Cari ilin yanvar-mart aylarında Sumqayıtın sənaye müəssisələrində 350 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 117 faiz təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu haqda Sumqayıtda şəhərin birinci rüb ərzində sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan yığıncaqda deyilib.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-də 18 rezident tərəfindən 2,5 milyard dollar investisiya qoyulub, fəaliyyətdə olan müəssisələrin sayı 13-ə çatıb. Hazırda istehsalat və tikinti-quraşdırma işlərində 6 minə qədər işçi çalışır.
Bildirilib ki, “Azərikimya” İB-nin perspektiv inkişaf planına uyğun olaraq yenidənqurma və modernizasiya layihəsi üzrə işlər davam etdirilir. Layihə çərçivəsində “EP-300” qurğusunun propilen istehsalı gücü ildə 135 min tondan 187 min tona, həmçinin buxar generatorunun gücü 35 MVT-dan 65 MVT-a çatdıralacaq. Nəticədə “Azərikimya” İB-nin bütün müəssisələri öz enerjisi ilə tam təmin ediləcək. Digər istehlakçılara da enerji verilməsi nəzərdə tutulur. Layihənin dəyəri 1 milyard manat təşkil edir. Layihənin icrası dövründə 2 min nəfər çalışacaq.
Qeyd edilib ki, cari ilin 3 ayı ərzində əsas kapitala yönəldilmiş investisiyanın məbləği 50 milyon manat olub. Bu da əvvəlki ilə nisbətən 14 faiz və ya 6 milyon manat artım deməkdir.