Uşaqlar niyə tez-tez xəstələnir, xərçəng niyə yayılır?- Tanınmış pediatrdan mübahisələrə son qoyan açıqlamalar

2874
Pediatr Vaqif Qarayev Medicina.az-a müsahibə verib. O, müsahibəsində yeni tədris ili öncəsi uşaqların səhhətində baş verə biləcək dəyişikliklərdən, uşaq sağlamlığında valideynlərin yol verdiyi səhvlərdən və uşaqlarda onkoloji xəstəliklərə yol aça biləcək səbəblərdən danışıb.
Həkimlə müsahibəni təqdim edirik:
 Bizdə isə bineyi-qədimdən millət olaraq həkimə, təbabətə, müalicəyə qəribə bir münasibətimiz var,
bu da hələ ki, dəyişməyib.
 
-Həkim, biz məktəblərdə sovet dövründəki kimi mantu sınağının qoyulmadığını öyrəndik. Bu sınaq artıq valideyn-sahə həkimi, pediatr məsuliyyətinə qalan məsələdir. Vərəmli uşağın diaqnozundan xəbərsiz bağçaya, məktəbə getməsi qədər təhlükəli heç nə yoxdur. Pediatriyada bu məsələ necə nəzarətdədir və nələr olunmalıdır?
– Azərbaycanda vərəm üzrə vəziyyət elə sovet illərindən ürəkaçan olmayıb. Amma bu sahədə xeyli stasionar və xəstəxanamız var, yəni tədbirlər görülür.   Vərəmi aşkar etmək vəzifəsi bu gün bilavasitə poliklinika, sahə həkimləri və valideynlərin üzərindədir.
Vərəmə şübhələndikdə diaqnoz üçün 2 sınaq var: Mantu sınağı və DiaKintest. Amma son zamanlar dünya səhiyyəsi qeyd edir ki, mantu sınağı o qədər dəqiq metod deyil. Çünki allergik uşaqlarda mantu müsbət çıxa bilər, bu o demək deyil ki, vərəmdir. DiaKintestin səhv etmə faizi çox aşağıdır. Bildiyim qədəri ilə bu test bizdə ildə 1 dəfə aparılır.
Bir neçə il əvvəl mantu ilə bağlı ajiotaj yarandı. Ölüm faktları oldu, bunu mantuya bağladılar. Valideynlər indi bu məsələdə çox həssasdır. Nəsə olsa, mantudan biləcəklər. Amma mən bu neçə illik təcrübəm müddətində də, sovet dövründə də mantudan ciddi reaksiya, ölüm halı görməmişəm.
Sovet vaxtı bəli, 18 yaşına kimi hər il məktəblərdə, poliklinikalarda mantu sınağı qoyulurdu. İndi bu işlə məşğul olmuram, bilmirəm bütün uşaqlar olunur, ya yox. Məktəblərdə olunmursa da, poliklinikalarda edilir.
Pediatr olaraq, uşaqda bəzi simptomlar olanda, göndərirəm mantuya. DiaKintest daha praqmatikdir. Vərəmə şübhə varsa, heç müzakirə mövzusu olmadan,  valideynin istəyinə də bağlı olmadan, mütləq sınaq olunmalıdır.
Vərəmin əlamətləri bunlardır: tez-tez qızdırma, arıqlama, iştahsızlıq, halsızlıq, tərləmə. Valideynlər bu əlamətləri gördükdə mütləq həkimə müraciət etməlidir. Oturub gözləməməlidirlər ki, poliklinika çağıracaq.
 Valideynin məsuliyyəti olmalıdır. Bütün dünyada bu belədir. Uşağın sağlamlığında birinci növbədə valideyn məsuliyyət daşıyır. Digər ölkələrdə analar-atalar çox informativdir, həkim qədər bilirlər, maraqlanırlar, vaxtında peyvəndlər olunur, həkim müayinəsindən keçirlər. Bizdə isə bineyi-qədimdən millət olaraq həkimə, təbabətə, müalicəyə qəribə bir münasibətimiz var, bu da hələ ki, dəyişməyib.
 Hansı həkim ki, birbaşa valideynə məsləhət görür, uşağı peyvənd etdirmə, zərərlidir,
onun özü cinayət törədir.
-Son illər peyvənd tərəfdarları və əleyhdarları arasında mübahisələr  də artıb. Tanıdığım çox valideyn uşaqlarını bilərəkdən peyvənd etdirməyib. Sizin peyvəndə münasibətiniz?
– Mən şəxsən peyvənd tərəfdarı olan həkiməm, bu mövzuda çox yazıram, valideynləri peyvəndə çağırıram. Sovet dövrünü götürsək, o vaxt əhalinin, uşaqların vaksinasiyası sovet səhiyyəsinin strateji qolu idi. Məcburi vaksinasiya olunurdu. Peyvənd cədvəlinə düşən xəstəliklər, infeksiyalar çox təhlükəlidir. Bir nəfərdən bütün bağça, məktəb qısa müddətdə yoluxa bilər. Onun müalicəsi ilə belə deyək uğraşmaq da çətindir, vaxt aparır, ölüm faizi də yüksəkdir. Qızılca, difteriya, məxmərək, su çiçəyi–dünya tibb ədəbiyyatı bu xəstəlikdən qorunmağın bir yolunu göstərir- Peyvənd.
İndi biz ağıllı çıxmışıq, guya, çox bilirik. Sarı mətbuat da gündə bir şey yazır, dezinformasiya yayılır. Peyvənddən uşaq öldü, xəstələndi, autizm oldu, peyvənd vurulmayanlar sağlamdır. Boş-boş söhbətlərdir.
Bir mif də var: həkimlər öz uşaqlarını peyvənd etdirmir. Tamamilə absurddur. Həkim öz uşağını qızılcadan, su çiçəyindən, poliomielitdən necə qoruyacaq bəs? Hansı həkim ki, birbaşa valideynə məsləhət görür, uşağı peyvənd etdirmə, zərərlidir, onun özü cinayət törədir.
 O həkimə bir sual verirəm: valideynə difteriya, qızılcadan qorunmaq üçün nə məsləhət görürsüz? Cavab yoxdur.
Canlı şahidi olmuşam, ölkəmizdə müharibə gedən 1992-93 –cü illərdə, uşaqlar tibbi baxımdan nəzarətsiz qaldılar, peyvəndlər olunmadı, çox pis vəziyyət yaranmışdı. Difteriya yayıldı. Difteriyanın ağırlaşması ölümcül olur.  Bunları gözü ilə görən insan necə deyə bilər ki, peyvənd nəyə lazımdır?  ” Svinka” kimi tanınan Qulaqdibi xəstəliyi gələcəkdə sonsuzluğa səbəb ola bilər, onun də peyvəndi var. Bunları bilən həkim, necə peyvənd etdirməyin deyə bilər?
Mən də, ətrafımdakı həkimlər də övladlarını, nəvələrimizi də peyvənd etdiririk. Mən dünya tibbi elmi nəşrlərini oxuyuram. Hələ bir elmi sübut, təcrübə yoxdur ki, camaat arasında gəzən bu şayiələri təsdiqləsin. Halbuki elmi araşdırmalar aparılır, sübut olunmur, olunmayacaq da.
Valideynlər peyvənd inyeksiyalarının keyfiyyətindən şübhə edirlər, narazıdırlar, yəni yaxşı peyvənd zərdabları gəlmir. Sovet vaxtı bir zavoddan peyvəndlər alınırdı, bütün respublikalar ondan istifadə edirdi. İndi də həmin zavod var. Məsələ ondadır ki,  Rusiyada bu gün insanlar öz istehsal etdikləri və sovetin vaxtından mövcud o zavodun peyvəndinə inanmır, peyvənd etdirmək istəmir. Bunu da anlamaq çətindir. Dünya Səhiyyə Təşkilatı elan etdi ki, Avropada, Ukraynada qızılca çox yayılıb. Ukraynada müharibə şəraiti olduğundan uşaqlar nəzarətsiz qaldı, infeksiyalar yayıldı. Müharibə olan ölkədə bu xəstəliklər tüğyan edir.
Göy öskürək ara-sıra yayılır, aktivləşir.  Valideyndən soruşuram, buna qarşı peyvənd olunub? Yox. Niyə? Vaxt olmadı, qohumlar belə dedi, qonşu dedi eləmə, filankəs etməyib. Bəs nə oldu. İndi sənin uşağın göy öskürəkdir, tam sağalması üçün aylar lazımdır, bu qədər müalicə, dərman. Hansı daha asan idi?
Amma bir şərt də var. Peyvənd yalnız sağlam uşaqlara olunmalıdır. Yəni peyvənd olunan vaxt uşaq sağlam olmalıdır. Məsələn, qızdırması olan uşağa qətiyyən olmaz  Xəstəlik sağalandan sonra peyvənd oluna bilər.
Sabah sənin uşağın xəstələnib məktəbə, bağçaya gələndə mənim uşaqlarımı yoluxduracaq.
Bəs mənim övladımı kim qoruyacaq?
-Bəs talassemiyalı, ya başqa genetik xəstəliyi olan uşaqlara peyvənd olunmalıdırmı?
– Avropada uşaq doğulan kimi “topuq testi” deyilən analiz olunur. Bu zaman 5 əsas genetik xəstəliyin diaqnozu qoyulur, artıq doğulanda bilirlər ki, bu uşağın hansı problemi var, müalicəsi olunur.  Mən əcnəbi həkimlərdən soruşuram, onlar peyvənddən öncə çətin xəstəliklərin analizini aparmır, çünki artıq əllərində bu haqda məlumat var. Azərbaycanda pediatrlardan istənilir ki, uşağı hərtərəfli müayinə edək, genetik xəstəlikləri də tapaq, sonra peyvəndə qərar verilsin. Etiraf edək ki, bunu da hər zaman etmək olmur. Bizdə də topuq analizi eşitdiyimə görə tətbiq olunacaq.
Amma yenə də həkim peyvənddən öncə uşağı rutin müayinələrdən keçirməlidir. Qanın ümumi analizi həkim üçün çox geniş informasiya verə bilər. Orda bu uşaqda nə var,  nə yox görmək olar. Qanda problem varsa, daha dərin müayinələr aparılmalıdır.
-Hepatitlərə qarşı  da peyvəndlər var, uşaqlara olunmalıdırmı?
-Bir neçə il əvvəl Hepatit C dünyanı cənginə almışdı, indi hepatit B, ağırlaşmaları da çoxdur. Ona görə uşaqlara hepatitə qarşı peyvəndin olunması mütləqdir. Bundan qaçış olmamalıdır.
 Bir məqama təəssüflənirəm ki, sovet vaxtı təqvim vaksinasiyası məcburi idi. İndi isə azad seçimdir. Valideyn yazır ki, mən istəmirəm vəssalam. Mən həmişə o valideynə deyirəm, axı sən öz uşağına görə cavabdehsən, peyvənd də etdirməmisən. Sabah sənin uşağın xəstələnib məktəbə, bağçaya gələndə mənim uşaqlarımı yoluxduracaq. Mənim övladımı kim qoruyacaq? Məsələ budur. Faciə budur.
Ona görə camaat çətin seçim qarşısındadır.
-Son zamanlar nə qədər körpələrin, uşaqların ağır xəstəliklərə, qaraciyər, beyin, qan xərçənginə tutulması barədə xəbərlər eşidirik, müalicəsi üçün yardım aksiyaları görürük. Həkimlik təcrübəniz, intuisiyanız azərbaycanlı uşaqların bu cür ağır xəstəliklərə tutulmasının səbəbini nədə görür? Biz harda səhv edirik?
-Leykoz, onkoloji xəstəliklər bəli, yayılıb, həkim olanda nə olar, bizim də ürəyimiz ağrıyır.
Valideynlər çox diqqətli olmalıdır. Xəstəliyi vaxtında, erkən aşkar etmək üçün uşaqda bu əlamətlərə fikir verilməlidir: davamlı baş ağrıları, yorğunluq, məktəbyaşlılarda dərslərə etinasızlıq, yaddaşsızlıq, gəzəndə tez yorulmaq, rəngi avazımaq, limfa vəzilərində şişkinlik olarsa, dərhal həkimə müayinəyə aparılmalıdır. Davamlı baş ağrıları beyin şişlərinə, limfa vəzilərindəki şişkinlik isə qan xərçənginə şübhə yaradır.
 Bəzən təsadüfən başqa şikayətlə xəstə gəlir, qarın boşluğunda ağrı var, USM olunanda orda hər hansı orqanda şiş görülür. Ona görə profilaktik tibbi müayinələr mütləqdir. İldə 2-3 dəfə bu müayinələrdən keçmək lazımdır.
Camaatı da çox qınamıram. Hələ bizdə tibbi sığorta olmadığına görə müayinə səviyyəsi də aşağıdır. Elə icbari tibbi sığortanın da mahiyyəti budur ki, insanlar həkimə çəkinmədən, cibindəki pulu, imkanı düşünmədən getsin. İndi valideyn risk etmir, maddi durumu aşağıdır.
Niyə leykoz artır? Bu bütün dünyanın problemidir. Səhiyyə təşkilatının materiallarına baxırıq. İnsan sağlamlığının 15%-i təbabətdən asılıdır. Qalan ekoloji, qida, həyat tərzi faktorlarıdır. Əslində sağlam uşağın kökü anadan gəlir, hamiləlikdən başlayır. Analarımız sağlamdırmı? Ən böyük problem budur. Bizdə uşaq dünyaya gətirməyə primitiv iş kimi baxırlar. Analar ailə qurmazdan əvvəl, hələ hamilə olmadan hərtərəfli tibbi müayinədən keçməlidirlər.
Avropada ana sağlamlığı birinci yerdədir. Bizdə hələ də 100 il əvvəlki qanunlar hökm sürür. Qız uşağını ginekoloqa aparmaq olmaz, oğlan uşağı nədir, həkim nədir. Hamının gözündə öz uşağı Koroğludur. Soznsuzluq getdikcə çoxalır. İndi kişi sonsuzluğu daha çoxdur. Elə xəstəliklər, infeksiyalar var uşaqlıqda, gənc olanda vaxtaşırı müayinədən keçsə aşkarlansa müalicə alar, sağalar, sonsuzluqla üzləşməz, doğulan övladı da sağlam olar.
Bizdə ərə getmək istəyirlər, evdə qalmayım, tez uşaq olsun,
qalanı da Allah kərimdir, bir də həkimin boynuna.
-Valideynlərin uşaqlarının sağlamlığına münasibətində sizi narahat edən əsas məsələlər hansılardı?
-Birincisi qidalanma, son dərəcə pisdir. Bütün dünya ana südünün vacibliyinin təbliğatını aparır. Amma ananın südü olsa da, doğum evlərində əlavə qida kimi uşaq yeməklərini tövsiyə edirlər. Bunu valideynlər deyir, inanıram. Amma gənc analar çox zaman özü süd verməkdən imtina edir. Bu cinayətdir. Dünyada belə bir şey yoxdur ki, ana övladını yedirtməsin. Bizdə ərə getmək istəyirlər, evdə qalmayım, tez uşaq olsun, qalanı da Allah kərimdir, bir də həkimin boynuna.
Gənc qızları ana kimi hazırlamırlar. Ana necə olur, niyə olur, süd vermək niyə mütləqdir? 30 il əvvəl işləyəndə yanıma gələn qadınlar bəli savadsız idi, çox şey bilmirdi. İndi hər cür informasiya var, savadlıdırlar, oxumuş qızlardır, amma elə bil 30 il əvvəlki qadınlar kimidirlər, sanki heç nə dəyişilməyib.
Sənin südün varsa, lap həkim yazsa da, qonşu desə də, sən niyə uşağına başqa süni qida verirsən? Başqasının sözünə qulaq asırsansa, deməli ağlın yoxdur.
Avqust ayında uşaq gətirirlər, uşaq bürünüb, isti geyindirilib. Ən böyük problem uşağın hava almamasıdır. Uşaqlar evdə, qapalı şəraitdə böyüyür. Hava deyəndə deyir ki, balkona çıxartdım, 15 dəqiqə həyətdə gəzdirdim. Hansı həyətdə? Asfaltda gəzib maşın havası uddu?
Hələ uşaq doğulmazdan ana bətnində problemlərlə üzləşir, normal doğulmur. Sonra da ata-ananın ağılsızlığı, laqeydliyi, qohum-qonşunun fikirləri uşağı məhv edir.
İnternet xəstəliyi var. Oturub guya oxuyur, öyrənir. Söz deyirsən, deyir axı internetdə belə yazılıb. Hansı saytda, hansı mənbədə?. Azərbaycanca ümumiyyətlə məlumat bazası yoxdur. Əhalinin sanitar maariflənməsi yox səviyyədədir.
-Müasir analar uşağı həddən artıq steril saxlayırlar, hər şeyi təmiz olsun istəyirlər, otağa hava dəyişdirici qoyurlar, əlini heç nəyə vurmasın… Bu dərəcədə sterillik əksinə, ağır xəstəliklər yaratması barədə iddialar ver…
-Bəli, uşağın palçıqda oynaması, qum, torpaqla təması, heyvanların əhatəsində olması, sterillikdən bir az uzaq olmasının faydaları barədə təbabətdə fikirlər var. İmmunitetdə antitellər yaranır. Çox həkimlər də yazır ki, qızdırmanı salmağa çalışmayın, müəyyən həddə qədər hətta faydası var. Bunu sübut etmək olar. Amma mən bu gün qızdırmalı uşaqla yanıma gələn hansı valideynə deyə bilərəm ki, get gözlə, özü düşəcək. Valideyn adamın gözünü çıxarır ki, qızdırmanı sal, dərman yaz.
İnsanları başa salmaq çətindir. Tibbi baxımdan sübut olunub ki, hamilə vaxtı evdə ev heyvanları, it-pişik varsa, artıq doğulacaq uşaqda o heyvanlara qarşı antiteli yaranır. Bunun elmi izahı var. Bilirsiz, bizdə pediatr kimi çalışmaq və valideynə sözünü çatdırmaq çox çətindir.
Uşaqları evdə, otaqda böyütmək olmaz. Uşaq çöldə, bayırda olmalıdır. Çox adamla, bitki, heyvanla təmasda olmalıdır. Yanıma uşaq gətirirlər, üst-üstə geyindirilib, ağzı şərflə bağlanıb, başında papaq. Bu uşaq necə hava alsın. Uşaq ağız-burnundan normal nəfəs ala bilmir.  Uşağın dərisi nəfəs almalıdır.
Şəhərdə yaşayanlar uşağı doğulandan təbiətə çıxarmalıdır. Ona görə kənd uşaqları şəhər uşaqlarından dözümlü olur. Normal hava olan kimi uşağı çölə çıxarın.
Bir dərsə, məktəbə görə uşağın şəxsiyyətini, psixikasını, sağlamlığını pozmağa dəyməz.
Guya bütün qiymətlər yaxşı olanda nə olur ki, nə dəyişir?
-Məktəbə ilk dəfə gedən uşağın birdən-birə evdən kollektivə düşməsi, immunitetinin yeni nələrləsə tanış olması onu mütləq xəstələndirir. Sizcə 1-ci sinif şagirdinin ilk 1 ildə tez-tez xəstələnməsi normal hesab oluna bilər?
-Belə deyim, məktəbdən öncə bağçaya getmək çox vacibdir. Uşaq məktəbə qədər kollektiv mühiti görməlidir. Uşağın psixoloji inkişafında rol oynayan bağça qədər yaxşı vasitə yoxdur. İştahsız, yeməyən uşaq bağçaya gedəndə yeyir, rahat  yatır. Çünki digər uşaqlara baxır, təkrarlayır. Uşaq çox yaxşı inkişaf edir.
Tez-tez xəstələnən, ev içində çox olan, ancaq valideynin üzünü görən uşaq bağçaya, məktəbə gedəndə dərhal xəstələnə bilir. Ona görə belə uşaqları bağşaya aparanda tədricən öyrəşdirmək lazımdır. 1-2-3 saat bağçada qalır, sonra evə gəlməlidir. Beləcə zamanla alışır. Məktəbəqədər hazırlıq kurslarının da çox təsiri var.
Məktəb qədər uşağa stress yaşadan ikinci səbəb yoxdur. Oktyabrdan başlayır valideyn şikayətləri: uşaq yorulub, yuxusu pozulub, yemir, əsəbidir.
Valideyn uşağı məktəbə qoyanda istəyir ki, uşağı sinifdə hamıdan yaxşı oxusun. Hər kəs Eynşteyn ola bilməz ki. Uşaq birdən –birə elə yük altına girir ki, nə baş, nə psixologiya, nə immunitet dözmür. Uşağım savadlı olsun deyə onu yormaq, incitmək olmaz. Yazıq uşaq heç partada oturmağı öyrənmədən yüklənir. Sinifdə müəllimlər də uşağın fərdi xüsusiyyətlərinə görə yanaşmalıdır. Məktəbə adatpasiya bir qədər uzun çəkə bilər.
Məktəbə hazırlıq evdən başlamalıdır. Valideyn uşaqla birgə məktəbə başlamalıdır. İndi məktəblər, proqramlar  uşaqların psixikasını, sağlamlığını pozmağa yönəlib. Mən də görürəm, nəvələrimin dərsini heç mən anlaya bilmirəm. Bu halda valideynlər gərək uşağı anlayışla qarşılasın, yormasın, danlamasın.  Psixi təsir etdikcə, o uşağın əsəbi pozulacaq. Uşaq nə qədər oxuya bilirsə, o qədər oxuyacaq. Bir dərsə, məktəbə görə uşağın şəxsiyyətini, psixikasını, sağlamlığını pozmağa dəyməz. Guya bütün qiymətlər yaxşı olanda nə oluri, nə dəyişir?
Məktəbdə baş verəcək hər dəyişikliyə hazır olmaq lazımdır. Həm məktəb, həm çətin dərslər, həm soyuq hava, həm evdə valideynlərin təzyiqi – buna uşaq orqanizmi dözməz, mütləq fəsadı olur.
 
AYGÜN MUSAYEVA
MEDİCİNA.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər