Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yanvarın 6-da Sumqayıt şəhərində 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirmişdir. Tədbirdə TQDK sədri Məleykə Abbaszadə, Komissiyanın Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Tariyel Bədəlov 2009/2010-cu tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış etmişlər.
Zona müşavirəsində TQDK-nın əməkdaşları, ekspertləri, eləcə də Sumqayıt, Abşeron, Dəvəçi, Qobustan, Quba, Qubadlı, Qusar, Şamaxı, Siyəzən, Xaçmaz, Xızı rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, adı çəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak etmişdir.
Zona müşavirəsində iştirak edən bölgələrin 2009-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair qısa statistik məlumat verilmişdir. Sumqayıt şəhəri haqqında olan məlumatda qeyd olunur ki, Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərini 2009-cu ildə 4077 şagird bitirib və onların 3826 nəfəri attestat alıb. Attestat alanların 94.01%-i (3597 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 1407 məzunu (imtahanda iştirak edənlərin 39.12 faizi) tələbə adını qazanıb. Onların 48.97 faizi (689 nəfəri) dövlət ali məktəblərinin ödənişsiz, 41.93 faizi (590 nəfəri) ödənişli ixtisaslarına, 9.10 faizi (128 nəfəri) isə özəl ali məktəblərə qəbul olub.
Şəhərin məzunlarının 337 nəfəri 500-dən, o cümlədən 97 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Şəhərin abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 240.134-ə bərabərdir. Bu, respublika uzrə orta göstəricidən 13.3% yuxarıdır. Abituriyentlərin göstəriciləri bal intervalları uzrə aşağıdakı kimi paylanıb: 0-100 intervalında 25.52% (918 nəfər), 100-200 intervalında 21.77% (783 nəfər), 200-300 intervalında 18.79% (676 nəfər), 300-500 intervalında 24.55% (883 nəfər), 500-dən yuxarı 9.37% (337 nəfər). Beləliklə, rayonun abituriyentlərinin yalnız 33.92 faizi 300-dən yuxarı bal toplayıb. Qəbul imtahanlarında 49 məktəbin məzunları iştirak edib. Respublika uzrə yaxşı məktəblərin sırasına bu il şəhərin Texniki və təbiət elmləri liseyi, Təbiət elmləri təmayullu gimnaziya, “İstedad” liseyi, “Təfəkkur” liseyi, 1, 10, 11, 15, 21, 23, 26, 35, 38 və 39 saylı orta məktəbləri daxil olub.