Türkiyə və Azərbaycan çiyin-çiyinə! Türk dünyası birləşəcək!

680

Qardaş Türkiyə Qarabağın işğaldan azad edilməsi mərhələsində olduğu kimi, quruculuq mərhələsində də ölkəmizin yanındadır. Türkiyə şirkətləri quruculuq prosesində fəal şəkildə iştirak edir. Önəmli layihələrin reallaşmasında qardaş ölkənin nümayəndələri Azərbaycan şirkətləri ilə çiyin-çiyinə çalışırlar. Artıq birgə fəaliyyətin nəticələrinə şahidlik edirik.

Bu günlərdə Azərbaycanın 44 günlük Vətən müharibəsində azad etdiyi ərazilərdə tarixi anlar yaşandı. Dünyaya bir daha sarsılmaz qardaşlıq mesajı verildi. Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla birgə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etdilər, Zəngilan rayonunda “Dost Aqropark”ın və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoydular. Ölkə başçıları Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldular.

Sözsüz ki, qardaş ölkə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış və təməlqoyma mərasimlərində iştirakı ölkələrimiz arasında əlaqələrin getdikcə daha da möhkəmlənməsinə, müttəfiqliyimizin inkişafına dəlalət edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli hava limanının ilk rəsmi qonağı olması, əlbəttə ki, qürurverici hadisə idi.

Siyasi, tarixi əhəmiyyəti ilə seçilən bu səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentləri bir daha bütün dünyaya göstərdilər ki, birliyimiz sarsılmazdır və hər iki dövlət bu birliyin əbədi olması üçün səylərini əsirgəmir.

Bu birlik və qardaşlığın inkişafı regionda sülhün təmin olmasına xidmət edir, təhlükəsizliyə zəmin yaradır və beləliklə böyük quruculuq işlərinə zəmin yaradır.

Prezident İlham Əliyev mətbuat qarşısında bir çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi.

Ölkə başçısı çıxışında bildirdi ki, Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır.

Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsini iki qardaş ökənin birgə uğuru kimi dəyərləndirdi: “Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Yəni, bu, bizim birgə uğurumuzdur”.

Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər Türkiyənin Azərbaycanın yanında olmasına diqqət çəkən Prezident İlham Əliyev vurğuladı ki, bu, bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi: “Əziz qardaşım, bu gün Azərbaycan xalqı haqlı olaraq Sizə öz təşəkkürünü bildirir. Bilirsiniz ki, Azərbaycanda hər kəs Sizi sevir, Sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq quruculuq dövründə, bərpa dövründə yenə də bizimlə bərabərsiniz”.

Ölkə başçısı işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyət göstərən Türkiyə şirkətlərinə də təşəkkürünü çatdırdı:” Onların yorulmaz səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq”.

İşğaldan azad olunmuş torpaqlarımızda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi çox böyük tarixi hadisələrdir. Bu tarixi iki qardaş ölkə birlikdə yazır.

Prezident İlham Əliyevin qeyd etdiyi ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu səfəri əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir. Qoy bu dostluq, qardaşlıq əbədi yaşasın, ölkələrimizin və bütövlükdə türk dünyasının milli mənafeyinə xidmət etsin.

Ramil Fərəcov, YAP Sumqayıt şəhər təşkilatının fəallar üzrə koordninatoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər