Tramp yenə dilini dinc qoymadı, Ankaraya sataşdı “BƏZƏN UŞAQLARIN DALAŞMASINA İCAZƏ VERMƏK LAZIMDIR…”

1349

ABŞ vitse-prezidenti Maykl Pensin başçılıq etdiyi nümayəndə heyətinin Ankarada ötən gün apardığı kiritik danışıqlardan və əldə edilən anlaşmadan cəmi bir neçə dəqiqə sonra prezident Donald Tramp yenə dilini dinc qoymayıb, Türkiyəyə sataşıb. O, Türkiyənin Suriyanın şimalında YPG/PKK qüvvələrinə qarşı başlatdığı əməliyyatı “uşaqların davası” kimi qiymətləndirib.

Xatırladaq ki, ABŞ-la Türkiyə arasında əldə edilən anlaşmaya əsasən Ankara Suriyanın şimalında “Barış pınarı” əməliyyatını 120 saatlıq dayandırır. Bu müddət ərzində kürd YPG qüvvələri Türkiyə sərhədindən 30 kilometr məsafəyə geri çəkilməlidir və təhlükəsizlik zolağı yaradılmalıdır. Həmin şərt yerinə yetiriləndən sonra uzunmüddətli atəşkəs qüvvəyə minəcək.

Anlaşmanın əldə edilməsindən az sonra prezident Donald Tramp Texasda 2020-ci il prezident seçkiləri kampaniyası çərçivəsində təşkil edilmiş mitinqdə çıxışı zamanı Türkiyənin başlatdığı əməliyyat və Ankarada əldə edilən anlaşma barədə ağlasığmaz müqayisələr aparıb.

Türkiyənin başlatdığı əməliyyatları “uşaqların davasına” bənzədən Tramp deyib: “Mənim etdiyim adi məsələ deyildi. Bəzən iki uşaq kimi dava etmələrinə icazə verməniz lazım gəlir. Sonra da onları ayıracaqsınız”.

Tramp son hadisələrdə Suriyada heç bir Amerika əsgərinin zərər görmədiyini vurğulayıb. Hərçənd o, ABŞ qüvvələrinin tələm-tələsik öz bazalarını, hərbi sursatlarını və texnikasını atıb geri çəkilməli olduğu haqda danışmayıb. “Havada güllələrin uçması əyləncəli deyil. Biz ora getdik və fasilə vermələrini istədik. Kürdlər müdhiş idi. Bir az geri çəkiləcəklər”,-o deyib.

ABŞ prezident əlavə edib ki, Türkiyə hərbi əməliyyatları dayandırmasaydı bu ölkəyə qarşı “ən pis iqtisadi sanksiyalar” tətbiq ediləcəkdə və Türkiyənin bundan iqtisadi baxımdan sağ çıxması mümkün olmayacaqdı. “Artıq bunun önəmi yoxdur. Ərdoğan bir centlmendir”,-o deyib.

Daha əvvəl isə Tramp danışıqların başa çatmasının ardınca Tvitter-dən “Türkiyədən əla xəbərlər var. Təşəkkürlər, prezident Ərdoğan. Milyonlarla insan həyatı qurtarılacaq” mesajını atmışdı.

Xatırladaq ki, Türkiyənin hərbi əməliyyatlara başladığı gün Trampın Ərdoğana kobud ifadələrin və hədələrin yer aldığı məktub yolladığı üzə çıxmışdı. Həmin məktubun surəti ötən gün mətbuatda yayılıb. Türkiyə prezidenti isə məktubu zibil qutusuna atıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər