Türkiyədən gətirilən tikinti materialları bahalaşa bilər? – AÇIQLAMA

334

Hazırda Azərbaycanın tikinti bazarında Türkiyədən gətirilən materialların payı kifayət qədərdir. Santexnika məmulatları, kauçuk, plastik boru, qapı-pəncərə, kafel, divar kağızı kimi məhsullar əsasən bu ölkədən idxal edilir.

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ nəticəsində 10 əyalətdə 12 mindən artıq binanın dağılması bu ərazilərdə sürətli yenidənqurma, tikinti işlərini labüd edir, ölkə daxilində tikinti materiallarına tələbat artır.

Bu isə xaricə məhsul satışının bahalaşmasına səbəb olur.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında daşınmaz əmlak eksperti Ramil Qasımzadə bildirib ki, Türkiyədən ölkəmizə gətirilən tikinti materiallarında hələ ki, bahalaşma qeydə alınmayıb, lakin bu, gözləniləndir:

“Gələcək aylarda ola bilər ki, bahalaşma olsun. Çünki Türkiyənin özündə də tikinti materiallarına tələbat zəlzələdən sonra daha da artıb. Türkiyədən ölkəmizə əsasən santexnika, elektrik naqilləri və kauçuk tipli mallar gətirilir. Bu malların qiymətində hələ ki, artım qeydə alınmayıb. Ümumiyyətlə tikinti materialları bazarında bahalaşma mart ayından başlayır”, – deyə ekspert qeyd edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər