ağırayaq olduğundan, indi qardaşım Teymurun  evində qalır. Hamımız həyəcanla Ahunun dünyaya gəlişini gözləyirik. Teymurun gəlini Nigarla Fatimə gənclikdən rəfiqədirlər. İki rəfiqəni də qardşlarıma almışıq. Asya və Aysu əvvəllər adamayovuşmaz idilər. Təkcə atalarının qucağına sevinclə qaçardılar.  Keçən dəfə qardaşım Teymur deyir ki, oturduğum yerdə bir də görürəm ki, gəlib tez-tez mənə sarılırlar. Çilik-çilik oluram. Bilirəmki, isti nəfəs istəyirlər. Bütün hərəkətlərində, danışıqlarında ataları üçün darıxdıqları hiss olunur. Bilmirəm ki, onların nazını necə çəkim? Başlarını necə tumarlayım ki, atasızlığı unutdurum. Ancaq ki, baxışlarından-duruşlarından  kədər-qəm yağır. Neyləyirəmsə, Eldar ola bilmirəm.

Aygün xanım onu da dedi ki, qızları ağlayan görmürəm. Onlar bu kiçik yaşlarında göz yaşlarını içərilərinə axıdırlar. Belə edirlər ki, anaları inciməsin. Gözləri qalıb Fatimənin üzündə, istəmirlər ki, Fatimə ağlasın. Elə bil ki, Fatiməyə keşik çəkirlər. Bu mənzərəni seyr etmək çox çətindir. Hiss etmişəm ki, ataları üçün darıxanda gizlində ağlayırlar.  Elə ki, yuxularına gəldi, həmin gün çox xoşbəxt olurlar. Hətta ataları ilə yuxuda görüşdüklərinə görə də sevinirlər. Yuxunun təfərrüatını elə gözəl nəl edirlər ki…

A
ygün qardaşının hərbçi iş yoldaşlarının da xatirələrini yazmağı xahiş etdi. Tibb işçiləri Pərvanə Nəsirova, Vüsalə Nəsirova, tibb xidməti leytenantı Sənan Qurbanlı, tibb xidməti giziri  Haman Əliyev Eldar Abdullayevi xarakterizə edərkən onun necə vətənpərvər və intizamlı, səmimi hərbçi olduğunu qeyd edirlər. Pərvanə Nəsirovanının yazdıqları: “Mən və bacım Vüsalə Nəsirova Eldargillə ailəvi dostuq.  2016-da onların kollektivinə gəldim. İlk gündən onun səmimi, ailəcanlı, qeyrətli olduğunu sezdim. Ailəsindəki ən kiçik xoş sözləri də bizimlə bölüşürdü.  Mən işə başlayanda Hərbi tibb fakultəsinin komendantı idi. Bu gün kollektivdə  onun yoxluğu hiss olunur. Çünki bütün çətin sualların cavabı Eldarda idi. Ailəsinə-uşaqlarına çox bağlı idi. Fatimənin səliqə ilə hazırladığı yeməkləri biizimlə bölərdi. Deyirdi ki, bu dünyada cənnəti qazandım. Üçüncü qızım gələcək dünyaya. İndi biz, şəhidliyindən əvvəl adını verdiyi Ahu balamızı çox intizarla gözləyirik. Bəlkə Eldarsızlığı o unutduracaq bizə.

Vüsalə Nəsirova, tibb bacısı: “ Eldarla 2003-cü ilin may ayından iş şəraitində tanış olduq. Bizim həmyerlimiz olduğunu dedi. Həmin gündən bir-birimizə bacı-qardaş olduq. Ağdam səhra hospitalında xidmət edirdik. Döyüşş bölgələrində onu yenidən kəşf etdim. Vətənpərvər, doğru, səmimi idi. Əsgərlərinə qarşı ata idi, qardaş idi. 17 ildir ki, bir-brimizi tanımışıq. Döyüşlər başlayandan hər gün yüzlərlə əsgərimizi arxa cəbhəyə təxliyə edirdi. Son döyüşlərdə bir dəfə kontuziya aldı, yaralandı, yenə də xidmətə davam etdi. Həmin ağır döyüş günlərində  onunla danışdım. Dedi ki, hər şey əladır. Dedi ki, sən narahat olma, burada hər şey əladır, gör bir əsgərlərimiz nələr edir… Tarix yazırlar.”.

Tibb xidməti giziri Haman Əliyevin yaddaşında isə belə qaldı Eldar Abdullayev: “Hər zaman kollektivi düşünürdü. Onun öz yeri var idi. Bizim ağsaqqalımız idi. Hər işdə qabağa özü gedərdi. Biz cavanları qabağa verməzdi. Döyüşdə Eldarın əməyi danılmazdır. Biz heç vaxt düşünməzdik ki, o nə vaxtsa təslim olar. Korpusda ona terminator deyirdilər. Onun mərdliyi bizim hər birimiz üçün məktəbdir”.

Tibb xidməti leytenantı Sənan Qurbanlının dediklərindən: “Abdullayev Eldar hər zaman kollektivdə sayılıb-seçilən insanlardan olub, çalışdığı qədər hər zaman kollektivi düşünüb. Kimliyindən aslı olmayaraq hamıya təmənnasız yardım edirdi. Döyüşlər başlayan ilk gündən etibarən hər zaman öndə olan həkimlərimizdən idi.  Heç kimin cəsarəti çatıb girə bilmədiyi mövqelərə sızardı. O təkcə tibb xidməti göstərmirdi, həm də peşəkar hərbçi kimi  digər əməliyyatlarda da yaxından  iştirak edirdi.  Eldar həm də bizim kursant vaxti komandirimiz olub, bizə böyük qardaşlıq edib. Hərbi həkimlərin və hərbi feldşerlərin üzərində çox əməyi olub, onun dəyərli məsləhətlərinə elə ehtiyacımız var ki… Biz dəfələrlə riskli ərazilərə getməsinə mane olsaq da, o xahişlərimizə əməl etməzdi. Hər zaman böyük israrla həmin ərazilərə gedir  və yaralılara yerində yardim göstərib, təxliyyə edirdi.  Və peşəsini sədaqətlə yerinə yetirərkən də qəhrəmancasına ŞƏHİD oldu. Eldar öz tibb bölüyü qrupu ilə Cəbrayıl, Madagiz, Ağoğlan (Hadrut) uğrunda döyüşlərdə fəal iştirak etmişdi. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olundu.

Qismətlərinə Tanrının şəhidlik zirvələrinə ucalma yazılanların hamısı özlərindən sonra könüllərdə xoş xatirələrini saxladılar ki, onları olduqları kimi xatırlasınlar! Bu Vətən durduqca, torpağımız, yurdumuz uğrunda şəhid olanlar, canlarından keçənlər yaşayacaqlar!

Aida Eyvazlı GÖYTÜRK.

P.S. Yazının Aysu və Asyaya aid olan hissəsində atalarının onlara velosiped alacağına söz verməsindən bəhs etmişdim. Bu söhbəti jurnalist həmkarımız dostum Emin Musəvinin yanında danışmışdım. Sonradan bildim ki, Emin Musəvi ASAN Radio-nun adından qızlara iki velosiped və digər hədiyyələri alıb göndərib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər