Ulu Öndər Heydər Əliyev və Azərbaycanda dil siyasəti

2356

İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.

Heydər Əliyev

Ana dili hər bir xalqın varlığını, milli mənsubiyyətini və kimliyini  təsdiq edən başlıca xüsusiyyəti kimi onu xarakterizə edən ən vacib amillərdəndir. Dil bir xalqın milli sərvəti, varlığının təsdiqi, təkrarolunmazlığının göstəricisidir. Dil elə bir mənsubluqdur ki, bir xalqın tarixi-siyasi dövrlərdə keçdiyi yol, yaşadıqları bir mədəniyyət kimi birinci növbədə onun dilinə hopur. Hər bir xalqın dili, əlifbası eyni zamanda onun millət olaraq  var olmasını şərtləndirir. Boş yerə deyilməyib ki, “dilini itirən xalq məhvə məhkumdur”.

Hazırda  dünyada 200-dən artıq ölkənin 70 rəsmi  dilli statistika olaraq dünyada qəbul olunub. Bu dillər içərisində öz zənginliyi, ahəngdarlığı və tarixi kökləri ilə seçilən dillərdən biri də doğma ana dilimiz – Azərbaycan dilidir . Ana dilimiz xalqımızın ən dəyərli, eyni zamanda qorunub inkişaf etdirilməsi vacib olan milli sərvətidir.

Maddi və mənəvi dəyərləri ilə bütün dünyaya nümunə ola biləcək, dərin tarixi köklərə əsaslanan xalqımız daim onu canından çox sevən övladlarının himayəsi və fədakarlığı ilə bu günlərə gəlib çıxmışdır. Tarixə nəzər salsaq görərik ki, bir çox görkəmli liderlərimiz digər milli-mənəvi dəyərlərimizlə yanaşı dilimizin, onun saflığının, milli tərkibinin qorunmasına, nəsildən-nəsilə ötərək bugünkü səviyyəyə gəlib çıxmasına xüsusi diqqət yetirmişlər. Bu Vətən fədailərimizdən bəhs edərkən tarixi liderlərimiz olan  – Cavanşirdən , Babəkdən, Şəmsəddin Eldənizdən, Uzun Həsəndən, Şah İsmayıl Xətaidən , Şah I Abbasdan, Fətəli xan Əfşardan, Cavad Xandan, Fətəli xandan, Azərbaycan Xalq Cümhuriyyətindən , Müstəqil Azərbaycan Dövlətinin banisi Ulu öndər Heydər Əliyevdən, Prezidentimiz İlham Əliyevdən nə qədər danışsaq azdır.

Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlərlə bərabər, ana dilimizə canı bahasına sahib çıxması Heydər Əliyevi Ümummilli liderlik zirvəsinə yüksəldərək ürəklərdə taxt qurmasına səbəb olmuşdur.  Azərbaycanın təkraolunmaz lideri, Ulu öndər Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. Bu danılmaz bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sovet hakimiyyəti tabeliyində olan bütün xalqların dil siyasətinin nəzarətdə saxlanıldığını nəzərə alsaq, xüsusən də 20-ci, 30-cu, 40-cı, 50-ci, hətta 60-cı illərdə əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, ölkəmizdə Azərbaycan dili hakim dil deyildi. O zamanki təzyiqləri və bürokratiyanı xatırlasaq ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi. 70-ci illərdə Sovet hakimiyyəti tabeliyində olan xalqların dil məsləsi gündəmə gətirilsə də, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da geniş vüsət aldı. Sovet hakimiyyətinin  xalqlara təzyiq metodu kimi dil siyasətindən istifadə etdiyi bir zamanda ana dili mövzusunu dilə gətirmək çox riskli və qorxulu idi. Hətta dil məsələsini qabardanlar, gündəmə gətirənlər Sibirə sürgün olunurdu. Bütün bu təzyiqlərə baxmayaraq o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev SSRİ Konstitusiyası haqqında danışarkən dil mövzusuna toxunmuş, dil məsələsində öz mövqeyini qətiyyətlə bildirmiş və niyyətinə müvəffəq olmaq üçün bu çətin addımı atmağı bacarmışdı. Uzaqgörən siyasəti ilə ilə seçilən Heydər Əliyevin bu addımı əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Bu addımın reallaşması vətəndaşlara ana dilində oxumaq imkanı verə bilərdi.

SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihəsi dərc olunaraq hakim dairələrin qərarı ilə ümumxalq müzakirəsinə göndərildi. Bu tarixi layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi qeyd edilmişdi. Kommunist ideologiyasının hökmranlıq etdiyi, çox şeyin formal xarakter daşıdığı o dövrdə əhalinin iştirakı ilə keçirilən müzakirə də bu formalizmdən yan keçmədi və Azərbaycan dili bu müzakirələrə daxil edilmədi. Buna baxmayaraq, zamanın milli ruhlu ziyalıları layihəyə Azərbaycan dilinin salınmamasından narazılıqlarını qeyd etmişdilər. O, zaman üçün böyük risk sayıla biləcək bir addımla çıxış edən Heydər Əliyev Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınması üçün əlindən gələni edirdi. Məqsədli addım olduğunu hiss edən Moskva rəhbərləri müxtəlif bəhanələrlə bunun qarşısını alırdılar. Xalqına, millətinə sadiqlik hissi ilə dərindən bağlı olan Ulu öndər isə inadından əl çəkmir, öz məqsədinə çatmaq üçün israrla gecə-gündüz çalışırdı. Heydər Əliyev belə bir çətin vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L. İ. Brejnevlə danışıqlara girir və bu öz uğurlu nəticəsin verir. Azərbaycan dilinin dövlət dili statusu ilə Konstitusiyaya salınması məsələsi nəhayət birdəfəlik həll edilir. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olması əlavə olunur. Bu tarixi uğurla Azərbaycan Konstitusiyası böyük fenomen Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu. Azərbaycan dili dövlət dili statusu ilə tarixdə öz layiqli yerini aldı. Tarixi-siyasi addımları ilə xalqımızın taleyində əhəmiyyətli rol oynamış Ulu öndər Heydər Əliyev Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ilə xalqı qarşısında ən böyük tarixi xidmətlərindən birini həyata keçirmiş oldu. Dilimizin, milli atributumuzun qorunmasını qarşısına məqsəd qoyan Heydər Əliyevin sonrakı addımları dilimizin inkişafı və zənginləşdiriliməsi idi. Bunun üçün dilçi alimlərin fəaliyyətini yaxından izləyən və onların qayğısına qalan Ulu Öndər ana dilmizdə kitabların nəşrinə xüsusi diqqət yetirərək bunun geniş vüsət almasını təmin edirdi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra hakimiyyətə gələn səriştəsiz şəxslərin dövlət idarçiliyində təcrübəsizliyi, həyata keçirdikləri xirda-para islahatları ölkəni məhvə aparırdı.  AXC-Müsavat hakimiyyəti dövründə dövlət dilinin adının dəyişdirilərək “türk dili” adlandırılması Azərbaycanı bir dövlət, xalq kimi xəritədən birdəfəlik silməyə bərabər idi. Dövlət idarəçilyinə dərindən bələd olan Ulu öndər Heydər Əliyev bu səriştəsiz addımı xarakterizə edərək qərarın xalqın iradəsi olmadan verildiyini, bunun səhv addım olduğunu vurğulamışdı.

Liderini sevən və siyasətini dəstəkləyən xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlnılmasını prioritet məsələ kimi ön plana çəkir. Ulu öndər Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsini unutmur, ana dilimizi “türk dili”  yox  “Azərbaycan dili” kimi bərpa edir.

Bu səbəbdən idi ki, dövlət siyasətinin önəmli istiqaməti kimi 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi qəbul edildi.  Bu siyasətin məntiqi ardı kimi 2001-ci ilin iyulunda Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı imzaladı. Bu işin daha səmərəli və sürətlə həyata keçirilməsini nəzərə alaraq həmin vaxtlarda Dil Şurası da yaradıldı. Bütün bu vacib tədbirlərlə bərabər dilimizin önəmini və dövlət əhəmiyyətini daha da əsaslandırmaq üçün 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olundu. Çünki Ulu öndər çox yaxşı anlayırdı ki,  dil amili millətin özünüdərki üçün çox mühüm məsələdir. Ona görə də O, Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı məharətlə bacardı.

Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Dünya durduqca bizlər də bu sərvətə sahib çıxmalı və dilimizi gələcək nəsillərə bir əmanət kimi həvalə etməyi özümüzə borc bilməliyik.

Esmira Şahbazova, Sumqayıt Mərkəzi Kitabxanasının əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər