Tahir Süleymanovun “Qarabağ”la oyundan sonra mətbuat konfransı keçirilən otağa gəlməsi və vitse-prezidentin Böyükağa Hacıyevlə birlikdə PFL-i, Hakimlər Komitəsini hədəfə alan açıqlamalar verməsi ölkə futbolunun gündəmini dəyişdi. Belə davranışı 75 illik tarixi olan, ötən mövsüm Avroliqanın qrup mərhələsinə çıxmasıyla öyündüyümüz “xalq komandası”na yaraşdıra bilmirəm. Əslində Tahir bəyin mikrofonlar qarşısında sərgilədiyi davranış, Böyükağa müəllimin silkələdiyi barmaq “Neftçi”nin paltardəyişmə otağında gerçəkləşməli idi. Ssenarinin niyə məhz bu cür həyata keçirilməsi çox düşündürücüdür. Rəhim Həsənovun idarəçiliyini müzakirəyə çıxarmaq, PFL-in hakimlərin əliylə hansısa mücərrəd oyun planlarını cizdiyini iddia etmək o qədər də böyük cəsarət və qabiliyyət tələb edən iş deyil. Əksinə çox asandır. Amma reallıq bizdən başqa cür davranış tələb edir. Gənc referinin 90 dəqiqə ərzində hansı komandanın xeyrinə daha çox yanlış qərar qəbul etdiyini sadalamağa başlasaq “ağ qaralar”ın serbiyalı qapıçısı Saşa Stamenkoviçin məğlubiyyətdə oynadığı böyük rola kölgə salmış olarıq. Yaxşı yadımızdadı ki, qış fasiləsindən öncə Böyükağa bəy qolkiperin az qala hər oyunda buraxdığı səhvlərdən təngə gəlib, “transfer pəncəsərəsi” açılan kimi ona layiqli əvəzləyici tapacaqlarını açıqlamışdı. İnsafən, çalışdırıcı sözünə əməl etdi, lakin sona qədər yox. İsveçrəli Leonni Conninin Stamenkoviçdən daha səviyyəli, yaxud zəif olması haqda hansısa fikir söyləməyə çətinlik çəkirəm. Çünki, qolkiperi iş başında görməmişəm. Amma Leonninin qəfil vətəninə yollanması kifayət qədər müəmmalıdır. Mümkün ehtimallardan biri də odur ki, qapıçı özünü Saşadan zəif saymadığından onun əvəzləyicisi olmağı qəbul etməyib, sakitcə evinə yollanıb. İşdi, isveçrəli qapıçı “Neftçi”nin düşərgəsinə qayıtsa, Böyükağa Hacıyev düşünmədən “çərçivə”ni ona tapşırmalıdır. Diqqət yetirin, Stamenkoviç ciddi rəqabət qorxusundan qurtulan kimi yenidən rahatlaşıb. Kaş ki, “İnter”lə oyundakı vandallığına görə Anar Salmanovun ona qırmızı vərəqə göstərməyə cəsarəti çataydı. Bununla Salmanov “Neftçi”yə çox böyük yaxşılıq etmiş olardı. Emil Balayev şənbə günü meydana çıxsaydı Saşadan daha etibarlı oynayardı. Penalti epizoduna görə Rəhim Həsənovu hədəfə almaqdansa Stamenkoviçdən soruşmaq lazımdı ki, epizodun əvvəlində o, topu hara ünvanlamışdı? Adam cəmisi beş metrəliyində olan Elvin Yunuszadəyə düzgün ötürmə verə bilmir. Məgər, Rəhim Həsənov günahkardı ki, qapıçıyla müdafiəçi özünü maymaqlığa qoyub, Reynaldo da fürsətdən lazımınca yararlanıb? “Qarabağ”la qarşılaşmaya qədər ən yaxın izləyicisini 4 xal qabaqlayan “Neftçi”nin oyuna bu qədər qorxaq başlamasının, xüsusən birinci hissəni qolsuz yola verməyə çalışmasının səbəbi çoxunuz kimi mənə də aydın deyil. Axı, meydanda futbolçuların sayı bərabər olanda da “ağ qaralar” rəqibindən aşkar geri qalırdı. Bu mövsüm “köhlən atlar”la baş tutan iki oyunda da minimal hesabla məğlub olması çempionluğa iddialı komandaya əlavə motivasiya verməliydi. Üstəlik, özünüzə qarşı hansısa oyunların qurulduğundan, “İnter”ə “Simurq”la “Bakı”nın 6 xal bağışlayacağından danışırsızsa özünüz xal itirməməlisiz. Böyükağa Hacıyevin yetirmələrində həmin istək şənbə günü hiss olunmadı. Allah eşqinə, “Qarabağ”ın vurduğu ikinci qola təkrar-təkrar baxın. Belə vəziyyətdə qol yeyən komandanı hakimin sıxmağına heç ehtiyac da qalmır. Fərhad Vəliyev əliylə topu Almeydanın önünə atır, cəmisi üç ötürmədən sonra Vüqar Nadirov topu düz Stamenkoviçin üstünə vurur…penalti epizodunda “asissent” rolunda olan serb qapıçı bu dəfə də Almeydanın fərqlənməsinə “yardımçı” oldu. Qolkiperin “zəhmətini” unudub, Rəhim Həsənovdan, Ramin Musayevdən danışmaq ədalətsizlikdir. Digər əsas faktor Qurban Qurbanovdur. Çalışdırıcı üç il bundan qabaq az qala kimsənin tanımadığı Qara Qarayevin timsalında ölkə futboluna növbəti töhfəsini verib. Premyer-liqanın ən yaxşı legioneri sayılan Flavinio Qaranın sayəsində tamamilə oyundan qopmuşdu. Sambaçının “Neftçi” üçün necə əhəmiyyətli fiqur olduğunu təkrarlamağa ehtiyac yoxdur. Qapıçısı zəif olan “Neftçi”nin Flavinio və Kanales kimi əsas “silahlarını” zərərsizləşdirdinsə, işin asan olacaq. Bu aşkar həqiqəti Qurbanov bir daha şənbə günü isbatladı. Onsuz da bərbad görünən müdafiə xətti isə Mitreskinin meydandan qovulmasıyla tamamilə çökdü. Makedoniyalının aldığı qırmızı vərəqə isə heç cür müzakirə mövzusu ola bilməz. Bir sözlə, bütün bu dedi-qodulara artıq enerji itirmək, qiymətli zamanınızı xərcləyib hakimlərin, PFL-in ünvanına bəyanatlar səsləndirmək mənasız məşğuliyyətdir. Flavinionun sarı vərəqə aldığı epizodda topu az qala referinin sifətinə çırpması Böyükağa bəyin psixoloji planda görüləsi işlərinin çox olmasından xəbər verir. Peşəkar bir futbolçunun gərəksiz yerə sarı alıb, çətin səfər oyunu öncəsi komandasını pis vəziyyətdə qoyması yaxşı əlamət deyil, əzizlərim. Vobayın da meydanda can qoymadığı, özünü qorumağa çalışması haqda deyilənləri də ciddiyə almaq lazımdır. “Qarabağ”ın bir mövsüm ərzindən üçüncü dəfə “Neftçi”ni məğlub etməsindən çıxarılası çox dərslər var. Görünür, əvvəlki iki məğlubiyyətdən lazımi dərslər çıxarılmayıb. Bu da olsun üçüncü dərs. Hörmətli Tahir Süleymanov “bizi dayandıra bilməyəcəklər” deyir. Təki elə olsun, Tahir bəy. Əsas odu, siz özünüz dayanmayasız.
Amal Abuşov