Tullantını necə alternativ enerjiyə çevirmək olar? – Sumqayıtlı gəncdən ekoloji problemlərin həllinə töhfə

1414

Gənc startapçı Arzu Əliyevanın 20 yaşı var. Bakıda 49 saylı “İntellekt” liseyini bitirərək 2015-ci ildə Sumqayıt Dövlət Universitetinə daxil olub. Hazırda ali məktəbin Kimya və biologiya fakültəsinin “kimya mühəndisliyi” ixtisası üzrə təhsil alır.

2017-ci ildən startap sahəsində “Smart Reaktor” layihəsi ilə məşğul olmağa başlayıb. 2018–ci ilin sentyabrın 27-də Sumqayıt şəhərində keçirilən “İdeyadan biznesə” layihəsində uğurla iştirak edərək 10 komanda və 60–dan çox iştirakçı arasında birinci yeri tutub. 8 regionu əhatə edən startap marafonunun 75 komandasından 15-i Bakıda oktyabrın 26-da keçirilən final yarışında iştirak etmək hüququ qazanıb. Beləliklə, münsiflər heyətinin qərarı ilə startap turunun respublika üzrə qalibləri arasında Sumqayıt Dövlət Universitetini təmsil edən “Smart Reaktor” layihəsi dəyərləndirilərək II yerə layiq görülüb.

Gənc startapçı Arzu Əliyeva AZƏRTAC-ın müxbirinə bildirib ki, universitetdə keçirilən dərslərdə reaktor haqqında məlumat toplayıb və bu işə maraq göstərməyə başlayıb: “Zamanla müəllimlərin köməyi ilə daha çox məlumat əldə etdim. Düşündüm ki, hazırkı dövrdə alternativ enerjiyə tələbat var, o zaman niyə də maraqlı layihə hazırlamayım?”.

O, zamanla müəllimlərinin köməyi ilə daha çox biliklərə yiyələnib. Universitetin Elmi kitabxanasında araşdırma apararaq, burada elmi jurnallardan çoxlu faydalı məlumatlar əldə edib. “Reaktoru yaratmaq üçün hansı vasitələrin lazım olacağı, onun hansı metaldan hazırlanması, hansı iş prinsipi ilə işləməsi haqqında məlumatları müəllimləri ilə məsləhətləşərək dəqiqləşdirib və özümü bu işi tam şəkildə icra edə biləcəyimə inandım”, – deyən A.Əliyeva qalib gəldikdən sonra universitetin rektoru, professor Elxan Hüseynov tərəfindən Elmi Şuraya dəvət alıb və orada çıxış edib. Gənc startapçı layihənin yerinə yetirilməsi zamanı yaranan maddi problemlərin həllində ali məktəb rəhbərliyinin köməyini də vurğulayıb.

Bu kimi texnologiyanın məqsədi haqqında danışan sumqayıtlı startapçı tullantılardan alternativ enerji əldə edilməsinə yönəlmiş layihənin ekoloji problemlərin həllində müsbət rolunu qeyd edib. Layihə üzvi mənşəli tullantıdan (məişət, heyvandarlıq, kənd təsərrüfatı və s.) alternativ yanacaq olan bioqaz və biogübrə əldə etməyə hesablanıb. Qurğunun yeni konstruksiyalı reaktordan ibarət olduğunu diqqətə çatdıran tələbə onun üstünlüyü haqqında da danışaraq bildirib ki, bu reaktor analoqlarından konstruksiyasına görə və əsas texnoloji reqlamentinə uyğun olaraq vaxtından tez istehsalat rejiminə çıxa bilir. Əsas istifadəçiləri kiçik yaşayış məskənləri (kənd təsərrüfatı), kənd təsərrüfatının ayrı–ayrı sahələri və ayrı–ayrı istehsal sexləridir. Biogübrə bütün kənd təsərrüfatı sahələrində istifadə oluna bilər.

“Layihənin prototipini hazırlamaqla məşğuluq. İstəyirik ki, bu il “BakuTel” sərgisində nümayiş etdirək”, – deyə gənc startapçı əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər