Foqts təkcə futbol qurumlarına və klublara yox, bütövlükdə futbol ictimaiyyətinə tüpürür
Berti Foqts cənablarının AFFA-nın saytına qoyulan şəkillərinə böyük həvəs və maraq ilə baxdım.
Güman ki bu gün əlimi göyə qaldırıb bir neçə dəfə dua da edəcəm; ay Allah, nə yaxşı, mənim gözəl vətənimdə alman mütəxəssisdən praktik fayda görməyin hansısa yolunu tapdılar!
Bizdə – Azərbaycanda adətən, bu və ya başqa səbəbdən adam hansısa xoşagəlməz hadisə ilə üzləşəndə ətrafdakılar təsəlli vermək üçün deyirlər ki, heç ürəyinə salma, Allah bilən məsləhətdi, hər ziyanda bir xeyir var. Mənə elə gəlir ki, Foqts nümunəsi və təcrübəsi bütün parametrlərinə görə bu məsələ uyğun gəlir. Lap tutaq ki, artıq beş ildi çalışdırdığı yığmaya böyük uğurlar qazandırmayıb. Amma AFFA-nın saytına girib Berlində martın 6-10-u aralığında keçirilən Beynəlxalq Turizm Sərgisində Foqtsun verdiyi pozalara baxan kimi adam bu cahanşümul şəxsiyyətin ölkəmizin dünya çapında tanıdılması, xüsusən turizm potensialının açılması yolundakı əzab-əziyyətini, titanik səylərini çılğın bayğınlıq hissi ilə anlamaq və qiymətləndirmək istəyir. Heç şübhəniz olmasın, Az.TV-nin təbliğatı gerçək deyilsə, yəni mətbəx siçovulları binəva almanların göz-qulağını yeyib axırına çıxmayıbsa, bu yay ölkəmizdə Foqtsun həmvətənlərinin əlindən tərpənə bilməyəcəyik. Görməli yerlər çoxdu, bu mənada nəsə tapacağıq. Ancaq futbolun təbliği baxımından əlimizi hansı uğurun üstünə qoyacağıq – bax, bu məqam məni çox düşündürür.
…Sabahdan yığmanın normal futbol mədəniyyətinə malik ölkələrdə gülüş doğuran, Azərbaycanda isə AFFA, PFL rəhbərliyinin və klub məşqçilərinin müticəsinə razılaşdığı növbəti uzunmüddətli toplanışı başlayır. Gizlətmirəm, mən nə indi ölkə futboluna rəhbərlik edənlərin, nə də çalışdırıcıların yerində olmaq istəyərdim. Sadəcə, ona görə ki, onların yerində olmaq üçün özünəhörmət hissini birdəfəlik itirməli, şəxsiyyət aşınması, mənəvi deqradasiya yaşamalısan. Mənim aləmimdə dünyada bundan böyük bədbəxtlik yoxdu. Foqts ölkənin futbol ictimaiyyətinin onlarla, yüzlərlə nümayəndəsinə belə bədbəxtlik yaşadır, özü isə Berlində oturub mavi gözlərindən ironiya yağa-yağa turizmdən danışır.
Yığmaya oyunçu verən səkkiz klubun – “Bakı”, “Qəbələ”, “Sumqayıt”, “Qarabağ”, “İnter”, “Simurq”, “Neftçi” və “Xəzər Lənkəran”ın çalışdırıcıları məni bağışlamaq üçün özündə güc tapar. Amma xoşunuza gəlsə də, gəlməsə də deyəcəyəm: Foqts martın 22-də keçiriləcək oyuna görə futbolçuları 13-dən klublardan qoparırsa, deməli, sizi məşqçi saymır və bacarığınıza inanmır. Daha bu məsələnin heç bir yönü yoxdu e, manevr etməyə bir yer qalmadı… Baxın, “Sivasspor”, “Rubin” və “Petrolul” oyunçularını FİFA-nın seçmə oyunlar üçün müəyyənləşdirdiyi reqlament əsasında buraxacaq və buna görə kimsə həmin klubların çalışdırıcılarına “gözün üstə qaşın var” deyə bilməz. Amma AFFA-nın xeyir-duası ilə Foqts sizin futbolçuları hansısa əşya, məsələn, xəkəndaz kimi götürür, sonra da “əşşi, bundan tozsoran çıxmaz” iddiası ilə üstünüzə qaytarır!
Bəli, Foqts təkcə futbol qurumlarına və klublara yox, bütövlükdə futbol ictimaiyyətinə tüpürür. Necə? Oyun praktikası olmayan, son üç ayda bir dəfə də meydana çıxmayan (altı “meyit”i ötən saylarımızdan birində nişan vermişdik…) futbolçunu yığmaya çağırır, amma əvəzində çempionat və kubok oyunlarında meydanda can qoyan, dırnağı ilə yer eşən bir çoxlarına heç əhəmiyyət də vermir. Anladığım qədər bu jestin də mənası odu ki, … sizin çempionata! Üç nöqtənin yerinə istənilən sözü qoymaqda azadsız. Yəni yazının müəlliflik hüququnu bu məqamda hörmətli oxuculara güzəşt edirəm.
İndi isə sözüm PFL rəhbərliyinədi. Yığmanın baş məşqçisinin izləməyə ehtiyac duymadığı çempionatı keçirməyin mənası nədi? Klublar iştirak ərizəsinə görə bu qədər üzvlük haqqı ödəyir, cərimələr və başqa sanksiyalar ilə onların kisəsinin dibini qazırsız, az qala hər tur hakimliklə bağlı bu boyda qalmaqallar yaşanır. Və sonda aydın olur ki, Foqts həzrətləri bu çempionatı izləməkdə, burdan oyunçu seçməkdə maraqlı deyil. Mənə qalsa, bundan sonra onun xətrinə dəyməzdim. Adam uzun axtarışların yekununda ölkəmizə fayda verməyin yolunu tapdı. İndi Foqtsu sakitcə yığmanın baş məşqçi postundan götürmək, Azərbaycanın turizm siması, gidi, bələdçisi, nə bilim, buna bənzər hansısa başqa rütbəilə şərəfləndirmək daha yaxşı olardı. Öz canı da dincələr, klub çalışdırıcılarının da, elə bizim də…
Mahir Rüstəmli, “Futbol+” qəzeti