Quba rayonunda qadına təcavüzdə təqsirləndirilən 1983-cü il təvəllüdlü Bəhruz Paşayevin Ali Məhkəmədə kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, istintaq materiallarına görə, Bəhruz Paşayev Quba rayonunun Alekseyevka kəndində Əvəz Babayevin toy məclisində iştirak edib, spirtli içki qəbul edib.
Daha sonra sərxoş vəziyyətdə 1964-cü il təvəllüdlü Lətifə Məmmədovanın (ad və soyad şərti verilib – H. Z.) yaşadığı Mirzəqışlaq kəndindəki evinin qarşısına gəlıb. O, Lətifə Məmmədovanın yatdığı otağa daxil olub. Qadınla cinsi əlaqədə olmaq məqsədi ilə zor tətbiq edib və ona xəsarətlər yetirib.
Lətifə Məmmədova Bəhruz Paşayevdən aralanmağa nail olub, yerindən qalxaraq özünümüdafiə məqsədilə odun peçinin üzərindən qaynar su dolu qəhvədanı götürərək onun üstünə töküb.
Daha sonra əlbəyaxa olan Bəhruz Paşayev Lətifə Məmmədovanı yenidən döşəməyə yıxaraq, əynindəki paltarı soyundurmaq istəyib.
Həmin vaxt Lətifə Məmmədova corabını soyunmaq adı ilə Bəhruzu aldadıb, yerdən ayağa qalxıb və otaqdan bayıra qaçıb.
Bəhruz Paşayev onun dalınca çıxaraq qadını tutub və yenidən otağa gətirib. Lətifə Məmmədova Bəhruzun ondan əl çəkmədiyini görərək qışqırıb. Bu zaman otağa qadının oğlu Sahil girib.
Sahil Məmmədov Bəhruz Paşayevi anasının üstündə olduğu vəziyyətdə görüb. O, qəhvədanın qapaq hissəsi ilə Bəhruz Paşayevin baş nahiyəsindən bir neçə dəfə vurub.
“Əri intihar edəndən sonra aramızda münasibət yarandı”
İstintaq orqanı Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 29,149.1-ci (zorlamaya cəhd) və 157.1.-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.
Öz ifadəsində Bəhruz Paşayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, Quba rayonunun Mirzəqışlaq kəndində ailəsi ilə birlikdə yaşayır: “Lətifə kənddə mağaza işlədib. Onun əri intihar edəndən sonra aramızda münasibət yaranmışdı. Bu münasibət təklifini Lətifə özü etmişdi”.
“7-8 il intim münasibətlərimiz olub”
Bəhruz Paşayevin sözlərinə görə, 2004-cü ilin yay aylarında Lətifə onu evinə çağırıb və həmin gündən başlayaraq onların arasında 7-8 il intim münasibətlər yaşanıb: “Valideynlərim bu barədə öyrəndikdən sonra 2013-2014-cü illərdə həmin münasibətləri kəsmişəm.
2016-cı il sentyabrın 29-da qonşumuz Əvəzin toyunda ailəvi iştirak etmişik. Toyda Lətifə yerini dəyişərək, digər stola keçdi. Orada mənimlə üzbəüz oturdu. Spirtli içki içdiyimdən açıq-saçıq geyimi məni cəlb etdi”.
Bəhruz Paşayev qeyd edib ki, təxminən saat 21-də toydan çıxaraq kəndə qayıdıb: “Kənddə Lətifə əli ilə işarə edərək məni dükana çağırdı. Orada oğlanlarının aramızdakı münasibətdən şübhələndiklərini dedi. Bu vaxt Lətifənin kiçik övladı Sahil qapını açaraq içəri girdi. Oğlunu görəndə Lətifə mənə əl-qol atmağa başladı.
Sahil isə odun peçinin üzərində olan qaynar su ilə dolu qəhvədanı götürərək üzərimə atdı. Bundan sonra Lətifənin böyük övladı Eldarın arvadı da oraya gəldi. Əllərində olan məişət ləvazimatları ilə məni döyməyə başladılar. Bundan sonra huşumu itirdim, ayılanda artıq yolda qan içində olduğumu gördüm. Qonşumuz Eyvaz Məmmədovu çağıraraq, onun evinə getdim. Oradan qonşumuz Sakit Məmmədov və anamla birlikdə xəstəxanaya yollandıq.
Həkimlərin mənə tibbi yardım göstərdikləri zaman kürək nahiyəmdən iki dəfə güclü zərbə aldığımı hiss etdim. Sonradan məni bıçaqla vuran şəxsin Lətifənin ortancıl övladı Vidadinin olduğunu bilmişəm”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lətifə Məmmədova ərinin intihar etməsindən danışıb. Bildirib ki, Quba rayonunun Mirzəqışlaq kəndində övladları, onların ailəsi ilə birlikdə yaşayır.
Lətifə Məmmədovanın sözlərinə görə, əri 2003-cü ilin yanvarın 14-də sərxoş vəziyyətdə tövlədə özünü asaraq ölüb. O, Bəhruz Paşayevin onunla uzun illər münasibət saxlaması barədə söylədiklərinin yalan olduğunu qeyd edib.
Bildirib ki, hadisə baş verən günü Bəhruz Paşayev onun evinə gizlincə girib və sərxoş vəziyyətdə onunla intim əlaqədə olmağa cəhd edib.
Dörd il altı ay cəza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Paşayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Bəhruz Paşayev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.
Həmçinin zərərçəkmiş də apelyasiya şikayəti verib. O, Bəhruz Paşayevin cəzasının 5 il 6 aya qədər artırılmasını istəyib.
Tərəflərin şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmiş tərəfin apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb.
Hər iki tərəfin şikayəti təmin olunmayıb.
Anası təcavüzə uğrayanın oğluna ağır cəza
Bu qərardan narazı qalan Bəhruz Paşayev kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə araşdırıma aparılıb və bu günlərdə qərar elan edilib. Qərara görə, Bəhruz Paşayevin kasasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmişin oğlu Eldar Məmmədov hadisədən sonra xəstəxanada müalicə alan Bəhruz Paşayevi bıçaqlayıb. Onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində ayrı icraatda baxılıb.
Məhkəmənin hökmü ilə Eldar Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Eldar Məmmədovun barəsində tərtib olunan ittiham aktında qeyd olunub ki, kənd sakini Bəhruz Paşayevlə qonşusu, 52 yaşlı Lətifə Məmmədovanın arasında şəxsi zəmində münaqişə yaşanıb. Bəhruz Paşayev Lətifə Məmmədovanı təcavüz etmək istəyib, bu zaman onun kiçik oğlu mübahisəyə qoşulub.
Lətifə Məmmədova Bəhruz Paşayevin üzərinə qaynar su töküb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona cərrahiyyə şöbəsinə müvafiq yardımlar göstərilərkən gecə saatlarında özünü zərərçəkən Bəhruz Paşayevin yaxını kimi təqdim edərək xəstəxanaya daxil olan Eldar Məmmədov ona sarğı otağında 6 bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib.
Yaralı üzərində 6 saat cərrahiyyə əməliyyatı aparıldıqdan sonra onu həyatda saxlamaq mümkün olub.