“Ən bacarıqsız məşqçi Böyükağa Hacıyev, ən xəsis futbolçu Mpenza, ən “qarınqulu” Rauf…”
“Qarabağ” və “Neftçi”nin fiziki hazırlıq üzrə sabiq koordinatoru Mehmet Akla sonuncu dəfə cari mövsümün əvvəlində söhbətləşmişdik. Həmin vaxt “Xəzər-Lənkəran”a gəlişi gündəmdə olan türkiyəli mütəxəssislə həmin məsələ barədə danışmışdıq. Son olaraq “Ankara Dəmirspor”da baş məşqçi kimi çalışmış Mehmet Akla budəfəki müsahibəni isə bir qədər fəərqli formatda etmək qərarına gəldik. Belə ki, türkiyəli çalışdırıcı bizə Azərbaycan futboluna dair “ən”lərini açıqladı.
Ən unundulmaz matç – Lənkəranda keçirilmiş və “Qarabağ”ın 3:1 hesabı ilə qalib gəldiyi “Xəzər-Lənkəran””Qarabağ” qarşılaşmasını unuda bilmirəm.
Ən çox məyus olduğunuz matç – Ən çox Çempionlar Liqasında Zaqrebdə yerli “Dinamo”ya 0:3 məğlub olduğumuz oyunun nəticəsinə üzülmüşdüm.
Ən təsirləndiyiniz stadion – Azərbaycanda çalışdığım müddətdə adətən Lənkəran stadionundakı atmosferdən təsirlənmişəm.
Ən bəyənmədiyiniz stadion – “Turan” komandasının oyunlarını keçirdiyi stadion həm qazonun vəziyyəti, həm də həm arenadakı atmosfer baxımından xoşuma gəlmirdi.
Ən yaxşı məşqçi – Birgə işlədiyim məşqçilər arasında ən yaxşı kimi Arif Əsədovun adını çəkə bilərəm.
Ən bacarıqsız məşqçi – Bu baxımdan “Neftçi”nin hazırkı çalışdırıcısı Böyükağa Hacıyevi qeyd edərdim.
Ən yaxşı futbolçu – Məncə, Ruslan Abışov Azərbaycan futbolunun ən yaxşısıdır.
Ən bacarıqsız futbolçu – Azərbaycanda işlədiyim müddətdə bacarıqsız oyunçu ilə rastlaşmamışam.
Ən yaxşı qapıçı – Ölkənizin ən yaxşı “çərçivə qoruyucusu” kimi Fərhad Vəliyevi görürəm.
Ən pis qapıçı – Birgə çalışdığım qapıçılar arasında pis qapıçı ilə rastlaşmamışam. Amma ümumi götürəndə bu mənada “Kəpəz”də çıxış edən Xəyal Zeynalovun adını çəkə bilərəm.
Ən yaxşı müdafiəçi – Əgər ölkənin ən yaxşısı kimi Ruslan Abışovu görürəmsə, deməli, ən yaxşı müdafiəçi kimi başqasının adını deməyim məntiqsiz olar.
Ən bacarıqsız müdafiəçi – Birgə çalışdığım oyunçular arasında ən bacarıqsız arxa xətt oyunçusu Rail Məlikov olub.
Ən yaxşı yarımmüdafiəçi – Ən yaxşı yarımmüdafiəçi “Neftçi”nin kapitanı Rəşad Sadiqovdur.
Ən bacarıqsız yarımmüdafiəçi – Ən yaxşı yarımmüdafiəçi kimi, ən pis orta xətt oyunçusunun adı da “Neftçi” ilə bağlıdır. Bu baxımdan flaqmanın sabiq üzvü əlcəzairli Yasin Himanı qeyd edə bilərəm.
Ən yaxşı hücumçu – “Qarabağ”dan tanıdığım Rauf Əliyev çox istedadlı forvarddır.
Ən pis hücumçu – Bu mənada kimisə fərqləndirməkdə çətinlik çəkirəm.
Ən çalışqan oyunçu – Ən çalışqan futbolçu kimi də Ruslan Abışovun adını çəkə bilərəm.
Ən tənbəl oyunçu – Hər nə qədər istedadlı futbolçu olsa da, “Neftçi”nin üzvü Flavinyo çox tənbəldir.
Ən yaxşı hakim – Məncə, ölkənizin ən yaxşısı Anar Salmanovdur.
Ən pis hakim – Düzü, ən pis hakim kimi kiminsə adını çəkə bilmirəm. Bxmayaraq ki, hakimlərin xeyli sayda səhvlərinin şahidi olmuşam, amma bununla belə, kiminsə qərəzli olduğunu düşünmürəm.
Ən xəsis futbolçu -“Neftçi”nin sabiq üzvü Emil Mpenza xəsis oyunçu idi.
Ən çox yemək yeyən oyunçu – Birgə çalışdığım oyunçular arasında ən çox yemək yeyən oyunçu Rauf Mehdiyev idi.
Ən çox danışan futbolçu – “Qarabağ”ın hücumçusu Vaqif Cavadov çox danışmağı ilə seçilirdi.
Ən yaxşı geyinən oyunçu – Elə bu baxımdan da Cavadov öncüllərdəndir.
Ən zövqsüz geyinən oyunçu – Məndən inciməsin, amma bu baxımdan Rauf Mehdiyevi qeyd edərdim.
Ən səmimi futbolçu – Yaddaşımda ən səmimi oyunçu kimi Ruslan Abışov qalıb.
Ən yalançı futbolçu – Düzü, məndə yalançı təsəvvürü yaradan futbolçu kimi kimisə xatırlamıram.
Ən yaraşıqlı oyunçu – Maksim Medvedev yaraşıqlıdır.
Ən eybəcər oyunçu – Rauf Əliyev
Ən yaxşı fiziki hazırlığa sahib olan futbolçu – Əfran İsmayılov və Ruslan Əmircanov digərlərindən seçilir.
Ən pis fiziki hazırlığa sahib olan futbolçu – Flavinyo
Ən cəsur oyunçu – Ruslan Əmircanov və Tərlan Quliyevi fərqləndirərdim.
En qorxaq oyunçu – Hazırda Türjiyənin “Dənizlispor”, mənim Azərbaycanda çalışdığım zaman isə “Neftçi”də çıxış edən Rail Məlikov mübarizəyə girməkdən və zədələnməkdən qorxan oyunçu idi.
Tural Məmmədov