Ulu öndərin Vətəninə və xalqına olan böyük məhəbbətinin bizlərə məlum olmayan, gizli qalmış təzahürləri

936

50 il əvvəl – 14 iyul 1969-cu ildə Ulu öndər Heydər Əliyev ilk dəfə Azərbaycan rəhbərliyinə gəlmişdi

Ukraynanın Milli Qəhrəmanı, M.Frunze adına Sumı Elm-İstehsalat Birliyinin Baş direktoru, texnika elmləri doktoru, akademik Vladimir LUKYANENKO:

HEYDƏR ƏLİYEV GÖRKƏMLİ RƏHBƏR, XALQINI ÜRƏKDƏN SEVƏN ƏSL VƏTƏNPƏRVƏR İDİ

Ulu öndərin Vətəninə və xalqına olan böyük məhəbbətinin bizlərə məlum olmayan, gizli qalmış təzahürləri

2006-cı ilin sonlarında “Azərikimya”ya Ukraynanın ən qocaman müəssisəsi, neft və kimya sənayesi üçün istehsal etdiyi, yüksək keyfiyyətə və məhsuldarlığa malik unikal avadanlıqlarla bütün dünyada tanınan Sumı Elmi-İstehsalat Birliyinin 110 illik yubiley tədbirlərində iştirak etmək üçün xüsusi dəvət gəlmişdi.

Belə bir tədbirə dəvət, əlbəttə ki, heç də təsadüfi deyildi – Etilen-polietilen zavodunda hər il aparılan təmir işləri zamanı istifadə olunan ehtiyat hissələrinin və dəyişdirilən avadanlıqların təxminən 50-60 faizə qədəri məhz həmin Birlik tərəfindən istehsal edilir. Dünyanın 6 qitəsindən dördünə, o cümlədən ən yüksək texniki tərəqqiyə malik Almaniya, Rusiya, Amerika, İngiltərə, İtaliya, həmçinin Argentina, Kuba, Çin, Bolqarıstan, Polşa, Türkiyə, Misir, Əlcəzair, Hindistan və Pakistan kimi ölkələrə çoxtonnajlı neft və kimya avadanlığı ixrac edən “Sumı Elmi-İstehsalat Birliyi” ASC-nin daimi sifarişçilərindən biri də məhz “Azərikimya”dır.

Ukraynanın bu məşhur müəssisəsinin yubileyində iştirak etmək üçün Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində Sumqayıt Etilen-polietilen zavodunun o zamankı direktor müavini (istehsalatın təşkili və texniki təminat üzrə) Samir Manafov da olmuşdu. Ancaq onun üçün yubiley tədbirindən daha çox və ən xoş təəssüratla yadda qalan bu nəhəng maşınqayırma müəssisəsinin rəhbəri akademik Vladimir Matveyeviç Lukyanenkonun Ulu öndərimiz, xalqımızın unudulmaz rəhbəri Heydər Əliyev haqqında söylədikləri ürək sözləri, yüksək fikirlər, onunla görüşləri ilə bağlı xoş xatirələr olmuşdu.

V.M.Lukyanenko ilə qısa tanışlıq. O, 1937-ci ildə dünyaya gəlib. 1961-ci ildə ali məktəbi bitirdikdən sonra M.Frunze adına Sumı Elmi-İstehsalat Birliyində usta köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Bütün əmək bioqrafiyası məhz bu müəssisə ilə bağlı olub – baş usta, sex rəisi, baş mühəndis və baş direktor vəzifələrində çalışıb. 1994-cü ildən həmin Birliyin bazasında yaradılmış ASC-nin idarə heyətinin sədridir. 1986-1989-cu illərdə – Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə SSRİ Kimya və Neft Maşınqayırması Sənayesi naziri vəzifəsində çalışmışdır. Texnika elmləri doktoru, Ukraynanın Mühəndis Elmləri Akademiyasının və Kibernetika Elmləri Akademiyasının akademikidir. Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı və Ukraynanın Milli Qəhrəmanıdır. Neft və kimya maşınqayırması sənayesinin inkişafındakı böyük xidmətlərinə görə (onun bu sahədə 45 ildən artıq zəngin təcrübəsi vardır) SSRİ-nin və Ukraynanın ən yüksək orden və medallarına layiq görülüb.

Samir Manafovun söhbətindən:

– Ukraynanın bu nəhəng müəssisəsi ilə zavodumuzun partnyorluq əlaqələri hələ 1988-ci ildən – bizim EP-300 kompleksi üçün onların xüsusi olaraq istehsal etdiyi, çox yüksək (2500 atm.) təzyiq altında işləyən güclü kompressorun quraşdırıldığı dövrdən başlayıb. Neft və kimya avadanlıqları istehsal edən bu müəssisədən biz hər il təxminən 200 min ABŞ dollarıhəcmində ehtiyat hissələri və avadanlıq – sentrofuqalar, rektifikasiya kalonları, soyuducu aparatlar, kompressorlar və onların hissələrini alırdıq. Sumı maşınqayıranlarının məhsulları olmadan bizim istehsalatı uzun müddət işlətmək mümkün olmazdı. Və onu da deyim ki, hazırladıqları avadanlıq və ehtiyat hissələrinin keyfiyyəti dünya standartlarına uyğun olduğundan hələ indiyədək onların məhsuluna heç bir iradımız olmamışdır.

Sumı maşınqayıranları öz yüksək istehsalçı reytinqlərini məsuliyyətlə, qətiyyətlə qoruyur, böyük bir Elm-istehsalat birliyi olmaqla məhsullarının texniki xüsusiyyətlərini ildən-ilə yaxşılaşdırır və davamlılığını artırırlar.Ukraynalı partnyorlarımızson illərdə bütün texniki parametrlərinə görə daha güclü və yüksək məhsuldarlığa malik kompressorların istehsalına başlamışlar.

Çox fərəhli haldır ki, Sumı maşınqayırma müəssisəsinin başında bir vaxtlar SSRİ kimi nəhəng bir ölkənin Neft və Kimya Maşınqayırması sənayesi naziri vəzifəsində çalışmış akademik Vladimir Matveyeviç Lukyanenko durur. Təkcə elə bu faktın özü həmin müəssisədə son illər aparılan böyük texniki yeniliklərin aparılmasından, geniş tərəqqidən xəbər verir. Onun bu sahədə zəngin təcrübəsi, yeniliyə yüksək meyli təkcə həmin müəssisənin yox, həm də biz sifarişçilərin xeyrinədir.

Yubileyə gəlincə deməliyəm ki, bu tədbirə dünyanın bir çox ölkələrindən nümayəndələr və qonaqlar dəvət olunmuşdu. Azərbaycandan həmin tədbirdə “Azərikimya”nın nümayəndələri kimi mən və zavodumuzun kompressor sexinin o vaxtkı rəisi Telman Məmmədovdan başqa “Azəriqaz”ın sədr müavini Nazim Səmədzadə və ”Azəriqaznəql” İB-nin baş direktoru Zaman Çələbiyev də iştirak edirdi. Tədbirdən əvvəl akademik V.Lukyanenko müxtəlif ölkələrdən gəlmiş nümayəndə heyətlərini şəxsən özü qəbul edirdi. O, digər ölkələrin nümayəndələri ilə tanışlığa rəsmi protokol üzrə 3-4 dəqiqə vaxt ayırsa da, protokol qaydalarını pozaraq, görüşə heç bir limit qoymadan bizimlə yarım saata qədər söhbət etdi. Sən demə, bunun əsas səbəbi heç də Azərbaycanla genişlənməkdə olan partnyor əlaqələri yox, xalqımızın dahi rəhbəri Heydər Əliyevə onun xüsusi rəğbəti, ehtiramı imiş…

Bizi çox səmimi, xoş əhvalla, gülərüzlə qarşılayan Vladimir Matveyeviç Azərbaycandakı, həmçininSumqayıtdakı vəziyyətlə, “Azərikimya”nın fəaliyyəti ilə maraqlandı. Və sonra… birdən söhbətin səmtini dəyişərək, əsas mövzuya – Ulu öndərimiz H.Əliyevlə bağlı söhbətə, onun üçün çox işıqlı olan xatirələrə keçdi. Və nümayəndə heyətimiz üçün yubiley tədbirində daha çox və ən xoş təəssüratla yadda qalan məhz akademik V.Lukyanenkonun dahi rəhbərimiz, xalqımızın əbədi lideri haqqında söylədikləri ürək sözləri, yüksək fikirlər, görüşləri ilə bağlı xoş xatirələr oldu.

Akademik V.M.Lukyanenkonun xatirələrindən:

– 1986-cı ildə mən SSRİ-nin Neft və Kimya Maşınqayırması Sənayesi naziri təyin olunmuşdum. Və mənim üçün çox xoş idi ki, bu sahəyə o zaman SSRİNazirlər Soveti sədrinin birinci müavini kimi məhz Heydər Əliyev rəhbərlik edirdi.

Çox prinsipial, qətiyyətli və işgüzar bir rəhbər olması, yüksək daxili enerjiyə, iti zəkaya və düşüncəyə malik geniş intellektli bir adam olduğu haqqında müəyyən məlumatım olsa da, hələ görüşməmişdik. Bir gün məni yanına dəvət elədi. Gülərüzlə qarşıladı və rəhbərlik etdiyim nazirliyin işi, problemləri ilə maraqlandı. Dedi ki, siz SSRİ-nin maşınqayırma sənayesinin ən vacib sahələrindən birinə rəhbərlik edirsiniz, orada isə hələ istifadə olunmamış böyük potensiallar var. Və o, bizim nazirliyin fəaliyyətində elə ciddi sahələrə və məqamlara toxundu ki, düzü,

onlar barədə ancaq bu sahənin yüksək ixtisaslı və səlahiyyətli rəhbərləri bu cür dəqiqliyi və təfərrüatı ilə söhbət apara bilərdilər. Mən həqiqətən hiss etdim ki, qarşımdakı şəxs heç də Siyasi Büronun qabaqcadan hazırlanmış yazılı çıxışlar üzrə danışan, mövzunun qoyulmuş çərçivəsindən kənara çıxanda çaşıb qalan üzvlərindən olmayıb, geniş təfəkkürə, çevik düşüncəyə, möhkəm özüllü dərin və hərtərəfli biliyə, savada malik, məlumatlı bir rəhbərdir. Onun hər bir sözü, cümləsi konkret fikirlə yüklənmişdi, onlar mənə hər bir vaqonu, hər bir çəni qiymətli məhsulla dolu olan ağır yük qatarını xatırladırdı.

Nazirliyə dair bəzi təklif və mülahizələrini bildirdikdən sonra dedi:

– Vladimir Matveyeviç, bilirsiniz ki, mən neçə illər Azərbaycana rəhbərlik etmişəm, respublikanın iqtisadiyyatının qaldırılması üçün bir çox genişmiqyaslı, səmərəli tədbirlər həyata keçirilib. Ancaq mənə elə gəlir ki, respublikanın maşınqayırma sənayesində hələistifadə olunmamış xeyli potensial imkanlar var, ancaq onların maşın parkı bugünün tələblərinə uyğun deyildir. Sizdən xahiş edirəm, vaxt tapıb, Azərbaycana gedəsiniz, respublikanın maşınqayırma kompleksinin vəziyyəti və fəaliyyəti ilə daha yaxından, bilavasitə tanış olub, öz fikir və təkliflərinizi mənə bildirəsiniz. Bu, son dərəcə vacibdir, çünki Bakı və Sumqayıtda neft və kimya sənayesi sürətlə inkişaf eləyir, maşınqayırma sənayesi də ona paralel olaraq inkişaf etməlidir.

– Baş üstə, Heydər Əliyeviç! – dedim.

Həmin anda fikrimə hakim kəsilən onun əsl insanlıq göstəricisi olan sadəliyi, səmimiliyi idi. Axı, elə böyük bir dövlət vəzifəsində çalışan adam “xahiş edirəm” demədən öz rəsmi göstərişini verə bilərdi və işin tam yerinə yetirilməsi üçün bu, kifayət idi. Ancaq yəqin ki yüksək, elitar mədəniyyəti, sadəliyi və səmimiyyəti onu amiranə tərzdə danışmağa qoymazdı.

Heç şübhəsiz ki, mən Heydər Əliyevin təklifinə əməl edərək, bir müddət sonra ilk dəfə olaraq Bakıya getdim. Azərbaycan həm də mənim nazir kimi işgüzar səfərə çıxdığım ilk İttifaq respublikası idi. O zaman Azərbaycanın Nazirlər Soveti sədrinin birinci müavini işləyən Artur Rəsizadə və respublikanın maşınqayırma kompleksinin rəhbəri Əli Qaraxanovla görüşərək, H.Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifə barədə məlumat verdim. Onlarla birgə Bakının maşınqayırma zavodlarını bir-bir gəzərək, hər bir müəssisənin texniki-iqtisadi göstəriciləri, istehsalat potensialı, maşın parkının vəziyyəti və s. ilə yaxından tanış oldum. Gördüklərim, şahidi olduqlarım məni xeyli təəccübləndirdivə təəssüfləndirdi.İlk növbədə ona görə ki, bu müəssisələrdə güclü mütəxəssis potensialı olsa da, texniki tərəqqi və yeniləşmə sanki Böyük Qafqaz dağlarına “ilişərək” qalmış, bura gəlib çatmamışdı. Həm də ona təəccübləndim ki, bu cür mənəvi və fiziki cəhətdən köhnəlmiş texnoloji avadanlıqlarda Bakı müəssisələri neft sənayesi üçün kifayət qədər böyük həcmdə və keyfiyyətli neftçıxarma avadanlıqları istehsal edirdilər. Ancaq bunu başa düşmək çətin deyildi ki, 1950-1960-cı illərin artıq sıradan çıxmaqda olan dəzgah parkı və texnoloji xətlərində yüksək keyfiyyətli məhsul əldə etmək hansı əziyyətlər, çətinliklər bahasına başa gəlir.

Təbiiki, gördüklərimdən Moskvaya pərişan halda qayıtmalı oldum. Səhərisi günü nazirlik aparatı üzrə geniş müşavirə keçirdim. Maşınqayırma müəssisələrinin yenidən qurulmasına, dəzgah parkının təzələnməsinə, texniki tərəqqiyə cavabdeh olan baş idarələrin rəhbərlərini ciddi tənbeh edərək, Azərbaycanın maşınqayırma sənayesinə olan belə laqeyd münasibətin səbəblərini araşdırmağa çalışdım. Təəssüf ki, belə xoşagəlməz fikirlər səsləndi ki, Bakıda işlərimiz artıq çoxdan zəif gedir, guya həmin müəssisələrdə texniki tərəqqiyə o qədər də maraq, meyl yoxdur, hətta guya onların bəziləri perspektivsizdir və s. Mən təəssüflə bildirdim ki, siz çox böyük səhvə yol verirsiniz və soruşdum ki, axı, hansı zəiflikdən, perspektivsizlikdən söhbət gedə bilər ki, Azərbaycan müəssisələri SSRİ-nin neft avadanlıqlarının təxminən 70 faizə qədərini verir. Siz hara baxırsınız? Müşavirə iştirakçılarına(təəssüf ki, onların arasında millətpərəstliyi, şovinizmi ilə seçilən ermənilər də vardı) göstərilən səbəblərin və gətirilən müddəaların özünümüdafiədən başqa bir şey olmadığını bildirərək, Azərbaycanın neft və kimya maşınqayırmasının potensial gücünü artırmaq, texniki tərəqqinin daha geniş tətbiqinə nail olmaq, zavodların maşın-dəzgah parkının təzələnməsi, modernləşdirilməsi üçün onların qarşısında qəti tələblər qoyaraq, təxirə salmadan ciddi işə başlamaq barədə müvafiq tapşırıqlar verdikdən sonra Heydər Əliyevin görüşünə getdim.

Heydər Əliyeviç məni kabinetində çox mehribanlıqla qarşıladı və səbrlə, lakin hiss olunacaq dərəcədə narahatlıqla Bakıya səfərimin nəticələrini, fikir və təkliflərimi dinlədi. O, Bakı müəssisələrinin texniki səviyyəsinin aşağı və zəif olmasından açıq-aşkar təəssüf hissi keçirərək, çox məyus oldu. Lakin vəziyyəti dəyişmək, Bakının maşınqayırma müəssisələrinin ən son və mütərəqqi texnologiyalar əsasında yenidən qurulması məqsədilə mənim nəzərdə tutduğum tədbirlər onda bir qədər nikbinlik yaratdı. Buna baxmayaraq, hələ də fikirli halda dedi:

– Vladimir Matveyeviç, mən Sizdən xahiş edirəm, Bakıdakı vəziyyəti, zavodların rekonstruksiyası, avadanlıqlarının təzələnməsi işlərini öz şəxsi nəzarətiniz altına götürün. Sizə hansı kömək lazımdırsa, edəcəyəm, təki Azərbaycanın maşınqayırma kompleksi müasir tələblər səviyyəsində yenidən qurulsun. Buna görə də gərək hər rübdə Bakıya gedib, bütün işlərin gedişinə şəxsən özünüz rəhbərlik edəsiniz.

Şübhəsiz ki, məndə özünə və Azərbaycan xalqına qarşı xüsusi ehtiram və rəğbət hissi oyatmış belə bir görkəmli şəxsiyyətin göstərişini yüksək səviyyədə yerinə yetirməyə çalışırdım. Düzünü deyim ki, bütün İttifaq üzrə işimin çoxluğuna və gərginliyinə baxmayaraq, mən hər 3-4 aydan bir nazirliyin bir-neçə mütəxəssisi ilə birgə Azərbaycana gedib, işlərin gedişi ilə, maşın və dəzgah parklarının yeniləşdirilməsi, rekonstruksiya işləri ilə yerindəcə tanış olurdum. Bir-neçə ay ərzində Bakının əksər maşınqayırma zavodlarını həm SSRİ, həm də xarici ölkə müəssisələrinin istehsalı olan ən mütərəqqi texnologiyaya malik alət və avadanlıqlarla təmin etmək üçün nazirliyimizin bütün qüvvələrini səfərbərliyə aldım. Və biz qısa bir müddətdə Bakı müəssisələrini o qədər həcmdə avadanlıqla təmin etmişdik ki, məndə olan son məlumata görə, hətta SSRİ dağıdıldıqdan xeyli sonra da həmin avadanlıqların göndərildiyi konteynerlərin bir çoxu zavodların həyətində, açılmamış vəziyyətdə qalmışdı.

Maşınqayırma zavodlarının texniki cəhətdən yenidən qurulduğunu gördükcə sevinir və bu barədə hər dəfə Heydər Əliyevə məlumat verirdim. Görürdüm ki, o, istəyinin yerinə yetməsindən nə dərəcədə böyük fərəh duyur. Hiss edirdim ki, o, öz doğma xalqını, Azərbaycanı necə böyük məhəbbətlə, kövrək duyğularla sevir, Vətninin hər bir uğuruna qəlbən sevinir.

Və mən deyərdim ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun dahilər zirvəsində duran Heydər Əliyev kimi görkəmli övladı olub. Heydər Əliyev də xoşbəxt idi ki, onun bu cür qədirbilən, onu ürəkdən sevən, qəlbində yaşadan xalqı var.

Qələmə aldı:

Rəhman ORXAN.

Şəkillərdə: akademik V.Lukyanenko Azərbaycandan gəlmiş kimyaçı qonaqlarına

Heydər Əliyevlə bağlı xoş xatirələrini danışmaqdan böyük məmnunluq duyur.

Ulu öndərin Vətəninə və xalqına olan böyük məhəbbətinin  bizlərə məlum olmayan, gizli qalmış təzahürləri

Ulu öndərin Vətəninə və xalqına olan böyük məhəbbətinin  bizlərə məlum olmayan, gizli qalmış təzahürləri

Ulu öndərin Vətəninə və xalqına olan böyük məhəbbətinin  bizlərə məlum olmayan, gizli qalmış təzahürləri

Ulu öndərin Vətəninə və xalqına olan böyük məhəbbətinin  bizlərə məlum olmayan, gizli qalmış təzahürləri

Ulu öndərin Vətəninə və xalqına olan böyük məhəbbətinin  bizlərə məlum olmayan, gizli qalmış təzahürləri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər