Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

441

“Azərbaycan adlı dövlətin varlığı bizim ən böyük tarixi sərvətimiz, bütün Azərbaycanlıların qazandığı ən böyük nailiyyətdir”.
Heydər Əliyev

Heydər Əliyev bütün həyatını canı qədər sevdiyi Azərbaycana, onun tərəqqisinə, inkişafına, müstəqilliyinə, təhlükəsizliyinə, əmin-amanlığına həsr edən böyük vətəndaş olmuşdur. İstər sovet rejiminin hakim olduğu illərdə milli təhlükəsizlik orqanlarında çalışarkən, istər həmin dövrdə Azərbaycana rəhbərlik edərkən, istər nəhəng bir dövlətin əsas rəhbərlərindən biri olanda, istər Qorbaçovun ədalətsizliyi üzündən dövlət işindən uzaqlaşdırılanda, istərsə də müstəqil Azərbaycana rəhbərliyi öz üzərinə götürəndən sonra. Heydər Əliyev Azərbaycan tarixinə, ən azından onun milli təhlükəsizlik orqanlarının tarixinə, bir strukturun milliləşdirilməsi ilə son dərəcə böyük töhfələr vermiş, XX əsrin ikinci yarısında Azərbaycan təhlükəsizlik orqanları üçün kadr potensialı yaratmış, onu yeni, milli mənafeyə və maraqlara xidmət etmək istiqamətinə yönəltmiş bir şəxsiyyət kimi də daxil olmuşdur. Məhz həmin dövrdə Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizlik orqanlarını milli kadrlarla möhkəmləndirdi.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevi rəhbər kimi başqalarından fərqləndirən mühüm bir keyfiyyət ondan ibarətdir ki, onun dövlətçilik və siyasi fəaliyyəti bir-birinə zidd olan iki müxtəlif ictimai-siyasi sistemin qovuşuğundan keçmiş və bunların imkanlarından bacarıqla istifadə edib hər bir dövrün ictimai-siyasi tələblərinə uyğun olaraq özünün bütün varlığını Azərbaycan Respublikasının yüksəlişinə, xalqın mənəvi-mədəni inkişafına həsr etmiş və ölkəmizin hərtərəfli tərəqqisini təmin etmişdir.
Ümummilli lider 1982-ci ildən sonra SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrlərdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atmış, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə qarşı çıxmış, ermənilərin məkrli torpaq ilhaqı siyasətinə qarşı barışmaz mövqe tutmuş, Qorbaçov rejimini kəskin tənqid etmişdir. Məhz bu qətiyyətli və prinsipial mövqeyinə görə 1987-ci ildə SSRİ KP MK Siyasi Bürosunun üzvlüyündən uzaqlaşdırılan ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 90-cı illərin əvvəlində Naxçıvana qayıdaraq zamanın diktəsi ilə siyasi proseslərdə fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırmışdır. 1991-ci ilin 18 oktyabrında qüdrətli dövlət xadimi Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı” ilə ölkəmizin istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir.
1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ümummilli lider 1993-cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyət sükanına keçmiş, ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərpa etmiş, eyni zamanda insan hüquq və azadlıqlarının təminatına xidmət edən hüquqi islahatların müəllifi olmuşdur.
Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin, prinsipiallığının və siyasi iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verməklə, Azərbaycanda hüquqi islahatların yeni mərhələdə aparılmasına da geniş imkanlar açmışdır. Böyük strateqin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır.
Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və insan kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də onun yeritdiyi siyasətin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanması olmuşdur. 1995-2003 – cü illər ərzində Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3091 məhkuma şamil edilmişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan sivil dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, qlobal məkanda cərəyan edən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur. Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil Azərbaycan Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Böyük öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə, habelə siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan böyük diplomatik məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin əsasını qoyduğu unikal liderlik institutunu və dövlətçilik sistemini ölkənin beynəlxalq təhlükəsizliyinin, iqtisadi maraqlarının, siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn fəlsəfi dünyagörüşü kimi qəbul edir. Qlobal miqyasda aparıcı dövlətlər, o cümlədən, Qərbin demokratik dairələri Azərbaycanın perspektivini bu kursdan kənarda təsəvvür etmirlər. Heydər Əliyevin xarici siyasət doktrinası bu fəlsəfi dünyagörüşün mahiyyəti barədə real təsəvvürlərin ortaya çıxmasını şərtləndirir.
Ulu öndərin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə necə bağlı lider olduğu bir daha aydın görünür. Reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, sadəliyi, səmimiliyi, təvazökarlığı, alicənablığı, insanlara təmənnasız münasibəti, xalqına, millətinə, Vətəninə sevgisi, nəcibliyi, ziyalılığı, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini daha da artıran ən mühüm mənəvi keyfiyyətlərdir. Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir. Milli məsələlərdə güzəştə getməyən Prezident İlham Əliyev hakimiyyətə gələndən böyük zəfər gününə kimi Qarabağ məsələsində də heç bir güzəştə getmədi, Ermənistana, onun havadarlarına qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. O, 44 gün ərzində siyasi, hərbi lider kimi durmadan, dincəlmədən sözün əsl mənasında vuruşdu, həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı.
Müasir Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin xalqının səadəti, dövlətimizin müdafiə qüdrətinin yüksəlməsi, dövlətçiliyin möhkəmlənməsi, milli müstəqilliyimizin əbədiyaşar olması uğrunda mübarizəsi isə davam edir.

 Vüsalə Qurbanova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər