“Trabzonspor”un gündəmində Orxan Əliyev adlı futbolçu yoxdur”

1091

Türkiyəli menecer: “Şota Arveladze Kamran Ağayevdən imtina etmişdi”

Hər transfer dönəmində olduğu kimi, bugünlərdə də bəzi milli üzvlərinin  növbəti dəfə əcnəbi menecerlərin diqqət mərkəzinə düşməsi barədə məlumatlar dolaşmağa başlayıb. Milli seçmə komandamızın üzvlərinin konkret “PMH Consulting” menecerlik şirkətinin və xüsusən  türkiyəli menecer Sərcan Dəmirbağın diqqət mərkəzində olduğu bildirilir. Xatırlayırsınızsa, həm mövsümün əvvəlində, həm qış transfer dönəmində, Sərcan Dəmirbağın futbolçularımızın xarici klublara keçidində vasitəçi olması gündəmə gəlmiş, amma sonradan əməkdaşlıq baş tutmamışdı. Sözsüz ki, yığma üzvlərinin adının növbəti dəfə  sözügedən menecerlə anılması bizi  yenidən Sərcan Dəmirbağla əlaqə saxlamağa və oyunçularımızın transfer perspektvini aydınlaşdırmağa sövq etdi.

 

–         Azərbaycanlı futbolçularla maraqlandığınız doğrudurmu?

–         Bəli, azəri futbolçularla əməkdaşlıqda maraqlıyam.

 

–         Konkret hansı oyunçularımız maraq dairənizdədir?

–         Ümumiyyətlə, Azərbaycanla bağlı planlarım çoxdur. Hazırda isə“Qarabağ”dan Vüqar Nadirov, eləcə də  “Neftçi”dən Elvin Yunuszadə və Cavid İmamverdiyevlə maraqlanıram.

 

–         Həmin oyunçular və ya məxsus olduğu klublarla danışığınız olubmu?

–         Düzü, hazırda meneceri olduğum türkiyəli futbolçularla bağlı bəzi problemləri həll etməklə məşğulam. Bu üzdən adıçəkilən oyunçularla əlaqə qura bilməmişəm. Amma ən qısa zamanda həm həmin oyunçularla, həm də klubları ilə mütləq əlaqə quracağam.

 

–         Ötən il Rauf Əliyev və Kamran Ağayevlə ciddi maraqlanırdınız. Həmin oyunçuların transferləri niyə baş tutmadı?

–         Açığı, keçən mövsümdə də indiki kimi meneceri olduğum digər oyunçularla bağlı işim çox olduğundan onlarla istənilən səviyyədə əlaqə qura bilmədim, Həm də Ağayev klubu ilə yenicə müqavilə bağlamışdı.

 

–         Kamran Ağayevdən söz düşmüşkən, cari transfer dövründə millimizin qapıçısı ilə maraqlanırdınızmı?

–         İndiki transfer dövründə Kamranı heç bir kluba təklif etməmişəm. Qarşı tərəfdən də belə bir istək olmayıb. Amma məndə olan məlumata görə, Ağayev bir müddət əvvəl menecerlər tərəfindən “Kayserispor”a təklif olunsa da,  o vaxtkı məşqçilər korpusu, daha dəqiq desəm, Şota Arveladze ondan imtina etmişdi. Bildiyimə görə, qapıçı artıq yerli klubla razılığa gəlib. Odur ki, indi onunla bağlı planlarım aktual deyil.

 

–         Futbolçularımızın hansı komandalara transferi gündəmdədir?

–         Azərbaycanlı oyunçuların daha sıx əməkdaşlıq etdiyim “Trabzonspor”a transfer olunmasını istəyirəm, amma burda səviyyə məsələsi də önəmlidir.

 

–         Yeri gəlmişkən, “Sumqayıt”ın üzvü Orxan Əliyevin baxışa çağrıldığı “Trabzonspor”a keçidi nə dərəcədə realdır?

–         Düzü, bunun real olduğunu, Orxan Əliyevin “Trabzonspor”un transfer siyahısında yer aldığını düşünmürəm. Dediyiniz futbolçu ən yaxşı halda sözügedən klubun ikinci komandası olan “1461 Trabzon”da forma geyə bilər. “Sumqayıt” klubuna faks göndərdiyi deyilən Özkan Sümərin oyunçuları əvəzedici heyətdə baxışdan keçirmək üçün dəvət etməsi mümkündür.

 

–         Hazırda sizin İstanbulun “Beşiktaş” komandası üçün çalışacağınız barədə məlumatlar var. Nə zamansa, futbolçularımızı “Beşiktaş”da görə bilərikmi?

–         Əgər “Beşiktaş”la əməkdaşlığım istənilən səviyyədə alınsa, bunun üçün də çalışaram.

 

–         Sizcə, ölkəmizdə “Beşiktaş” və “Trabzonspor”da forma geyəcək səviyyədə futbolçu var?

–         Məncə, ölkənizdə bu səviyyədə oyunçu tapmaq mümkündür.

 

–         Ümumiyyətlə, Türkiyə klubları azərbaycanlı oyunçuların keçidində nə dərəcədə maraqlıdır?

–         Açığı, futbolçunun səviyyəsindən çox şey asılıdır. Əgər menecerlərin təklif etdiyi futbolçu səvviyyəli olsa, iddialı klublar da transferdə maraqlı olar.

 

–         Ölkənizdə tətbiq olunan legioner limitini azərbaycanlı top ustaları üçün əngəl hesab etmək olarmı? 

–         Bu məsələdə də futbolçunun bacarığı əsasdır. Digər məsələlər ikinci planda qalır.

 

–         Sizcə, azərbaycanlı oyunçuların ölkə xaricində duruş gətirə bilməməsi nə ilə əlaqədardır?

–         Sizin ölkənin futbolda nisbətən geri qalması səbəb ola bilər. Məsələn, Türkiyədə kifayət qədər gənc və bacarıqlı oyunçu var. Legioner kimi isə  əsasən aparıcı futbol ölkələrinin futbolçuları dəvət olunur. Amma mənim gətirəcəyim azəri oyunçuların uzun illər Superliqada duruş gətirəcəyinə inanıram.

 

–         Türk oyunçuları necə, sizin vasitənizlə Azərbaycan klublarında görə bilərikmi?

–         Sözsüz ki, bu istiqamətdə də işləmək planlarım arasındadır.

 

–         Cari transfer dönəmində sizin vasitəçiliyinizlə hansısa türkiyəli futbolçunu ölkəmizdə görə bilərikmi?

–         Məncə, artıq komandaların heyəti böyük ölçüdə formalaşıb. Komandalar qış fasiləsində heyətlə bağlı ciddi dəyişiklik etmirlər. Bu üzdən indiki halda Türkiyədən futbolçu gətirəcəyim inandırıcı görünmür. Amma bununla belə, tələb olarsa, mümkündür.

 

Tural Məmmədov, Trabzon, Türkiyə

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər