Keçmişin və bu günün reallıqlarını nəzərə alaraq mümkün, hətta qeyri-mümkün olanı etmiş şəxsiyyətlərin gözəl işləri, xeyirxah əməlləri, müdrik düşüncələri xalqın və dövlətin gələcəyinə işıq salır. Bu baxımdan Azərbaycan tarixinə ən şərəfli səhifələr yazan ulu öndər Heydər Əliyevin həyatı, bizə və gələcək nəsillərə qoyub getdiyi mənəvi irs misilsiz sərvət, əvəzsiz örnəkdir. Onun dolğun və bütöv şəxsiyyəti hər zaman hər bir azərbaycanlı üçün canlı örnək olub və gələcəkdə də mükəmməl örnək olacaq.Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmişdir.
Bunlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir. Moskvada fəaliyyət göstərdiyi illərdə Heydər Əliyev beynəlxalq aləmdə də görkəmli ictimai-siyasi xadim kimi tanınmış, onun böyük siyasi iradəyə və idarəçilik bacarığına malik olması dünyanın məşhur siyasətçiləri və dövlət xadimləri tərəfindən etiraf edilmişdir.Çünki Heydər Əliyev hansı sahədə olursa olsun, hansı sahədə olursa olsun, bu sahəyə yeni ruh, yeni nəfəs gətirə, bu işə yeni təkan verə bilərdi. Bu, ilk növbədə onun qeyri-adi zəkası, təşkilatçılıq qabiliyyəti və şəxsi keyfiyyətləri ilə bağlı idi. Yəni vəzifə onu yox, o, vəzifəni ucaldırdı. Çünki özünün dediyi kimi: “Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir, qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır”.
Azərbaycanın 1988-1993-cü illər dövrü bəlkə də onun tarixində ən mürəkkəb və faciəli bir dövr idi. Moskvanın buyruğu ilə oturub duran, onun qərarlarını kor-koranə yerinə yetirən Vəzirov və Mütəllibov rejimləri respublikanı nə qədər bərbad günə qoymuşdularsa, onların bacarıqsızlığından və qətiyyətsizliyindən istifadə edərək hakimiyyətə gəlmiş cəbhəçi-müsavatçıların səriştəsizliyi ucbatından ölkə tamamilə dağılmaq və məhv olmaq təhlükəsi qarşısında qalmışdı.
Bu gün xalqımızın böyük ürək ağrısı ilə xatırladığı həmin illərdə Azərbaycanın bir ümid çırağı da var idi. Həmin ümid çırağı Heydər Əliyev idi. O, Naxçıvanda xalqın böyük təkidi ilə muxtar respublika Ali Sovetinin Sədri seçilmişdi, olduqca dözülməz blokada şəraitində Azərbaycanın bu qədim diyarını erməni işğalından qoruyub saxlayırdı. Mərkəzi hakimiyyətin təzyiqlərinə baxmayaraq, Naxçıvanda Azərbaycanın müstəqillik atributlarını bərpa edir, muxtar respublikanı blokadadan qurtarmaq üçün onu qardaş Türkiyə ilə birləşdirən “Ümid körpüsü”nü salırdı.
Heydər Əliyevin simasında Vətənin xilasını görən respublikanın bütün şüurlu insanları ona saysız-hesabsız müraciətlər edir, Naxçıvanda onu ziyarət edərək xilaskarlıq missiyasını öz üzərinə götürməyi xahiş edirdilər. Bunun nəticəsi olaraq 1993-cü ilin məlum iyun hadisələri baş verdi. Surət Hüseynovun Gəncədə başladığı qiyam, Əlikram Hümbətovun cənub bölgəsində başladığı separatçılığın şimal bölgəsinə də sirayət etməsi, Rəhim Qazıyev kimi üzdəniraq siyasətçilərin Rusiya ilə sövdələşmələri nəticəsində Azərbaycanın bir respublika kimi yer üzündən silinmək təhlükəsi yaranmışdı. Hadisələrin sonrakı axarı və xalqın böyük təkidi nəticəsində 1993-cü il iyunun 15-də Heydər Əliyev nəhayət Bakıya gələrək dənizdə sükanını itirmiş gəmiyə bənzəyən Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürdü. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək dedi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.”
Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütünhadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi. Separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısı alındı. Avqustun 7-də cənub bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu bədnam iddiaya son qoyuldu.
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Xalqın daha mütərəqqi hissəsini, qabaqcıl ziyalılarını və siyasətçilərini birləşdirən Yeni Azərbaycan Partiyası artıq formalaşmağa başlamış və xalqın böyük əksəriyyətini bilavasitə Heydər Əliyev kimi görkəmli siyasi xadimin ətrafına toplamağa nail olmuşdu. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi.
O, yeni tarixi mərhələdə, yeni siyasi və sosial-iqtisadi şəraitdə püxtələşmiş lider kimi böyük potensialını necə reallaşdıracağını bilən şəxsiyyət idi. Ulu öndər Heydər Əliyevin gələcək nəsillər qarşısında xidmətləri illər keçdikcə daha dərindən dərk edilir.
Vüsalə Qurbanova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru