Ürəklərdə əbədi yaşayan dahi şəxsiyyət

3160

Tarix yalnız dahi şəxsiyyətlərin nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı dünya tarixinə neçə-neçə böyük mütəfəkkirlərlə yanaşı, Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah kimi qüdrətli dövlət xadimləri də bəxş etmişdir.
Əsrlər keçdikdən sonra – XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk, Vaşinqton, Nehru, De Qoll kimi nadir tarixi simaların sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu.
Dünya tarixinin başqa tarixi şəxsiyyətləri kimi, Heydər Əliyev də öz xalqının, doğma Vətəninin müqəddəratının həll olunduğu çox çətin mübarizələrlə, kəskin ziddiyyətlərlə və ağır sınaq məqamları ilə dolu olan bir dövrdə – XX yüzilliyin doğurduğu tarixi şəraitdə yetişmişdir.
Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmiş dahi şəxsiyyətdir. Azərbaycan xalqının yarım əsrdən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun mübarizə yolu ilə, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. O öz xalqının bağrından qopub gələn Azərbaycanlıdır, öz yurdunun, doğma torpağının misilsiz təəssübkeşidir. Heydər Əliyev öz xalqının dahi oğlu olmaqla yanaşı, həm də dünyanın ən qüdrətli tarixi simaları sırasına yüksəlmiş nadir şəxsiyyətdir, ümumdünya tarixinin azərbaycanlı dahisidir.
Heydər Əliyev fenomeninə, tarixi xidmətlərinə, xilaskarlıq və quruculuq missiyasına müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri çox yüksək qiymət veriblər. Azərbaycan tarixinin 34 illik dövrü yaddaşlarda məhz Heydər Əliyev epoxası, böyük quruculuq illəri kimi qalıb.
Tarix ulu öndərimiz Heydər Əliyev kimi dahi insanları yüz ildən, bəlkə də min ildən bir yetirir. Onun ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqisi təmin edilib. Heydər Əliyev olduqca uzaqgörən, iti zəkaya, sağlam və məntiqi düşüncəyə malik bir insan idi. Ulu öndər Azərbaycan tarixində yeni parlaq səhifə açmış nadir şəxsiyyətdir. Bu müdrik insan xalqımızın əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlərlə yanaşı, bəşəri dəyərlərin də daşıyıcısı idi. Dünyanın məşhur ictimai, siyasi xadimlərinin, dövlət adamlarının Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə yüksək qiymətin, göstərilən ehtiram və heyranlğın ifadəsidir. Moskvanın keçmiş meri Yuri Lujkov “Biz Heydər Əliyevin həm öz xalqı üçün, həm də başqa xalqlar üçün gördüyü bütün işləri heç vaxt unutmayacağıq”. Amerika tarixçisi O. Aldstad “Bütün güclü şəxsiyyətlər kimi Heydər Əliyev hamını öz arxasınca apara bilir”, Türkiyəli professor Yəhya Taşdələn “Heydər bəy bizim başqanımızdır. O, bizim Atatürkümüzdür” – demişlər. Ulu öndərimizin parlaq, təkrarsız şəxsiyyətini səciyyələndirən bu sözlərdən hər bir azərbaycanlı haqlı olaraq hədsiz qürur hissi duyur.
Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siaysi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da vardır ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Buna Allahdan lider deyirlər. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.
Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi. Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. Siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara- zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Nəhəng siyasətçi Heydər Əliyev kimi. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intelekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi.
Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü biruzə vermişdi.
Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi, hər cəhətdən ölçülüb biçildiyindən ətrafdakıları heyrətləndirmiş, siyasət aləminin patriarxı adını qazandırmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırdılar. Onun siyasətinin gücü – siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçüb-biçilmiş qərarlarında, qətiyətliliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxartmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və fenomenal şəxsi keyfiyyətlərində idi.
Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini əvvəlcədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi və nə zaman deməyi, hansı addımı nə vaxt atmağı zərgər dəqiqliyi ilə bacarırdı. Ulu öndər qeyd edirdi ki, “biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun”. Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu.
Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Onun ağıllı və uzaqgörən siyasətində hər şeyin öz yeri və vaxtı var idi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin , ölçüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, qətiyyətli rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. İnanmaq çətindir ki, dünyada xalqa bu qədər yaxın ikinci bir siyasətçi olar.
Adətən insanlar zamanın ardınca gedir. Yalnız dahilər zamanı qabaqlayırlar. O, zamanı qabaqlamağa qadir şəxsiyyət idi. Qısa zaman kəsiyində dünyanın nəhəng dövlətlərinin mənafeyini Azərbaycanda birləşdirdi. Dövlət qurdu, dövlətçiliyi möhkəmləndirdi, vətəndaş cəmiyyətini formalaşdırdı.
Ulu yaradan ona çox şey vermişdi; fenomen yadaşı, dərin təhlil qabiliyyətini, öz xalqına, vətəninə bağlılığı, sadəliyi, dözümü, bəlağətli nitqi, hətta yaraşıqlı boy-buxunu. Və nəhayət tarix yaratmaq bacarığını…
Bu gün ölkəmiz bu siyiasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Elmar Xəlilov
Sumqayıt Dövlət Universitetinin dosenti,
tarix üzrə fəlsəfə doktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər