ÜÇ SAAT “LEFORTOVA”DA SAXLANILSALAR DA, “SUMQAYITIN ƏKS-SƏDASI” FİLMİNİ ÇƏKMƏKDƏN İMTİNA ETMƏDİLƏR

1902

ÜÇ SAAT “LEFORTOVA”DA SAXLANILSALAR DA, “SUMQAYITIN ƏKS-SƏDASI” FİLMİNİ ÇƏKMƏKDƏN İMTİNA ETMƏDİLƏR

1988-ci ilin fevral ayının 27-29-da erməni ekstremistləri, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin, Ermənistanın xüsusi xidmət orqanlarının əli ilə Sumqayıtda qanlı aksiya törətdilər. Nəticədə, 32 nəfər adam həlak oldu. Onlardan 26 nəfəri erməni, 6 nəfəri isə azərbaycanlı idi. Həmin dövrdə postsovet məkanında nəşr olunan kütləvi informasiya vasitələri Sumqayıtla bağlı dolaşıq, çox vaxt arqumentsiz, birtərəfli və qərəzli mövqedən çıxış edən materiallar dərc etməyə başladılar. Ermənilərin təbliğat mexanizmi bütün cəbhə boyu işə salınmışdı. Rusiyada, Almaniyada, Fransada, Amerikada erməni lobbisinin maddi  dəstəyi ilə Sumqayıtın, Azərbaycanın ünvanına böhtanlar yağdırılmağa başlandı.

Bütün ömrünü Sumqayıta həsr etmiş, Respublikanın əməkdar jurnalisti, yazıçı-publisist Eyruz Məmmədov 30 ildir ki, Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə məşğul olur. Onun bu haqda “28-dən 29-na keçən gecə”, “Erməni təxribatı”, “Ermənilərin Sumqayıtda qanlı aksiyası”, “İyirmi ildən sonra”, “Sumqayıt sirrləri: hadisələr, faktlar, şərhlər”, “Sumqayıt,1988.Cinayət və cəza” (Ramazan Məmmədovla birlikdə) adlı kitabları nəşr olunmuşdur. “Sumqayıtın əks-sədası” tammetrajlı, “Sumqayıtın əks-sədası-2”, (beş seriya), “Sumqayıt”, “Sumqayıt: azadlığın əks-sədası” sənədli filmlərin ssenari müəllifidir.

Əsərləri türk, rus, alman, ingilis, ispan dillərinə tərcümə olunub.

Müxbirimiz Eyruz Məmmədovla görüşmüş və ona bir neçə sualla müraciət etmişdir.

-Eyruz müəllim, 30 ildir ki, Sumqayıtda baş verən hadisələrlə bağlı araşdırmalar aparırsınız. Yorulmamısınız?

-Xeyr. Sumqayıt mənim doğma və əziz şəhərimdir. Onu heç bir şəhərlə əvəz edə bilmərəm. Sumqayıt mənim üçün həm Nyu-York, həm Paris, həm İstanbul, həm də Moskvadır, bəlkə də bir az artıq. Tam səmimi deyirəm. Bu şəhərin öz energetikası var. Gərək bu şəhərdə anadan olasan, böyüyəsən, onun nəfəsini duyasan ki, bunu hiss edəsən. Sumqayıtın ünvanına xoş söz deyiləndə qürur hissi küçirirəm, böhtan atılanda isə, bu böhtanın yalan olduğunu öz qələmimlə sübut etməyə çalışıram.

-Biz sizin ssenari müəllifi olduğunuz“Sumqayıtın əks-sədası” sənədli filmlə bağlı kadr arxasında baş verən hadisələrə toxunmaq istəyirik. Əvvəlcə isə Sumqayıtda baş verən hadisələrə aydınlıq gətirməyinizi istərdik.

-Sumqayıtda baş verən hadisləri SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkilatçılığı ilə 30 nəfərdən ibarət erməni millətindən olan ekstremist qrupu həyata keçirdi. Əməliyyatın adını “Nalyotçik” (“Basqınçı”) qoymuşdular. SSRİ “KQB”-nin əməkdaşları Sumqayıta fevral ayının ortalarında gəlmişdilər. Yerli təhlükəsizlik orqanlarının şəhərdə iğtişaşların törədilməsi ilə bağlı təxribatçı qüvvələrin gəlişi haqqında məlumat verəndə, Moskvadan gələnlər onları bu işdən kənarlaşdırırdılar. Hadisələr başa çatandan sonra onlar təcili olaraq Moskvaya qayıtdılar və bir neçə ay içində vəzifələri böyüdüldü, rütbələri artırıldı. Hətta onlardan biri Rusiya Federasiyasının sabiq prezidenti B.Yeltsinin vaxtında Daxili İşlər naziri, sonralar isə Baş nazir postuna yiyələndi.

-Hadisələrdən sonra ekstremist qrupunun üzvlərindən həbs olunanlar oldumu? Eduard Qriqoryanı çıxmaq şərti ilə?

-Bəli, 6 nəfər həbs olundu. İstintaqı azərbaycanlı müstəntiqləri aparırdı. Bu haqda SSRİ Daxili İşlər naziri Vlasova məxfi şifroqramma ilə məlumat verildi. O da Rusiyanın ayrı-ayrı regionlarında çalışan erməni millətindən olan müstəntiqləri təcili olaraq Sumqayıta ezam etdi. Cinayət törətmiş təxribatçıların işi azərbaycanlı müstəntiqlərindən alınılb erməni müstəntiqlərinə verildi. Bir həftədən sonra həmin cinayətkarlar həbsdən azad olundular.

-Deyilənə görə ekstremist qrupunun tərkibində qatı cinayətkarlar da olub.

-Doğrudur. Q.Petrosyan və A.Poqosyan. Rusiyada bir neçə adamı qətlə yetirmişdilər və Ümumittifaq axtarışında olublar. Onlar Sumqayıtda iğtişaşlarda iştirak edərək ermənilərin evlərini qarət edir, öldürür, zorakılıq edirdilər. Buradan aydın olur ki, bu işə təkan verən qüvvələr vardı. Mən ekstremist qrupunun bir neçəsinin soyadını oxuculara təqdim etmək istərdim.

1.L.Saturyan, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayəti Təhlükəsizlik idarəsinin əməkdaşı. Milli zəmində qızışdırışı mövqedən çıxış edirdi. Sumqayıtda yaşayan və “Krunk” cəmiyyətinin fəallarını iğtişaşlara hazırlayırdı.

2.E.Mosesov, “Kommunist” (Yerevan) qəzetinin müxbiri, video çəkilişlərlə məşğul olurdu.

3.Q.Ağacanyan, “Kommunist” (Yerevan) qəzetuinin müxbiri, foto çəkilişlərlə məşğul olurdu.

4.A.Qriqoryan, gənclərə narkotik paylayırdı.

Bu siyahını uzatmaq da olar.

-Bəs Eduard Qriqoryan?

-O da ekstremist qrupunun tərkibində idi və demək olar ki, onlara rəhbərlik edirdi. Bir faktı diqqətinizə çatdırmaq istəyirəm ki, Qriqoryan 1988-ci ilin fevral ayında iki dəfə Stepanakertdə olmuş, Ermənistanın prezidenti Serj Sərkisyanla görüşmüşdür. Ondan təlimat almış, ermənilərin yaşadıqları evlərin dəqiq ünvanını əldə etmişdir. Deməli, Sərkisyanın təkcə Xocalı, Laçın, Şuça faciəsində deyil, Sumqayıt hadisələrində də əli olduğu sübut olunur. Bunu hüquq-mühafizə orqanlarının arxiv materialları ilə tanış olduqdan sonra bu faktı açıqlamağı özümüzə borc bildik. Kütləvi informasiya vasitələri çox vaxt Sumqayıtda baş verən hadisələrdə Qriqoryanı təşkilatçı kimi qələmə verirlər. Bu, yalnış fikirdir. Qriqoryan adi icraçı idi. Onu Sumqayıta ezam olunmuş SSRİ “KQB”-si idarə edirdi.

-“Sumqayıtın əks-sədası” sənədli filmində ondan müsahibə almısnız, bu haqda danışmağınızı istərdik. 

-Eduard Qriqoryan tüfeylinin biri, spirtli içkiyə meyilli adam idi. İki dəfə xuliqanlıq üstündə məhkum olunmuşdu. Sumqayıtda baş verən hadisələrdə “KQB” və Ermənistanın xüsusi xidmət orqanları ondan məharətlə istifadə etdilər. Şəxsən o, 5 nəfər ermənini qətlə yetirmişdir. Azərbaycanda ona 12 il həbs cəzası verildi. Ermənistanda hay-küy qaldırıldı, guya Qriqoryan günahsız yerə tutulub və ona Azərbaycanın təcridxanalarında işgəncələr verilir. Bu haqda Moskvaya, Kommunist Partiyasının Mərkəzi Komitəsinə, SSRİ Ali Sovetinə, Ali Məhkəməyə məktublar ünvanlandı. Bu məktublarda Silva Kaputukyanın, Zori Balayanın, Qalina Staravoytovanın da imzaları vardı. Böyük təzyiqlərdən sonra onu Azərbaycandan alıb Stavropol vilayətinə, Budyonovskk şəhərində yerləşən həbsxanaya saldılar. Bizə müsahibə vermək istəmirdi. Kalonun rəisi dedi ki, erməni icmaası onun yanında olmuş, heç kimlə ünsiyyətə girməsini qadağan etmişdilər. Bizimlə maraqlandı. İşimizin xətrinə yalan uydurmalı olduq. Dedik ki, Moskvadan “Ostankino” dan (indiki “ORT” telekanalı) gəlmişik. Sovetlər birliyində qaynar nöqtələrdə baş verən hadisələr haqqında sənədli film üzərində işləyirik. Fərqanədə, Oşda, Vilnusda, Tiflisdə olmuşuq. Sumqayıtda sənin adına rast gəldik. Qərara gəldik ki, səninlə görüşüb müsahibə alaq. Qəti etiraz etdi.

-Bəs necə oldu ki, müsahibəni ala bildiniz?

-Kalonun rəisini əvvəlcədən maddi cəhətdən maraqlandırmışdıq, yoxsa bizi həbsxananın kandarına da buraxmazdılar. Qriqoryanın həyat yoldaşı Rita ayda iki dəfə onun yanında gecələyirdi. Kalonun rəisi ona dedi ki, əgər müsahibə verməsən Ritanı bir daha görməyəcəksən, əgər versən, Rita həftədə iki gün sənin yanında qala bilər. Bax belə, biz ondan müsahibə ala bildik. Lap sonda o nədənsə şübhələndi və bizi ölümlə hədələdi.

-Bu illər ərzində çox sayda müsahibələr vermisiniz, telekanallarda çıxış etmisiniz, məqalələriniz kütləvi informasiya vasitələrində geniş çap olunub. Biz istərdik ki, oxuculara, tamaşaçılara qaranlıq qalan, daha dəqiq desək, pərdə arxasında baş verən hadisələrə toxunasınız.

-Bilirsiniz, mən və mərhum kino-rejissor Davud İmanov “Sumqayıtın əks-sədası” sənədli filmini çəkəndə dörd il Moskvada, Sank-Peterburqda, Stavropol vilayətində işləməli olduq. Sovetlər birliyində yüksək eşelonda olan və dövləti idarə edən insanlarla görüşdük, onlardan müsahibələr aldıq. Bir çox qaranlıq mətləblərə aydınlıq gətirildi, bəzi məqamlar bütün çılpaqlığı ilə açıldı. 35 saatlıq material əldə etdik. Elə məsələlər vardır ki, dövlətçilik baxımından onu işıqlandıra bilməmişik.

-Nədir, həmin illər senzura var idi?

-Yox. Biz siyasi ekspertlərlə məsləhətləşirdik. Çox vaxt onların iradlarına etiraz edirdik. Lakin onlar hadisələrin siyasi motivasiyasını başa salandan sonra həmin kadrların efirə verilməməsinin nə qədər vacib olduğunu anlayırdıq.

-Belə çıxır ki, hələ də qaranlıq məsələlər var?

-Bəli.

-Bəs nə vaxt onlar açıqlanacaq?

-Bunun zamana ehtiyacı var.

-Sənədli filmi 1990-cı ilin əvvəllərində çəkmisiniz, elədirmi

-Elədir.

-Sovetlər dağılırdı. Hərc-mərclik baş alıb gedirdi. Banditizm, reket tüğyan edirdi.  Moskvada gündə bir neçə nəfəri, o cümlədən jurnalistləri qətlə yetirirdilər. Qorxulu deyildi?

-Biz sovet tərbiyəsi görmüşük. Film çəkmək istəyəndə elə zənn edirdik ki, əvvəlki illər kimi, kimin qapısını döyüb ondan müsahibə alacağımızı bildirsək, bizi gülərüzlə qarşılayıb, məmnuniyyətlə müsahibə verəcəkdilər. Əfsuslar olsun ki, səhv düşünürdük. Sovetlərin vaxtında olan bütün streotiplər dağılmışdı. Rus şovinizminin canlı şahidi olduq. Bizi çox vaxt qəbul etmək istəmir, Moskvadan qovmaqla hədələyirdilər.

-Hansı qüvvələr?

-“KQB”-nin əməkdaşıarı.

-Niyə məhz onlar?

-Yuxarıda sualınıza cavab verərkən qeyd etdim ki, Sumqayıt hadisələrinin təşkilatşıları onlar idi. Qorxurdular ki, biz onların izinə düşüb, ifşaedici materiallarla çıxış edək. Burada həmin illər Azərbaycan Dövlət Təhlükəsizlik orqanlarında çalışan əsl vətənpərvər və cəfakeş adamların istintaqa verdikləri izahatlardan bəzi məqamları diqqətinizə çatdırmaq istəyirəm.

A.Məmmədov, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şəhər şöbəsi müdirinin sabiq müavini: “Sumqayıt hadisələrinin ssenarisi əvvəlcədən tutulmuşdu. SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən polkovnik Poponinin rəhbərliyi altında 30 nəfərdən ibarət bir heyət Sumqayıta gəldi. Onların Azərbaycan xalqının xeyrinə heç bir tədbir görmədiklərinin şahidi olduq, əksinə, ermənilərlə söhbətlərində onları azərbaycanlılara qarşı qızışdırırdılar. Qoşunların gözləmə mövqeyi də hamının təəccübünə səbəb olmuşdu. Məsələ isə aydın idi. Sumqayıtda təxribat törədilməli idi, bu təxribat da törədildi”.

Y.Qolosilkin, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sabiq əməkdaşı: “Sumqayıtda kameraların quraşdırılmsı haqqında məlumat əldə etdik. Bu haqda SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə məlumat verdik, əfsuslar olsun ki, bizim məlumatımızı cavabsız qoydular. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Filipp Bobkov Bakıya gəldi və Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində müşavirə keçirdi. Axırda tribunaya qalxıb çıxış etdim. Qeyd etdim ki, Sumqayıt hadisələri əvvəlcədən düşünülmüş şəkildə, xüsusi kəşfiyyat orqanları tərəfindən hazırlanmış bir aksiya idi. Hadisələrin gedişi, xarakteri, hazırlığı bunu sübut edirdi. Çıxışımdan sonra Bobkov məni yanına çağırdı və sübutların doğru olduğunu təsdiq etməyi məndən tələb etdi. Mən ona dedim ki, bizdə olan informasiyaları SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə göndərmişik. Ancaq heç bir cavab verilməyib. Görüşdəın sonra məni Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə məşğul olmağı qadağan etdlər”.

Göründüyü kimi təşkilatçıların kim olduğu aydın idi. Sifarişçilər isə Moskvada, Kremldə oturmuşdular. Onu da deyim ki, Davud İmanovla bu filmi çəkmək ideyasına düşəndə heç bir dövlət qurumu, heç bir yaradıcı təşkilat bizi Moskvaya ezam etmək istəmirdi. Çünki “KQB”-dən çəkinirdilər. Əlacımız kəsildi. Rəhbərlik etdiyim “Exo Sumqayıta” qəzetinə gəldik. Mən redaksiyanın firma blankında yazdım ki, qəzetimizin tərkibində “Sumqayıt” studiyası yaradılıb. Studiyanın əsas məqsədi sənədli filmlərin çəkilməsidir. Kino-rejissor D.İmanov, ssenari müəllifi E.Məmmədov, operator E.Quliyev Moskva şəhərində yaşayan və fəaliyyət göstərən Azərbaycan diasporu haqqında sənədli film çəkmək üçün Moskvaya ezam olunurlar. İmza atdım, möhürü vurdum. Bir nəfərdən video kamera alıb Moskvaya yola düşdük.

-Studiya doğrudanmı yaradılmışdı?

-Yox, nə danışırsınız? Özümüzü sığortalamaq üçün bu üsula əl atdıq. Başqa çarəmiz yox idi. Bununla belə, başımız çox ağrıdı. Mockvada kirayə etdiyimiz maşını saxladılar, sürücünün vəsiqəsini aldılar. Kameramızı vurub sındırdılar. Mehmanxanada otağımızda axtarışlar aparıldı. Kasetləri gizlətmişdim. Bacım Moskvada yaşayır. Ona vermişdim.

-Bir az inandırıcı gəlmir. “KQB” dövlət içində bir dövlət idi. Sizin kasetləri əldə etməkdə aciz idilər?

-Bu sual bizi də düşündürürdü. Sonralar məlum oldu ki, bizə psixoloji təzyiqlər etmək üçün belə edirdilər. Bunu orqan işçiləri özləri bizə etiraf etdilər. Üstən təxminən 15 il keçəndən sonra.

-Siz Ulu öndər Heydər Əliyevi Moskvada çəkmişdiniz, eləmi?

-Bəli. Çox çətinliklərdən sonra buna nail olduq. Müsahibə çox maraqlı alındı. Mərhum prezident Dağlıq Qarabağla, Sumqayıtla bağlı hərtərəfli, dərin bir analiz verdi, ermənilərin, sovet rəhbərliyinin iç üzünü açdı, onları ifşa etdi. Müsahibədən sonra Davud İmanovla birlikdə bir azərbaycanlının “Jiquli” maşınına mindik. Mehmanxanaya gedirdik. Təxminən 5-6 kilometr getmişdik ki, maşının qarşısını  “Raf” markalı mikroavtobus kəsdi. Bizi “Jiquli”dən düşürüb “Raf”a mindirdilər. Bu, “KQB” işçiləri idi. Bizi Lefortovaya apardılar. Üç saat saxladılar. Sorğu-suala tutdular. “Nə məqsədlə gəlmisiniz? Heydər Əliyev nə dedi? Sizi kim maliyyələşdirir? və sair. Həmin vaxt demokratiya, yenidənqurma siyasəti Moskvanın bütün küçələrini bürümüşdü. Hər tində bir partiya mitinq keçirirdi. Azərbaycanın Moskvada daimi nümayəndəliyi vardı. Onun mətbuat xidmətinin rəhbəri Fərhad Ağamalıyev əslən Bakılı idi, Sumqayıtda böyümüşdü, “Exo Sumqayıta” qəzetində çalışmışdı. Moskvada Kinomotaqrafiya İnstitutunu bitirmişdi. Uzun illər “Sovetskaya kultura” qəzetində şöbə müdiri vəzifəsində çalışırdı. O, eşidəndə ki, bizi Lefortovaya salıblar, bütün xarici jurnalistləri həmin idarənin qarşısına topladı. Mikrafonlar işə salındı, şüarlar səsləndirildi. Bir sözlə, üç saatdan sonra bizi buraxdlar. Ömrüm boyu rəhmətlik Fərhada minnətdaram. O olmasaydı, kim bilir, sonrakı taleyimiz nəcə olacaqdı? Binadan çıxan kimi “Reyter”, “Frans-press” informasiya agentlikləri, “BibiSi” Si Bi Es”, “Azadlıq” “Amerikanın səsi” radiostansiyaların, “Moskovskiye novosti”, “Komsomolskaya Pravda” “Sovremennik” qəzetlərinin əməkdaşları bizi dövrəyə alıb müsahibə almağa başladılar.

-“Lefortovo”dan sonra filmi yarımçıq qoymaq firinə düşmədiniz ki?

-Yox, nə danışırsınız. Düzdür bir neçə gündən sonra Sumqayıta qayıtdıq. Çünki SSRİ Ali Sovetinin sabiq sədri A.Lukyanov bizə bir aydan sonra gəlməyimizi dedi. Biz Moskvada qala bilməzdik. Buna maddi vəziyyət imkan vermirdi.

-Siz müsahibələrinizin birində demisiniz ki, Moskvada bir çox politoloqlarla, siyasi xadimlərlə görüşmüsünüz və onların verdikləri proqnozlar zaman keçdikcə həyata keçirilib, doğrudurmu?

-Doğrudur. 1990-ci yayında Moskvada bir sıra tanınmış siyasətçilərlə, deputatlarla, jurnalistlərlə görüşlərimiz oldu. Həmin baxt bizə dedilər ki, SSRİ dağılacaq, kommunist partiyası ləğv olunacaq. Azərbaycan-Ermənistan arasında gedən konfliktlə bağlı beynəlxalq bir qurum yaranacaq (ATƏT yarandı). Azərbaycan nefti öz həllini tapandan sonra Yuqoslaviya dağılacaq və xırda dövlətlərə bölünəçək. Amerika Əfqanıstana, İraka girəcək. Yaxın Şərqdə demakratiyanın bərqərar olması üçün dövlət çevrilişləri olacaq və sair. Siz indi bütün bunların çanlı şahidlərisiniz. SSRİ 10 il Əfqanıstanda müharibə apardı. Amerika 10 il ərzində SSRİ-ni bu cəbhə boyu atəşə tutdu, insan hüquqlarının pozulmasında, müstəqil dövlətin ilhaq olunmasında, insanların qətlində sovetləri günahlandırırdı. Mən burada SSRİ hökumətinə bəraət vermək fikrində deyiləm. Bu tarixi bir oyun idi, daha doğrusu siyasi səhv idi. Bununla belə, demək istəyirəm ki, həmin Amerika administrasiyası 10 il sərasər bu haqda danışırdı, bəs niyə 2001-ci ildə Əfqanıstana, 2004-cü ildə İraka daxil oldular və indiyədək oradan çıxmaq istəmirlər? Bunun üçün İrakda “atom” bombasını ortaya atmaq və yaxud 100 mərtəbəli iki ticarət mərkəzlərini partlatmaq lazım idi? Onlara Əfqanıstanın “heroin”i, İrakın, Liviyanın nefti lazım idi. Dünyada enerjuresurslarına hegemonluq etmək, Amerikanın, İngiltərənin xarici siyasətlərin başlıca, mən deyərdim, ümdə vəzifələrindən biridir. Güc, təxribat, satınalma yolu ilə buna nail olmaqdadırlar.

-Filmi çəkib qurtarandan sonra qadağalar davam edirdimi?

-“Sumqayıtın əks-sədası” tammetrajlı sənədli filmini gözəl insan, professional kino-rejissor, mərhum Rasim Ocağovun studiyasında montaj etdik. Filmi iki il efirə buraxmadılar. İkinci filmi qurtarandan sonra mərhum prezident, Ulu öndər  Heydər Əliyev onun AzTV-də montaj olunmasında və efirə verilməsində böyük əməyi oldu. Həmin filmdə H.Əliyevlə Moskvada çiyin-çiyinə çalışan Mərkəzi Komitənin Siyasi Buronun üzvlərindən M.Qorbaçovdan (Sov.İKP MK-nın Baş katibi), A.Lukyanovdan (SSRİ Ali Sovetinin sədri), A.Yakovlevdən, Y.Liqaçovdan (Mərkəzi Komitənin katibləri), V.Kruçkovdan (“KQB”-nin sədri), D.Yazovdan (SSRİ Müdafiə naziri) müsahibələr almışdıq. Onların Sumqayıtla bağlı açıqlamaları çox maraqlı idi və hadisələrdə qaranlıq qalan bəzi məsələlərə aydınlıq gətirilirdi. Bu, bizim üçün çox önəmli idi.

-Kasetlər Moskvadan Bakıya gətiriləndə problemlər yaranmadı ki?

-Yarandı. Biz kasetlərin əlavə nüsxələrini çıxartdıq və Davud onları “keys”ə qoydu. Əsli məndə idi. Təyyarəyə bilet almışdıq. Belə qərara aldıq ki, D.İmanov operatorla birlikdə Domodedova aeroportundan qeydiyyatdan keçsinlər, mən isə aerovağzaldan. Elə də etdik. Aerovağzalda kasetlərin müsadirə olunacağından qorxurdum. Bakıya uçan sərnişinləri izlədim. Kimə etibar etmək olardı? Çox götür-qoy etdim. Nəhayət ucaboylu, təxminən 40-45 yaşında Nadir adında bir nəfərə yaxınlaşdım. Kənara çəkdim. Tanışlıq verdim. Sənədli film haqqında onu məlumatlandırdım. Kasetləri problemsiz Bakıya çatdırmaqda kömək etməsini xahiş etdim. Düz deyirlər ki, dünyada yaxşı adamlar çoxdur. Nadir bizim “Sumqayıtın əks-sədası” tammetrajlı filmimizi görmüşdü. Bir neçə sual verdi. Cavablandırdım. Sonra gülümsündü və zarafatla dedi: “Birdən Müller məni ifşa etsə, onda necə”? (“Baharın 17-ci anı” filmində gestaponun rəisi Müller nəzərdə tutulurdu) Mən də zarafata zarafatla cavab verdim. Dedim: “Deyərsən ki, bunu Ştirlits xahiş edib”. Hər ikimiz gülüşdük. Nadir razılıq verdi. Biz aerovağzaldan maneəsiz birbaşa aeroporta gəldik. Avtobus trapın ağzında saxladı və biz təyyarəyə qalxdıq. Davud və operator artıq öz yerlərini tutmuşdular. Hər ikisinin sifəti qızarmışdı. Hiss olunurdu ki, nəsə xoşagəlməyən hadisə baş verib. Təyyarə havaya qalxana qədər çox narahat idim. Sonra öyrəndim ki, bizimkilər Damodedova aeroportunda qeydiyyatdan keçəndə kömrük işçiləri kasetləri müsadirə ediblər. Davud hay-küy salıb. Ona deyiblər ki, ola bilsin siz anti-rus təbliğatı aparırsınız. Biz bütün materiallara baxmalıyıq. Davud söyləyib ki, 35 saatlıq material var. Təyyarə isə yarım saatdan sonra yola düşür. Dedilər ki, eybi yoxdur, ünvanınızı verin, baxarıq, şübhəli bir şey olmasa, kasetləri Bakıya göndərəcəyik. Davud professional rejissor idi. İmprovizə etməyi bacarırdı. Xarici jurnalistləri, diplomatik korpusların, beynəlxalq hüquq təşkilatlarının nümayəndələrinin dəvət olunmasını tələb etdi. Lakin ona əhəmiyyət verən olmadı. Əlavə nüsxələr onlarda qaldı. Bakıya çatdıq. Bina aeroportunda dərindən nəfəs aldıq. Nadirin köməkliyini heç bir vaxt unuda bilmərik. Əsl vətənpərvər oğlan idi. Sağ olsun.

-Sizin müsahibələrinizin birində oxumuşuq ki, yapon jurnalistləri kasetlər üçün sizə pul təklif ediblər, bu doğrudurmu?

-Bəli. Biz eyni gündə Mərkəzi Komitənin katibi Yeqor Liqaçovdan və “KQB”-nin sədri V.Kruçkovdan müsahibələr almışdıq. Çox sevinirdik. Yapon jurnalistləri onlardan müsahibə almağa cəhd etdilər, lakin alınmadı. Kaseti 5 min Amerika dollarlna satmağı təklif etdilər. Canlı efirə çıxmaq istəyirdilər. Etiraz etdik. Azərbaycanın Moskvadakı nümayəndəliyinə qədər bizi izlədilər. Mehmanxanada qaldığımız otağımıza gəldilər. 10 min dollar təklif etdilər, yenə də razı olmadıq. Baxmayaraq ki, pula böyük ehtiyacımız vardı. Biz vətəndaşlıq borcumuzu puldan üstün tutduq.

-Başqaları bəlkə də razı olardı.

-Əgər bunu etsəydik, birincisi bir şəxsiyyət kimi alcalardıq. İkincisi filmdə bir boşluq yaranardı.

-Sizi maliyyələşdirən vardımı?

-Xeyr. Sağ olsun, qohumlar, dostlar. Bununla belə, Moskvada çox sıxıntı keçirdik. Yuxarıda qeyd etdiyim kimi, “KQB”-nin əməkdaşları kameramızı sındırdılar. Bərk dilxor olduq. Nə etməli? İşlərimiz yarımçıq qoyub Bakıya qayıtmalı? Buna yol verə bilməzdik. Axı, qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirə bilməmişdik. Moskvada bir azərbaycanlı biznesmen təsadüfən bizlə tanış oldu. Film haqda maraqlandı. Eşidəndə ki, kameramızı sındırıblar, bizi arxayın etdi. Ertəsi gün bizə təzə bir kamera alıb verdi.

-Bir məsələyə də cavab verməyinizi xahiş edirik.

-Buyurun.

-Düzdürmü ki, filmlə bağlı sizi məhkəməyə vermişdilər?

-Bəli. Məsələni xırdalamaq istəmirəm. Bunu şəxsiyyətimə sıxışdırmıram. Bununla belə, üstüörtülü olsa da deyim. Mənə qarşı hörmətsizlik etmək istədilər, nəticədə özləri hörmətsiz oldular. İki dəfə məhkəməyə getmədim. Üçüncü dəfə gedəsi oldum. Məhkəmə sədri eşidəndə ki, mən “Sumqayıtın əks-sədası” sənədli filminin müəlliflərindən biriyəm, bizi dəstəklədi, millətimiz üçün, xalqımız üçün gördüyümüz işi yüksək qiymətləndirdi. Təvazökarlıqdan uzaq olsa da, ünvanımıza tərifli sözlər dedi. Qarşı tərəfi qeyri vətənpərvərlikdə kəskin tənqid etdi və iddialarını rədd etdi.

-Bir məsələni aydınlaşdıraq. Sizi məhkəməyə vermələri rəhbərlik etdiyiniz “Exo Sumqayıta” qəzetinin redaksiyası ilə bağlı idi, yoxsa sənədli filmlə.

-“Sumqayıtın əks-sənədli” sənədli filmlə.

-Aydın oldu. Sirr deyilsə, sizi məhkəməyə verən təşkilatın adını açıqlaya bilərsinizmi?

-Yox, bunu deyə bilmərəm. Həmin təşkilatın rəhbəri artıq pensiyadadır. Sumqayıtda dəfələrlə görüşmüşük, həmin iddianı qaldırmaqda səhv etdiyini etiraf edib. Bu, mənim üçün kifayətdir. Mən oğru deyiləm, kiminsə pulunu oğurlammışam, heç kimin qarşısında gözü kölgəli olmamışam. Millətim, xalqım üçün, ermənilərin böhtan xarakterli təbliğat mexanizmini az da olsa, dağıtmaq üçün sənədli film çəkməklə niyə məni hansısa xırda bir məsələ üstündə məhkəməyə verməli idilər? Həmin təşkilat da, rəhbərlik də özlərini gülünc yerinə qoydular. Uduzan mən olmadım, onlar oldu. Nə isə.

-Bu filmlə bağlı xatirələrinizi kitab şəklinə salmaq fikriniz varmı?

-Sizə kadr arxasında baş verən hadisələrin cüzi bir hissəsini danışdım. Xatirələrim zəngindir. Kitab yazmağı mənə dostlarım da məsləhət görürlər. Nədənsə hələ qəti qərara gəlməmişəm. Sağlıq olsun. Ömür vəfa etsə…

Müsahibəni apardı: Arif Ərşad, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Birlik.az           

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər