Uşaq intiharlarından sığortalanmaq üçün nə etməli?

1306

inteharValideynlərin nəzərinə…

İntihar barədə dəfələrlə yazmışıq. Mətbuatda tez-tez belə bir ifadə işlədilir: “Azərbaycanda intihar hallarının “cavanlaşması” prosesi gedir”. Nə qədər acınacaqlı olsa da, bu fraza ilə razılaşmalı oluruq. Belə ki, 2009-cu ildə uşaqların intiharı ilə bağlı 29 hadisə qeydə alınıb. Hələ həyatının ən gözəl çağını yaşayan uşaqlarımızı özünüqəsdə sürükləyən nədir? Tərbiyədəmi, təhsildəmi, ümumiyyətlə, hansı sahədə səhvə yol veririk?

Bu haqda bir çox ekspertlər müxtəlif fikirlər söyləyib. Elə səbəblər də fikirlər kimi müxtəlifdir. Böyüklər arasında baş verən intiharların səbəblərinə ağır və uzun sürən xəstəlik, ağır maddi durum, narkotik maddələrdən asılılıq və s. daxildir. Adətən qayğısız sandığımız uşaqların intihara meyil etməsinə səbəblər isə həm acınacaqlı, həm də düşündürücüdür.

Uşaqların intiharları ilə bağlı istintaq prosesləri də ehtiyat tələb edir. Məsələn, özünə qəsd edən qızdırsa, bu zaman fikirləşilir ki, onu buna təhrik edən amil nədir? Bu, çox diqqət tələb edən bir məsələdir. Çünki diqqətlə yanaşanda aşkar olunur ki, həmin şəxsi özünü öldürmə həddinə çatdıran səbəb kimləsə bağlıdır. Həmin kimsə o uşağın həm ata, həm ana, həm sinif yoldaşı, həm də rəfiqəsi ola bilər. Digər tərəfdən psixikasında problem olan, ona qarşı gizli şəraitdə törədilən zorakılıq hadisəsi də uşağı ölümə məcbur edə bilər.

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov belə hesab edir: “Uşaqlar zəif təbəqədir, onların mənliyi çox zəif olur, hər şeyi qəbul etmirlər. Ola bilər ki, böyüklər hər sözü qəbul edə bilərlər, uşaqlar isə qəbul etmirlər. İntiharlar müəllimin, valideynin uşağa həssas yanaşmamağından irəli gəlir, uşaqlara yanaşma incə, mülayim olmalıdır”.

Psixoloq Samir Əhmədov isə başqa bir məqamı önə çəkir. Onun fikrincə, məsələn, uşaq kinoya baxır və görür ki, kimsə kimisə sevir və sevgisi cavabsız qaldığı üçün özünü haradansa ataraq, asaraq, yaxud zəhərləyərək intihar edir. Bu, onun üçün pis bir nümunə ola bilər. Psixoloq hesab edir ki, əgər uşaqlarda anadangəlmə psixi travma varsa, bu da intiharda mühüm rol oynayır. “14 yaşına qədərki dövrdə uşaqlar hələ yetkinlik yaşına çatmamış olurlar. Bu dövrdə uşaqlarda inkişaf daha güclü gedir və orqanizmlərində tam şəkildə dəyişiklik əmələ gəlir. Bu dəyişiklik zamanı orqanizmdə hər şey dəyişir. Onların xasiyyətləri, davranışları, yeməkləri dəyişir, çox vaxt stressləri də olur”, – deyə S.Əhmədov qeyd edir.

Sosioloq və psixoloq Elnur Ağayev də hazırda telekanallarda nümayiş olunan qorxulu filmlərdə, teleseriallarda bir sıra süjetlərin intiharlara səbəb ola biləcəyini vurğulayır: ”Tutaq ki, kinoların hansındasa qəhrəman intihar edir, bu da hər hansı bir uşağın, yaxud da uşaqların intiharına gətirib çıxarır. Ola bilsin ki, o uşaqlar öncədən intiharyönümlü olurlar və intihara hər hansı səbəb, stimul lazım olur. Belə amillərdən biri də kinofilmlər ola bilər. Hal-hazırda telekanallarda senzura yoxdur, halbuki, televiziya insanlara kütləvi və əsaslı təsir edən bir vasitədir. Ona görə də incə məqamlar mütləq nəzərə alınmalıdır. Məsələn, uşaq hələ bağçadadır, gəlir evdə hansısa döyüş filminə baxır, ertəsi gün bağçada stulu öz yoldaşının başına vurur. O uşaq fikirləşir ki, kinodakı qəhrəman belə edirsə, mən niyə etməyim? Axı o da özünü öz aləmində qəhrəman sayır”.

Daxili İşlər Nazirliyinin rəsmisi Ruslan Rəsulbəylinin verdiyi məlumata görə, uşaq intiharları daha çox rayonlarda baş verir. Səbəblər isə müəmmalıdır: “Uşaqların intiharları ilə bağlı aparılan araşdırmalar zamanı özünə qəsd edən uşaqların ailəsi, sinif yoldaşları ilə ciddi problemi olmadığının şahidi oluruq. Bu da bizim üçün müəmmalı məsələ kim qalır”.

Azərbaycan Milli Valideyn-müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova isə belə düşünmür, daha doğrusu, ailənin qeyri-müqvəffəq qurulmasını uşaq suisidlərində ciddi faktor hesab edir. Onun fikirincə, intihar hallarına görə əsas risk qrupuna uğursuz ailələrdə olan uşaqlar daxildir. Digər tərəfdən o, özünə qəsd edənlər arasında nümunəvi uşaqların olmasını da önə çəkir, bunu isə həmin uşaqların özünəqapalı olması ilə bağlayır.

Psixoloq Asəf Kərimovun fikirləri də digər həmkarları ilə oxşarlıq təşkil edir. O da intihar hallarının sayının artan xətlə yüksəlməsini uşaqların psixoloji durumu, onların zorakılığa məruz qalması və valideynlərin övladlarına həssaslıqla yanaşmamağı ilə əlaqələndirir.  Psixoloqun fikrincə, günümüzdə uşaqların psixoloji xidmətlərdən istifadəsi yetərincə deyil: “Dövrümüzdə valideyn-məktəb əməkdaşlığı çox zəifdir, uşaqların mobil telefondan, internetdən və zorakılığı təbliğ edən oyunlardan istifadə etməsi də onların psixoloji durumuna çox mənfi təsir göstərir. Hesab edirəm ki, intihar hallarının azaldılması üçün geniş maarifləndirmə işinin aparılmasına və uşaqlara göstərilən psixoloji yardımın gücləndirilməsinə böyük ehtiyac var”.

Ombudsman Aparatının əməkdaşı Zaur Zamanov da intihar edən uşaqların əksəriyyətinin zorakılığa məruz qaldığını bildirir. Onun sözlərinə görə, uşaqları intiharlardan çəkindirmək üçün istər orta məktəbdə, istərsə də ailələrdə psixoloqun əməyindən bəhrələnmək lazımdır. “Məktəblərdə sosial işçilər institutunun formalaşdırılması uşaqların intihar hallarının sayının azalmasına ciddi təsir edə bilər”, – Z.Zamanov bildirir.

Sonda bir daha xatırlatmaq istərdik ki, 2009-cu ildə uşaqların intiharı ilə bağlı 29 fakt qeydə alınıb ki, bu da 2008-ci illə müqayisədə 30% çoxdur. 2008-ci ildə bu rəqəm 20 nəfər təşkil edib. Həyəcan siqnalının çalınması vaxtı çatıb, bəlkə də keçib.

Elvin, “168 saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər