Azərbaycanlıların Soyqırımı Günü qardaş ölkənin kütləvi informasiya vasitələrində işıqlandırılacaq
31 Mart Azərbaycanlıların Soyqırımı Günü yerli kütləvi informasiya vasitələrində işıqlandırılacaq. Diasporla Iş üzrə Dövlət Komitəsindəm ANS PRESS-ə verilən məlumata görə, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası faciənin anım günü Kocaeli şəhərində aparıcı yerli kütləvi informasiya vasitələri üçün mətbuat konfransı təşkil edəcək.
Mətbuat konfransında 1918-ci ilin 31 mart və 1-2 aprel tarixlərində erməni əsgərlərinin Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə dinc əhaliyə amansızlıqla divan tutması haqqında məlumat veriləcək. Həmin hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndinin xarabalığa çevrilməsi, 700 minədək soydaşımızın öldürülməsi və digər tarixi faktlar KİV-in diqqətinə çatdırılacaq.
Bundan başqa, martın 30-31-də Koceli, Yalova, İzmir, Əskişəhır, İstanbul şəhərlərində də 31 Mart Soyqırımına həsr olunmuş anım mərasimləri, fotosərgilər, film nümayişlərinin təşkili nəzərdə tutulub.
Kiprdəki Azərbaycanlı Tələbələr Birliyi Lefkoşa şəhərindəki Heydər Əliyev prospektində 31 Mart faciəsinin ildönümü ilə əlaqədar yürüş edəcəklər.
Gürcüstan, Misir və Qazaxıstanda fəaliyyət göstərən diaspor təşkilatlarımız da Azərbaycanlıların Soyqırımı ilə bağlı tədbirlər keçirməyi planlaşdırır./anspress.com/